Əmək müqaviləsinin məzmunu

posted in: Xəbər | 0
birbank biznes

Əmək müqaviləsi nədir?

Kadr uçotunun əsas sənədi olan əmək müqaviləsi aşağıdakı şəxslər arasında bağlanır:

  • işçi (iş yerində çalışan fiziki şəxs);
  • işəgötürən (müdiriyyәt, müəssisənin rəhbəri).

Bu müqavilə müəssisə, yaxud təşkilatlarda işəgötürənlə  işçi arasındakı əmək münasibətlərini rəsmiləşdirən yeganə sənəddir. Bu sənəddə işçi və işəgötürənin əsas hüquq və vəzifələri əks olunur. Əmək müqaviləsi vasitəsilə işəgötürən işçini işlə təmin edir, ona görə əməkhaqqı ödəyir. Bunun müqabilində işçi:

  • səmərəli işləməyi;
  • iş qrafiki qaydalarına əməl etməyi;
  • öz vəzifələrini yerinə yetirməyi bir  öhdəlik  kimi  öz üzərinə  götürür.

Bu sənəd əmək münasibətlərində ortaya cıxacaq hər hansı bir problemin həlli üçün hüquqi əsas yaradır. Müqavilə hər iki tərəfin razılığı ilə yazılı formada iki nüsxədən az olmamaqla bağlanır, yəni bunun üçün heç bir məcburiyyət olmamalıdır.

“Əmək müqaviləsi nədir?” sualına daha ətraflı cavabı buradan ala bilərsiniz.

Əmək müqaviləsinin məzmunu

Bu müqavilə işçi və işəgötürən arasındakı münasibətləri tənzimləyir. Onun məzmunu tərəflərin razılaşdığı müqavilə şərtlərindən ibarətdir. Müqavilənin məzmunu qanuni olmalı, yəni qanunla müəyyən edilmiş bütün tələblərə uyğun gəlməlidir. O, həmçinin tərəflərin əldə etdikləri razılıq əsasında görülən işə dair bütün mümkün ziddiyyətləri həll edə bilməsi üçün kifayət qədər dolğun olmalıdır.

Əmək Məcəlləsində hər hansı şərt və ya hal nəzərdə tutulmadıqda, onun şərtlərini tərəflərdən biri dəyişə bilməz. Məcəlləyə əsasən  müqavilədə işəgötürən üzrə tələb olunan məlumatlar aşağıdakı şəkildə verilib:

Əmək müqaviləsi tərtib edilərkən Hüquqi şəxs üzrə VÖEN, fiziki şəxslər üzrə habelə şəxsiyyət vəsiqəsi məlumatları lazımdır

İşçi üzrə məlumatlar sonrakı emal üçün kadr uçotu mütəxəssisi tərəfindən belə qruplaşdırılır:

  • soyad, ad, ata adı, şəxsiyyəti təsdiq edən sənəd üzrə məlumatlar;
  • iş yeri, vəzifəsi;
  • əsas iş yeridir yoxsa əlavə;
  • əmək funksiyaları;
  • sosial sığorta qeydiyyatının nömrəsi;
  • əmək şəraiti üzrə şərtlər;
  • imzalanma və işə başlama tarixi;
  • müqavilə üzrə müəyyən edilmiş müddət;
  • müqavilə üzrə tərəflərin öhdəlikləri;
  • idman, reabilitasiya, idman-sağlamlıq turizmi, peşəkar-tətbiqi məşqlərlə məşğul ola bilməsi üçün şəraitin yaradılması;
  • digər məlumatlar.

Göstərilən şərtlər və məlumatlar məcburidir. Hər iki tərəf bu şərtlər barədə razılığa gəldikdə artıq müqavilə  bağlanmış hesab olunur. Lakin bu şərtlərdən istənilən biri müqaviləyə daxil edilməyə bilər. Belə faktlar aşkar edildikdə, müqavilə tərəflərdən birinin istəyi ilə etibarsiz sayıla bilər və işəgötürən onların əmək müqaviləsinə əlavə edilməsini təmin etməyə borcludur. Bu zaman müqavilə bağlandığı tarixdən etibarlı hesab edilir. İşəgötürənlər pozuntulara görə cərimələnə bilər. İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsində əmək qanunvericiliyinin pozulmasına görə cərimələr müəyyən edilib.

Məcburi şərtlərlə yanaşı, tərəflər onun məzmununa əlavə şərtlər də daxil edə bilərlər. Belə əlavə şərtlərə:

  • sınaq müddəti;
  • məxfilik;
  • əlavə öhdəliklər və sairi göstərmək olar.

Əlavə şərtlər işçinin vəziyyətini  əmək qanunvericiliyi ilə müqayisədə pisləşdirməməli, müqavilə bağlanan andan xitam verilən ana qədər işçi üçün təyin edilən hüquqların və təminatların səviyyəsi azaldılmamalıdır.

Müqavilə bağlanan zaman işçiyə:

  • vəzifə təlimatları;
  • daxili nizam intizam və əməyin mühafizəsi qaydaları;
  • kommersiya sirri;
  • digər təlimatlar barədə məlumatlar verilməlidir.

Müqavilə üzrə öhdəliklərin üçüncü şəxsə həvalə olunması yolverilməzdir. İşçi müəyyən olunmuş əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsini təmin etməlidir.

Əgər tərəflərdən biri digərinin əmlakına,  istehsal, kommersiya maraqlarına zərər vurmuş olarsa, qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyətə cəlb olunmalıdır. Bir çox hallarda işəgötürən əmək müqaviləsi bağlayarkən əlavə olaraq tam maddi məsuliyyət haqqında da müqavilə imzalayır.

Mühasiblər əmək müqaviləsində hansı məlumatlara diqqət etməlidir? 

Əmək müqaviləsi özündə işçi və işəgötürən arasında bütün əmək münasibətlərini tənzimləyir. Bu münasibətlərin bəziləri mühasibatlığın səlahiyyət dairəsinə aid deyil və mühasiblər üçün maraqlı deyil.

Bəs mühasiblər əmək müqaviləsində daha çox hansı məlumatlara diqqət etməlidir? Buraya aşağıdakıları aid etmək olar:

  • işçinin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatlar;
  • sosial sığorta qeydiyyatının nömrəsi;
  • işə başlama tarixi, müqavilənin müddəti;
  • əməkhaqqı, mükafat sistemi haqqında məlumatlar, onların ödəniş qaydası.

Bu məlumatlar əsasən müqavilənin 1 və 2-ci paraqraflarında, 4-cü paraqrafın 4.1-4.8 maddələrində öz əksini tapıb.

Mühasiblər və kadr uçotu mütəxəssisləri əmək müqaviləsinin (kontraktın) nümunəvi forması ilə Əmək Məcəlləsində tanış ola bilərlər.


Print Friendly, PDF & Email