Əmək müqaviləsinin tərəfləri

posted in: Xəbər | 0
birbank biznes

Əmək müqaviləsinin tərəfləri kimlərdir?

Biz “Əmək müqaviləsi nədir?” sualını cavablandırmışıq. İndi həmin müqavilənin tərəfləri haqqında danışaq. Əmək müqaviləsi ikitərəfli müqavilədir, tərəfləri isə işçi və işəgötürəndir.

İşçi – əmək funksiyalarını həyata keçirmək üçün işəgötürən tərəfindən əvəzi ödənilmək şərtilə işə götürülən fiziki şəxsdir.

İşəgötürən – işçi ilə əmək münasibətlərinə girmiş hüquqi şəxs (müəssisə və təşkilatlar) və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir.

Əmək müqaviləsinin tərəfləri, onların hüquq və vəzifələri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

Müqavilə tərəflərin razılığı ilə sərbəst bağlanır, bunun üçün heç bir məcburiyyət ola bilməz. Hər bir kəs sərbəst olaraq iş yeri müəyyən etmək, hər hansı bir fəaliyyət növü ilə məşğul olmaq hüququna malikdir. Müqavilə ən azı 2 nüsxədə tərtib edilərək təsdiqlənir, bir nüsxə işçiyə, digəri isə işəgötürənə verilir.

Tərəflər arasında münasibətlərdə sabitlik, eləcə də təhlükəsizlik olması üçün bu sənəd vacibdir. İşəgötürən əmin ola bilər ki, əmək müqaviləsi qüvvədə olduğu müddətdə onun müəssisəsində kimsə işləyəcək. Üstəlik, bu şəxs iş üçün lazım olan təhsilə, ixtisasa, bacarıqlara malikdir. İşçi əmin ola bilər ki, o, əmək müqaviləsi əsasında razılaşdırılmış əməkhaqqını, işini, həmçinin istirahətini ardıcıl, qanun normalarına uyğun olaraq alacaq. İşçi olaraq həm AR vətəndaşları, həm də əcnəbilər, vətəndaşlığı olmayan şəxslər çıxış edə bilər.

Əmək müqaviləsini bağlayarkən yaşa diqqət etmək lazımdır.

15 yaşına çatmayan şəxslər əmək müqaviləsi bağlaya bilməz. 15-18 yaş arası bağlanan müqavilədə valideyn yaxud qəyyumun razılığı lazımdır.

Bundan əlavə əmək müqaviləsini bağlamaq üçün işəgötürənin tam fəaliyyət qabiliyyəti olmalıdır. Əks təqdirdə müqavilə bağlana bilməz. İstisna halları (Mülki Məcəllə 28-ci maddə) şərti ilə 18 yaşı tamam olmayan şəxs tam fəaliyyət qabiliyyətli hesab olunmur. işəgötürən tərəfindən işçinin əməyinin təşkil edilməsi və onun öz öhdəliklərini həyata keçirməsi üçün sağlam əmək şəraiti yaradılması zəruridir. İşəgötürən kimi müəssəsisənin mülkiyyətçisi və ya müəssisənin rəhbəri, təyin edilən səlahiyyətli orqan çıxış edə bilər.

Tərəflərin  vəzifə və hüquqları

Müqavilənin məzmunu tərəflərin qanunvericiliyə əsasən razılaşdığı şərtlərdən ibarətdir. Əmək müqaviləsinin məzmunu burada ətraflı şərh edilib. Müqavilə bağlanan zaman tərəflərə vəzifə və hüquqları, başqa təlimatlar haqqında məlumatlar verilməlidir.

ƏM-nin 10-cu maddəsinə əsasən müqavilə üzrə işçinin əsas vəzifələri:

  • əmək funksiyasını yerinə yetirmək;
  • əmək intizamı və daxili qaydalara, əmək qanunvericiliyinə əməl etmək;
  • təhlükəsizlik qaydalarına riayət, kommersiya sirrini qorumaq;
  • qarşı tərəfə dəyən ziyana görə məsuliyyət;
  • digər işçilərin hüquqlarını pozmamaq;
  • məhkəmənin verdiyi qərarlara riayət etmək və s.

ƏM-də 12-ci maddəyə görə işəgötürənin üzərinə düşən vəzifələr:

  • müqavilə şərtlərini həyata keçirmək;
  • müqaviləyə xitam verərkən ƏM-nin tələblərinə əməl etmək;
  • məhkəmə qərarlarına əməl etmək;
  • qarşı tərəfin şikayətlərini qanunauyğun şəkildə nəzərdən keçirmək;
  • əmək şəraitinin yaxşılaşdırılması, peşə hazırlığı və ixtisasın artırılması üçün şərait yaratmaq;
  • müqavilə bildirişini elektron sistemə daxil etmək və s.

İşəgötürən öhdəlikləri yerinə yetirmədikdə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb olunur.

Tələb olunan sənədlər

Müqavilə bağlayan zaman işçidən  aşağıdakı sənədlər tələb olunur:

  • şəxsiyyət vəsiqəsi;
  • əmək kitabçası;
  • təhsil haqqında sənəd;
  • sağlamlıq barədə tibbi arayışı.

Yaşadığı yer üzrə qeydiyyat barədə sənədin təqdim edilməsi şərt deyil!

Qeyd olunanlar barədə ətraflı məlumatı buradan ala bilərsiniz.

İşçi əmək vəzifələrini yerinə yetirməyə  müqavilə bağlandıqdan və hüquqi qüvvəyə mindikdən sonra başlayır. Həmin sənəd üzrə öhdəliklərin üçüncü şəxsə həvalə olunması yolverilməzdir. İşçi müəyyən olunmuş əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsini təmin etməlidir.  Müqavilə yazılı şəkildə qanunvericiliklə müəyyən olunmuş nümunəvi formaya uyğun tərtib olunur. Burada əmək müqaviləsinin forması haqqında məlumat əldə etmək olar. Sənəddə hər hansı dəyişiklik tərəflərin istəyinə əsasən həyata kecirilir. Birtərəfli qaydada edilmiş dəyişikliklər  hüquqı cəhətdən əsassızdır.  Əgər edilən hər hansı bir dəyişiklik həcmcə çoxdursa, müqavilə yenidən yazılmalıdır. Yaxud da həmin dəyişiklikləri ayrılıqda yazıb təsdiq etmək lazımdır.


 

Print Friendly, PDF & Email