Bələdiyyə vergiləri və ödənişlər

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Yerli vergilər

Bələdiyyə vergiləri (yaxud yerli vergilər) AR Vergi Məcəlləsi ilə müəyyən edilmiş üç vergidən biridir, yerli büdcənin əsas gəlir mənbəyidir. Yerli büdcə bələdiyyənin özünüidarə prinsiplərini və səlahiyyətlərini həyata keçirmək məqsədi ilə formalaşdırılır və istifadə olunur.

Yerli vergilər:

  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi, habelə digər qanunvericilik aktları ilə müəyyən olunur;
  • yerli idarəetmə orqanlarının (bələdiyyələrin)  qərarları əsasında tətbiq edilir;
  • bələdiyyə ərazisində ödənilir.

Bələdiyyələr uyğun qanunlarla müəyyən edilən digər məcburi ödənişlər tətbiq edə  bilər. Bələdiyyə vergilərinin dərəcəsinin hədləri Vergi Məcəlləsində təsbit edilir. Bələdiyyə ərazisində yerli vergilərdən azadolma, vergi dərəcəsinin  azaldılması barədə qərar qəbul edilə bilər. Bu qərar vergi qanunvericiliyinin müddəaları ilə ziddiyyət təşkil etməməlidir.

Bələdiyyə orqanları yerli vergilərin, habelə ödənişlərin yığımı zamanı AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 04.11.2022-ci il tarixli 2217040101435800 nömrəli əmri ilə təsdiq edilmiş “Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı metodiki vəsait” əsasında aparılır.

Bələdiyyə vergilərinin tərkibi

Azərbaycan qanunvericilinə əsasən yerli idarəetmə yerli icra hakimiyyəti strukturları ilə yanaşı bələdiyyələr tərəfindən də həyata keçirilir. Yerli icra hakimiyyəti strukturları dövlət büdcəsi tərəfindən maliyyələşir. Müəyyən hüquqi, iqtisadi, sosial məsələlərin həllində iştirak edən bələdiyyələrin əsas maliyyələşmə mənbəyi bələdiyyə (yerli) vergiləridir.

AR Vergi Məcəlləsinin 8.1 maddəsinə görə bələdiyyə vergiləri  aşağıdakılardır.

  • fiziki şəxslərin torpaq vergisi (Məcəllənin 206.1-1-ci, 206.3-cü maddələrində nəzərdə tutulan hallar);
  • fiziki şəxslərin əmlak vergisi (Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulan hallar);
  • bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi.

Yerli ödənişlər

Yerli vergilərlə yanaşı yerli ödənişlər də bələdiyyə büdcəsini formalaşdıran əsas mənbədir. Bu ödənişlərə aşağıdakılar aiddir:

  • bələdiyyə mülkiyyətindəki daşınmaz əmlakın üzərində yerləşdirilən reklam daşıyıcısına görə ödənişlər;
  • bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi, icarəyə və istifadəyə verilməsi ilə bağlı daxilolmalar;
  • bələdiyyənin müəyyən etdiyi xüsusi torpaq sahələrində stasionar yaxud səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş;
  • bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort, habelə turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişlər;
  • bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqlarına görə ödəmələr;
  • bələdiyyə qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi yaxud müvəqqəti dayanacaqları üçün ödəniş.

Bələdiyyə vergiləri və ödənişlərdən başqa bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada yerli əhəmiyyətli proqramların maliyyələşdirilməsi üçün yerli rəy sorğusunun nəticəsinə əsasən hüquqi, habelə fiziki şəxslərin sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilən könüllü birdəfəlik ödənişlər tətbiq edə bilərlər. Bu ödənişlər yalnız təyinatı üzrə istifadə olunmalıdır.

Bələdiyyələrin vergi xidməti orqanı

Yerli vergi və ödənişlərin düzgün hesablanması, tam məbləğdə, vaxtında ödənilməsinə nəzarət məqsədi ilə  bələdiyyələrin qərarına əsasında onların icra aparatı strukturu tərkibində bələdiyyələrin vergi xidməti orqanı yaradılır. Onun fəaliyyəti 17.07.2003-cü il tarixli 478-IIQ nömrəli AR Qanunu ilə təsdiq olunmuş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə” ilə tənzimlənir.

Bələdiyyələrin vergi xidməti orqanı, bələdiyyə vergisinin yığımına  nəzarətlə yanaşı kameral və səyyar vergi yoxlamaları apara yaxud dövlət vergi orqanlarının keçirdiyi belə yoxlamalarda iştirak edə bilər. Bu AR Vergi Məcəlləsinin, mövcud digər qanunvericilik aktlarını müddəaları əsasında həyata keçirilir.


İdeyaları texnoloji həllərə çeviririk - Genity

Print Friendly, PDF & Email