Əmək müqaviləsinin forması

posted in: Xəbər | 0
birbank biznes

Əmək müqaviləsi nədir, onu kim bağlayır?

İşəgötürənlə işçi arasında münasibətləri rəsmiləşdirmək üçün müəssisə, yaxud təşkilatlarda, onların kadr uçotu mütəxəssisləri tərəfindən əmək müqaviləsi tərtib edilir. Nümunəvi əmək müqaviləsinin forması  Əmək Məcəlləsində verilib. Əmək müqaviləsi vasitəsilə işəgötürən işçini işlə təmin edir, ona görə əməkhaqqı ödəyir. Bunun müqabilində işçi:

  • səmərəli işləməyi,
  • iş qrafiki qaydalarına əməl etməyi,
  • vəzifələrini yerinə yetirməyi öhdəsinə götürür.

İşçi və işəgötürənin fərdi qaydada, nümunəvi əmək müqaviləsi formasına uyğun razılaşma, onların hüquqlarını və vəzifə öhdəliklərini şərh edir.

Əmək müqavisinin tərəfləri işçi (fiziki şəxs) və işəgötürəndir (müdriyyət, müəssisənin rəhbəri)

Əmək müqaviləsi haqqında daha ətraflı buradan məlumat almaq olar.

Əmək müqaviləsinin forması

Müqavilənin məzmunu tərəflərin hüquq və vəzifələrini müəyyən edən şərtlərdən ibarətdir. Bu sənəd iki tərəfin razılığı ilə nümunəvi əmək müqaviləsinin forması əsasında sərbəst bağlanır, yəni bunun üçün heç bir məcburiyyət yoxdur. Razılaşma yazılı formada, nümunəvi əmək müqaviləsi forması əsasında tərtib edilir. Sonda  isə müqavilə ən azı 2 nüsxədə çıxarılıb hər iki şəxsə – işçi, habelə işəgötürənə verilir. İşəgötürəndə saxlanılan əmək müqaviləsinin surəti işçinin imzası ilə təsdiqlənməlidir. Bəzi hallarda əmək müqavilələrinin daha çox nüsxəsini tərtib etmək lazım gələ bilər. Əmək Məcəlləsinin  44-cü maddəsində də “2 nüsxədən az olmayaraq tərtib edilə bilər” yazılıb. Bu o deməkdir ki, ən azı 2 nüsxəsi olmalıdır,  yəni çox olsa qanunazidd deyil. Məsələn, elə müəssisə ola bilər ki, 3 nüsxədə çıxardıla bilər. Həmin nüsxələr:

  • işçiyə;
  • insan resursları;
  • mühasibatlıq şöbəsinə verilə bilər.

Bəzən insanlar elə düşünür ki, əgər əmək müqaviləsinin elektron forması varsa, elektron olaraq qeydiyyatdan keçirilibsə, yazılı olaraq bağlamağa ehtiyac qalmır. Ancaq bu qanuna ziddir. Müqavilə əmək münasibətlərini rəsmiləşdirən sənəddir. Buna görə də yazılı formada hazırlanması zəruridir. Müqavilə imzalandığı gündən qüvvəyə minir. Əgər işçi işəgötürən tərəfindən müqaviləsiz işə qəbul olunmuşsa, müqavilə onun işdə olduğu gündən bağlanmış sayılır, ən gec 3 gün ərzində sənəd hazırlanmalıdır.

Nümunəvi əmək müqaviləsi forması Əmək Məcəlləsinə əlavə olunub.

Əmək müqaviləsinin tərkibi

Nümunəvi əmək müqaviləsinin forması 11 paraqrafdan ibarətdir. Həmin bölmələrdə qeyd olunan məlumatlar aşağıdakılardır:

  • Müqaviləni (kontraktı) bağlayan tərəflər haqqında məlumatlar

İşçinin məlumatları onun şəxsiyyət vəsiqəsi əsasında doldurulur. İşəgötürənin adı, ünvanı, eyni zamanda işçinin vəzifəsi, habelə işlədiyi struktur bölmə haqqında məlumatlar müqavilədə qeyd olunmalıdır.

  • Müqavilənin müddəti

Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən müddətsiz yaxud müddətli olmaqla 5 ilədək tərtib edilir. İkinci halda müddət 5 ildən artlq ola bilməz, əks halda belə müqavilə müddətsiz kimi qəbul olunur.

  • İşçinin əmək funksiyası

Bölmə müqavilənin ən mühüm hissəsi sayılır. Əmək funksiyası dedikdə müqavilə üzrə işçinin yerinə yetirilməli olduğu işlər başa düşülür. Bu funksiyaları dəyişmək yaxud onlara əlavələr etmək üçün tərəflərin razılığı vacibdir.

  • Əmək şəraitinin şərtləri

Müqavilədə əməkhaqqı, ona əlavələr, iş və istirahət müddəti, əməyin mühafizəsi, məzuniyyət  kimi şərtlər qeyd olunmalıdır.

  • Vurulmuş ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti

Tərəflərdən biri digərinə əmlaka, maddi, istehsal, digər ziyan vurmuş olarsa, qanunvericilikdə müəyyən olunmuş qaydalara əsasən məsuliyyətə cəlb olunmalıdır.

  • Sosial müdafiə məsələləri

İşçi müxtəlif güzəştlər, sosial yardım və təminatlar, sosial sığorta hüququ ilə təmin edilməlidir.

  • Mülkiyyət münasibətlərinin tənzimlənməsi

İş prosesi zamanı işəgötürənin mülkiyyətindəki əmək vasitələrindən, eyni zamanda işçinin şəxsi vəsaitlərindən istifadə olunur. Həmin əmlakın qorunması barədə razılaşmalar müqavilənin bu bölməsində əks olunur.

  • Dəyişikliklər və əlavələrin edilməsi barədə məlumatlar

   Müqavilədə hər hansı dəyişiklik etmək üçün  hər iki tərəfin  razılığı vacibdir. Birtərəfli qaydada edilmiş dəyişikliklər  hüquqi cəhətdən əsassızdır.

  • Müqaviləyə xitam verilməsi

Sənədin ləğvi əmək münasibətlərinin bitməsini bildirir. Müqaviləyə xitam verilməsi Əmək Məcəlləsinə əsasən tərəflərdən birinin istəyinə uyğun həyata keçirilir. Belə olduqda  işçi yaxud işəgötürənin  qabaqcadan xəbərdarlıq edilməsi zəruridir.

  • Yekun qaydalar

Müqavilə tərəflərin hüquqları pozulmadan, onların arasında mümkün  əmək mübahisələrinin qarşılıqlı razılıq yolu ilə həllinin təminatıdır.  Müqavilədə qeyd olunan öhdəlikləri üçüncü şəxslərə həvalə etmək olmaz.

  • Tərəflərin imzaları və ünvanları

Nümunəvi əmək müqaviləsi forması  əsasında tərtib edilən razılaşma tərəflərin imzası(möhürü) ilə təsdiqlənməlidir.


Print Friendly, PDF & Email