Əsas və əlavə məzuniyyətlərin cəmlənməsi

posted in: Xəbər | 0
birbank biznes

Əmək məzuniyyətinin növləri

İşçinin işlədiyi iş yerini, vəzifəsini saxlamaqla iş günləri ərzində müvəqqəti işdən uzaqlaşması məzuniyyət adlanır. Belə uzaqlaşma işçinin Konstitusiya ilə təsbit edilmiş hüququdur. İşçinin işəgötürənlə əmək münasibətlərində olması, onun bu hüquqdan istifadəsi üçün əsas şərtidir. İşçiyə ildə bir dəfədən az olmayaraq, əsas və əlavə kimi iki hissədən ibarət ödənişli əmək məzuniyyəti verilir. Bu zaman məzuniyyətlərin cəmlənməsi mümkündür.

Əsas məzuniyyət ən çox istifadə edilir, minimum müddəti 21 təqvim günüdür. Aşağıdakı xüsusiyyətlər nəzərə alınaraq işçilərə əlavə məzuniyyətlər də təyin edilir:

  • iş şəraiti;
  • əmək funksiyası;
  • əmək stajı;
  • uşaqlı qadınlar.

Əsas və əlavə məzuniyyətlərin cəmlənməsi

Məzuniyyətlərin cəmlənməsi qaydaları Əmək Məcəlləsinin 136-cı maddəsi ilə tənzimlənir. Həmin maddənin birinci hissəsinə görə, işçiyə ödənişli əsaslarla verilən əmək məzuniyyətinin  21, yaxud 30 günlük müddəti yalnız aşağıdakı əlavə məzuniyyətlərlə toplanır:

  • əmək şəraiti və funksiyasına görə verilən minimum 6 günlük məzuniyyət;
  • əmək stajına görə verilən 2-6 günlük məzuniyyət;

Uşaqlı qadınlara verilən əlavə məzuniyyətlər əsas məzuniyyətlə cəmlənməməlidir.

Gəlin, bir nümunəyə nəzər yetirək:

Nümunə 1:

Sual: “A” MMC-də mühasib vəzifəsində çalışan Leylanın ümumi stajı 7 ildir. Onun məzuniyyətdən istifadə müddəti nə qədər olacaq?

Cavab: Leylaya mühasib vəzifəsində çalışdığına görə ƏM-nin 114.3-cü maddəsinin b) bəndinə görə müəssisənin mütəxəssisi kimi 30 gün müddətində əsas məzuniyyət təyin edilir. 7 illikstajı da nəzərə alsaq Leylanın əmək məzuniyyəti iki təqvim günü qədər artır. Məzuniyyətlərin cəmlənməsi nəticəsində Leylanın 32 gün məzuniyyət hüququ olacaq.

Məzuniyyətlərin birləşdirilmə qaydası

Qeyd etdiyimiz kimi, işçinin əsas məzuniyyətlə yanaşı əlavə məzuniyyət hüququ da var. İşçilərin əmək şəraitinə görə əlavə məzuniyyət hüququ həmin fəaliyyət sahəsində ən azı 6 ay işlədikdə  yaranmış olur. İş stajına görə əlavə məzuniyyətlər isə işçilərin bütövlükdə malik olduğu staja əsasən təyin edilir. Qanunvericiliyə əsasən həm iş şəraiti xüsusiyyətlərinə, həm də staja görə əlavə məzuniyyətlərin müddəti əsas məzuniyyətlə birləşdirilərək verilməlidir.

Əgər işçinin iki və daha çox əlavə məzuniyyətdən istifadə hüququ olarsa, müddəti daha çox olan əsas məzuniyyətə əlavə edilməlidir (ƏM, 136.2-ci maddəsi).

Nümunə 2:

Sual: “A” MMC-də elektrovoz maşinisti vəzifəsində çalışan Elvinin ümumi iş stajı 7 ildir. Onun məzuniyyətinin müddəti nə qədər olacaq?

Cavab: Bu zaman Elvinə ƏM-nin 115-ci maddəsinə görə ağır şəraitli, yüksək fiziki gərginlikli işi olduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 92 saylı qərarına uyğun olaraq, 12 gün əlavə məzuniyyət hesablanır.

Elvinin 7 illik stajını da nəzərə alsaq, onun 2 gün əlavə məzuniyyət götürmək şansı yaranır. Lakin ƏM-nin 136.2 maddəsinə görə Elvinin cəmlənmiş əmək məzuniyyəti 42 gündən ibarət olacaq, çünki məzuniyyətlərin cəmlənməsi zamanı gün sayı daha çox olan əlavə məzuniyyəti nəzərə alınır.

İşçi  məzuniyyət hüququndan istifadə etmədikdə, onun istəyi ilə istifadə olunmayan əmək məzuniyyəti pul kompensasiyasi ilə əvəzlənə bilər. Lakin müqaviləyə xitam verildikdə kompensasiya yalnız istifadə olunmayan əsas məzuniyyətlər üçün ödənilir. Bu zaman ƏM-nin 115, 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə  pul əvəzi verilmir.


Print Friendly, PDF & Email