Aksiz markalarının hazırlanması və tətbiqi qaydaları təsdiq edilib

posted in: Xəbər | 0

Aksiz markalarının hazırlanması, aksiz markası,Nazirlər Kabineti “Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların siyahısı, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması Qaydaları”nı təsdiqləyib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

“Məlum olduğu kimi, dövlət tərəfindən kölgə iqtisadiyyatının miqyasının azaldılması, sahibkarlıq subyektlərinin şəffaf şəkildə fəaliyyət göstərməsi, habelə qanunsuz sahibkarlıqla mübarizə tədbirləri davamlı və ardıcıl olaraq həyata keçirilir. Həyata keçirilən bu tədbirlər müasir dövrdə informasiya texnologiyalarının aktiv şəkildə tətbiqini zəruri etmişdir.

Bu məqsədlə İqtisadiyyat Nazirli yanında Dövlət Vergi Xidməti tərəfindən Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) sistemi yaradılmış və tətbiqin bu sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.

Biznes hesabi

Belə ki, Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) sisteminin tətbiqi istehsaldan və idxaldan son istehlakçıyadək olan bütün dəyər zənciri üzrə aksiz markası ilə markalanmalı malların dövriyyəsinə nəzarəti həyata keçirməyə imkan verir ki, bu da öz növbəsində kölgə iqtisadiyyatının aradan qaldırılmasında, aksizli malların və aksiz markalarının saxtalaşdırılmasının qarşısının alınması ilə yanaşı istehlakçıların hüquqlarının qorunmasında da mühüm rola malikdir.

“Təqib və İzləmə” Sistemi dünyanın bir çox ölkələrində müəssisə və təşkilatlar üçün strateji prioritetə çevrilmişdir. Belə ki, qeyd edilən Sistem təchizat zəncirlərinin təhlükəsizliyini və etibarlılığını yüksəldən həlləri işləyib hazırlamağa, rəqabətə davamlı mövqedə qalmağa imkan verir”, – deyə hökumət bəyan edib.

Qərara əsasən, Vergi Məcəlləsinin 190-cı maddəsində nəzərdə tutulmuş aşağıdakı mallar (qablaşdırılmamış halda olan mallar istisna olmaqla) forması bu Qaydalara Əlavə ilə müəyyən olunmuş müvafiq marka ilə markalanır:

  • içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti);
  • araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, konyak və konyak materialları, şampan şərabı, likör və likör məmulatları;
  • şərab və şərab materialları;
  • pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli içkilər, energetik içkilər və tündləşdirilməmiş alkoqollu içkilər (tərkibindəki spirtin miqdarı 9 faizdən çox olmayan);
  • tütün məmulatları;
  • elektron siqaretlər üçün maye;
  • istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri;
  • qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları;
  • birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri.

Mənbə: report.az