Aksiz nədir, hansı məqsədlə tətbiq edilir?

posted in: Xəbər | 0
birbank biznes

Aksizlərin tətbiq məqsədi

“Aksiz vergisi nədir?” sualı Azərbaycan Respublikası Vergi Məcəlləsinin XII fəslində şərh edilir. Bu fəsildə dolayı vergi növü kimi aksizlərin tətbiq sahəsi, vergi dərəcəsi, vergitutma obyekti, onun təyin olunması kimi digər əsas elementlər əks olunub. Aksiz – müəyyən kateqoriya, adətən yüksək gəlirli istehlak məhsulları üçün (məsələn, alkoqol, tütün, dəbdəbəli mallar, qiymətli metallar) təyin edilən ən çox yayılmış dolayı vergilərdən biridir.

Aksiz vergisi 2023-cü ildə də öz mahiyyətini saxlayıb, yəni əmtəə istehsalçılarından və ya idxalçılardan tutulur, amma müvafiq xərc maddəsi kimi  aksizli malların satış qiymətinə daxil edilir. Alıcıları onu avtomatik, demək olar ki, fərqinə varmadan ödəyir, yəni, faktiki olaraq aksizlərin ödənişini alıcılar həyata keçirir. Bu səbəbdən onu dolayı vergi növünə aid edirlər.

Əlavə dəyər vergisi (ƏDV) eyni prinsiplə tutulur, lakin sonuncunun məbləği alıcının satış nöqtələrində aldığı çekdə görünürsə də, aksiz vergisi ayrıca sətir kimi ayrılmır və bəzən alışın dəyərini nə qədər artırdığını başa düşmək çətindir.

Beləliklə:

  • formal olaraq aksiz vergisini  ödəyiciləri aksizli mal istehsal edən, ya da satışını həyata keçirən müəssisələrdir;
  • faktiki olaraq isə, aksizlər  malın istehlakçıları tərifindən ödənilir,  çünki o, əmtəənin qiymətinə daxil edilir.

Bu vergi növü yüksək rentabelli məhsul istehsalından əldə edilən əlavə mənfəətin bir hissəsinin dövlət büdcəsinə tutulması məqsədilə müəyyən edilir. İqtisadi mahiyyətinə görə aksizlər:

  • bir tərəfdən yüksək rentabelli məhsul istehsalından əldə edilən əlavə mənfəətin bir hissəsinin dövlət büdcəsinə tutulması;
  • digər tərəfdən isə sosial cəhətdən zərərli malların istehlakının məhdudlaşdırılması məqsədilə tətbiq edilir.

Vergilər haqqında daha çox məlumat almaq üçün “Accounting.Az” konsaltinq şirkətinin vergi konsultasiyası xidmətinə müraciət edin


Aksizlər ilk dəfə hansı ölkələrdə tətbiq edilib ? 

Aksiz vergisi 2023-cü ilə qədər keçən dövrdə nəzəri cəhətdən kifayət qədər inkişaf edib. Bəs tətbiqinin ilkin mərhələsində, dolayı vergilərin nəzəri cəhətdən dərk olunmağa başlandığı 17-ci əsrdə maliyyəçilər “Aksziz vergisi nədir?” sualını necə cavablayırdılar? 1666-cı ildə F.Demezon (fransız iqtisadçısı) aksizin vergitutmada əhəmiyyətini belə qeyd edirdi: “…təkcə aksiz bütün vergilərin gətirdiyi qədər və ondan da çox fayda gətirə bilər…”

Vergitutma prosesində mövcud bir sıra problemlər həmişə dövrün fikir sahiblərinin – iqtisadçı, filosof, dövlət xadimlərinin dıqqət mərkəzində olub. Əmək dəyər nəzəriyyəsinin müəllifi, nüfuzlu ingilis iqtisadçısı U.Petti (1623-1687)   vergitutmanın üstünlüklərindən «Vergilər və yığımlar haqqında» traktatında bəhs etmişdi. Xüsusən də aksizlərin üstün cəhətləri barədə aşağıdakıları qeyd edib (şəkil 1):

İngilis iqtisadçısı U.Petti (1623-1687) «Vergilər və yığımlar haqqında» aksiz vergisi haqqında

Vergitutmada nəzəriyyə ilə birlikdə təcrübə də təkmilləşirdi. 1969-cu il Fransada nazir kimi çalışan Abbat Terre dolayı vergiləri daha rahat vergi hesab edir, belə vergilərin diferensiallaşdırılmasını təklif edirdi:  “İlkin tələbat malları (taxıl) vergidən azad olunmalıdır, heyvanlar çox cüzi vergiyə cəlb olunmalıdır, çaxır nisbətən çox, kobud parçalar çox az, zinət əşyaları çox yüksək və s.”

Tarixi mənbələrdə aksizlərin İlk dəfə Fransada, 1345-ci il ildə kral VI Filipp tərəfindən duz, çaxır, araq məhsullarına tətbiq olunduğu qeyd edilir. Maraqlıdır ki, aksiz vergisi 2023-cü ildə də, uzun müddət keçməsinə baxmayaraq, həmin məhsullardan bir çoxuna tətbiq edilməkdədir.

Amma, tarixi mənblərə görə, bu vergi növündən Qədim Romada da istifadə olunub. O dövrdə mövcud olan rüsumlar və vergilər sadə insanlar üçün çətin başa düşülür, ödənişlərin yığılmasında, nəzarətində çətinliklər yaranırdı. Bu vəziyyət əlavə inzibati xərclər olmadan imperiya xəzinəsinin sabit şəkildə doldurulmasına zəmanət verəcək sadə yığımlara ehtiyac yaratdı.

Aksiz vergisi öz adını yığılan verginin mahiyyətindən aldı. Mahiyyətcə bu, əldə edilmiş əmlakın bir hissəsinin pul ifadəsində dövlət tərəfindən alınması idi – “mən özüm üçün götürdüm, bir parça da dövlət üçün kəsdim” (latınca “accido” sözü “kəsmişəm” deməkdir).

Dolayı vergilər Avropada daha çox orta əsrlərdən geniş yayılmağa başladı. Çox vaxt onlar istehlak mallarına yaxud xidmətlərə tətbiq edilirdi. 17-ci əsrin ortalarında İngiltərədə spirtə ilk aksizlər tətbiq edildi.

Təxminən eyni vaxtda Rusiyada məhsulların qiymətini artıran oxşar vergi əlavələri meydana çıxdı. Uzun müddət bu insanların “zövq üçün” aldıqları əmtəələrdən – spirt, tütün, bal, ədviyyatlardan tutulurdu. XX əsrin 90-cı illərdə bu siyahıya şokolad, dəri, xəz, büllur, çini, qiymətli metallar, kürü və balıq delikatesləri də daxil edildi.

Hazırda da geniş şəkildə yığılan bu vergi hər məhsula deyil, müəyyən kateqoriyaya aid edilir. Bu da aksiz vergisini digər vergilərdən fərqləndirir.

Azərbaycanda aksiz vergilərinin tətbiq xüsusiyyətləri hansılardır?

Azərbaycan vergi qanunvericiliyində aksizli malların siyahısı verilib. Aksizi dərəcələri demək olar ki, hər il dəyişir. Bu da təbiidir,  belə ki, dəyişən şəraitə uyğun olaraq ölkə onu  iqtisadi tənzimləmə və fiskal alət kimi istifadə edir.

Aşağıdakı şəkildə aksizin Azərbaycan vergi sistemində tətbiqinin qısa tarixi icmalı verilib (şəkil 2):

Aksiz vergisi Azərbaycan vergi sistemində 01.01.1992-ci ildən tətbiq olunur

Aksiz vergisinin dolayı vergi olması (idxal zamanı ödənilən aksiz istisna olmaqla) onun əvəzləşdirilməsi mexanizmini inkişaf etdirməyə kömək olur. Bu məqsədlə, əlavə dəyər vergisində olduğu kimi, onun da əvəzləşdirməsi mexanizmi işlənib hazırlanmışdır. İstehsalçının aksizli malın istehsalı üçün aldığı xammallara görə ödədiyi aksiz vergisini əvəzləşdirmək hüququ var (Vergi Məcəlləsi, maddə 189). Çünki nəzəri olaraq belə malları  istehsal edən şəxs aksiz vergisi ödəyicisi olsa da, faktiki olaraq o, istehlakçıdan tutulur. Aksizli mallara daxili istehsal üzrə vergi orqanları, idxalına isə gömrük orqanlarına nəzarət edir.   


Print Friendly, PDF & Email