Əsas vəsaitlər hansılardır?

posted in: Xəbər | 1
birbank biznes

Əsas vəsaitlər nədir?

Əsas vəsaitlər müəssisə tərəfindən məhsul istehsal etmək, xidmət göstərmək və ya iş görmək üçün istifadə edilən və onun mülkiyyətində olan maddi obyektləridir. Sadə dillə desək, mühasibat uçotunda əsas vəsaitlərə müəssisəyə məxsus binalar, torpaq, avadanlıq, nəqliyyat vasitələri və digər növ aktivlər daxildir.

İngilis dilli ədəbiyyatda, habelə respublikamızda da mühasibat uçotunun aparılması üçün əsas sayılan Mühasibat Hesablarının Beynəlxalq Standartlarında “Torpaq, tikili və avadanlıqlar” anlayışından istifadə edilir. Mühasibat Uçotunun Hesablar Planının “Uzunmüddətli aktivlər” bölməsinin 11-ci maddəsi belə aktivlər üzrə uçot hesablarını şərh edir.

AR Vergilər Məcəlləsində isə “Əsas vəsaitlər” anlayışına üstünlük verilib (VM, maddə 13.2.17). Qeyd edilənləri nəzərə alıb hər iki anlayışdan istifadə edəcəyik.

“Əsas vəsaitlər nədir?” sualına daha ətraflı cavabı burada tapmaq olar, qısa olaraq qeyd edək ki, obyektin belə aktivlərə aid edilməsi üçün o, müəyyən meyarlara cavab verməlidir, məsələn:

  • məhsulların istehsalında, xidmətlərin göstərilməsində və ya işlərin görülməsində istifadə edilir;
  • 12 aydan çox müddətə istifadə olunur;
  • satış üçün istifadə edilmir və istifadə edilə bilməz;
  • gəlir gətirir.

Mühasibin vəzifəsi bütün daxil olan torpaq, tikili və avadanlıqların uçotunu aparmaq və onlarla aparılan əməliyyatları əks etdirməkdir. Bu, həm də əsas vəsaitlər üzrə əmlak vergisinin düzgün hesablanması üçün vacibdir.

Torpaq, tikili və avadanlıqlara nələr daxildir?

Belə aktivlərə aşağıdakılar aiddir:

  • mühasibat uçotu subyektinin mülkiyyətində olan torpaq sahələri və tikililər;
  • mühasibat uçotu subyektinin sahib olduğu, habelə istehsal və xidmət prosesində iştirak edən bütün növ maşın və avadanlıqlar;
  • mühasibat uçotu subyektinin fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar əldə edilmiş nəqliyyat vasitələri;
  • digər torpaq, tikili və avadanlıqlar.

Tikililərin tərkib hissələri

AR Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”na əsasən müəssisənin mülkiyyətində olan tikililərin dəyəri:

  • binalar və onların struktur komponentləri;
  • qurğular (tikililər) və onların struktur komponentləri;
  • ötürücü qurğular və onların struktur komponentləri üzrə dəyəri əks etdirilir.

Binalara aşağıdakılar nümunə göstərilə bilər:

  • bütün növ istehsalat və təsərrüfat təyinatlı binalar (o cümlədən idarə heyətinin yerləşdiyi binalar);
  • sosial-mədəni obyektlər, xəstəxana, poliklinika binaları;
  • internat evləri, qocalar və əlillər evləri;
  • uşaq müəssisələri, kitabxana, muzey binaları;
  • elmi-tədqiqat institutları, laboratoriyalar;
  • sexlər və başqa istehsalat və təsərrüfatların yerləşdikləri bütün növ binalar.

Əsas vəsaitlərin digər qrupu olan qurğulara (tikintilərə) bunlar aiddir:

  • müəyyən texniki funksiyaları yerinə yetirən mühəndis-texniki obyektlər;
  • stadionlar, hovuzlar;
  • yollar, körpülər;
  • heykəllər;
  • binaların hasarları, suçıxaranlar;
  • ictimai bağlar, bağçalar;
  • bu kimi başqa qurğular.

Ötürücü qurğular

Ötürücü qurğular elektrikötürücülər və xətlər, transmissiyalar və boru kəmərləri və bunlara aid olan bütün növ aralıq avadanlıqları və qurğuları, bir sözlə, istehlakçıya çatdırılacaq enerji, maye və qaz halındakı məhsulların ötürülməsində iştirak edən bütün növ avadanlıqlar, qurğular (bu kimi ötürücü qurğuların və avadanlıqların yerləşdiyi binalardan başqa) aiddir.

Maşınlar və avadanlıqlar

Torpaq, tikili və avadanlıqların bu qrupuna güc maşınları və avadanlıqları, iş maşınları və avadanlıqları, ölçü cihazları, tənzimləyici cihazlar və qurğular, laboratoriya avadanlıqları, hesablama texnikası, tibbi avadanlıqlar və ayrı-ayrı qruplar üzrə başqa maşın və avadanlıqlar aiddir. Həmin əsas vəsaitləri təxminən aşağıdakı kimi qruplaşdırmaq olar:

  • güc maşınları və avadanlıqlar;
  • iş maşınları və avadanlıqları;
  • ölçü cihazları;
  • tənzimləyici cihazlar və qurğular;
  • laboratoriya avadanlıqları;
  • hesablama texnikası;
  • tibbi avadanlıqlar;
  • sair maşın və avadanlıqlar.

Nəqliyyat vasitələri

Əsas vəsaitlərin digər qrupu nəqliyyat vasitələridir. Yuxarıda qeyd edilən Qaydaların 12.7-ci maddəsinə görə mühasibat uçotu subyektinin fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar əldə edilmiş hava nəqliyyatı vasitələrinin, dəmiryol nəqliyyatı vasitələrinin, su nəqliyyatı vasitələrinin, xidmət nəqliyyatlarının, istehsalat nəqliyyatlarının, avtomobil nəqliyyatlarının və idman nəqliyyatlarının dəyəri ümumilikdə nəqliyyat vasitələrinin dəyərini təşkil edir.

Digər torpaq, tikili və avadanlıqlar

İstehsal və xidmət prosesində iştirak edən və digər torpaq, tikili və avadanlıqlar kimi xarakterizə olunan başqa bir qrupa ümumi təyinatlı mexanikləşdirilmiş və mexanikləşdirilməmiş əmək vasitələrini, iş vaxtı istehsalat əməliyyatlarının asan yerinə yetirilməsinə kömək etmək üçün nəzərdə tutulan istehsalat predmetlərini (iş stolları, verstaklar, kafedralar, partalar və başqaları), əməyin mühafizəsi üçün uyğunlaşdırılmış xüsusi avadanlıqları, dəftərxana və təsərrüfat inventarları (müxtəlif dəftərxana mebelləri, daşınan sədlər, asılqanlar, qarderoblar, müxtəlif şkaflar, divanlar, stollar, kreslolar, yanmayan şkaflar və yeşiklər), həmçinin yanğından mühafizə vasitələrini (hidropultlar, stendlər, əl nərdivanları və başqaları), təsərrüfat inventarlarını nümunə kimi göstərmək olar.

Əsas vəsaitlərin daha geniş tərkibi burada sadalanıb.

Əsas vəsaitlərə nələr aid deyil?

Torpaq, tikili və avadanlıqlara aid edilməyən aktivlərə aşağıdakı nümunələri göstərmək olar (16 saylı MUBS – IAS 16):

  • istehsal və ya ticarət təşkilatının anbarında yerləşən maddi aktivlər, satış üçün nəzərdə tutulan mallar və ya hazır məhsullar;
  • bar verən bitkilər istisna olmaqla, kənd təsərrüfatı fəaliyyətinə aid olan bioloji aktivlər (“Kənd təsərrüfatı” adlı 41 saylı MUBS). İAS 16 bar verən bitkilərə tətbiq olunur, lakin bar verən bitkilərdən alınan məhsullara tətbiq edilmir;
  • neft, təbii qaz və oxşar bərpa edilməyən ehtiyatlar kimi yeraltı sərvətlər və faydalı qazıntılardan istifadə hüquqları.

Əsas vəsaitlərin digər təsnifatları

İstifadə olunma dərəcəsinə görə:

  • istifadə olanlar;
  • ehtiyatda olanlar.

Mülkiyyət hüququ olması etibarilə:

  • öz mülkiyyətində olanlar;
  • digər müəssisələrdən icarəyə qəbul olunmuşlar.

Əsas vəsaitlərin dəyərlərinin istehsal olunmuş hazır məhsulların dəyərlərinə keçməsində iştirakına görə:

  • fəal xarakterli;
  • qeyri-fəal xarakterli.

İnventarizasiya

Müəssisədə müntəzəm olaraq torpaq, tikili və avadanlıqların inventarizasiyası aparılır. İnventarizasiya Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 16 iyul 2013-cü il Q-17 saylı qərarı ilə təsdiq edilmiş “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları” əsasında aparılır. Bu zaman həmin qaydaların 3-cü və 4-cü hissələrinin tələbləri diqqətdə saxlanmalıdır.

Mühasibat uçotunun təməl prinsipləri

Print Friendly, PDF & Email

  1. Elgiz
    |

    Damazlıq məhsuldar heyvanlarının yeni doğulmuş balalarının uçota götürülmə qaydaları