211 saylı “Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları” hesabı üzrə uçot

posted in: Xəbər | 0
birbank biznes

Debitor borc nədir?

Debitor borclar – şirkətin və ya fərdi sahibkarın digər təşkilatlara, sahibkarlara, podratçılara, işçilərə, istehlakçılara və dövlətə borclu olduğu pul, mal və xidmətlərdir. Bu, şirkətin qazandığı və ya əldə etdiyi, lakin hesablarında və ya anbarlarında hələ də almadığı hər şeydir. Borcu verən şəxs debitor, borcu olan isə kreditor adlanır.

Bir şirkətin maliyyə sabitliyi borcların nə qədər tez ödənilməsindən çox asılıdır. Qısamüddətli debitor borclar, o cümlədən alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları cari aktivlərə aiddir – bu, müqavilə üzrə öhdəliklərin bir il ərzində yerinə yetirilməsidir.

Ödəniş müddəti bir ildən çoxdursa, o zaman uzunmüddətli borcdan danışırıq. Bunlar daha çox uzunmüddətli aktivlərdir. 117 saylı “Alıcıların və sifarişçilərin uzunmüddətli debitor borcları” hesabı üzrə uçot haqqında bizim eyni adlı məqaləmizdən oxumaq olar. Digər uzunmüddətli aktivlərin, o cümlədən uzunmüddətli debitor borcların uçotu üzrə müxabirləşmə nümunələri ilə buradan tanış olmaq mümkündür.

Ödəniş müddətinə görə debitor borcları aşağıdakı kimi qruplaşdırmaq olar:

  • normal debitor borclar – müqavilə üzrə ödəniş şərtləri pozulmadıqda;
  • vaxtı keçmişlər – müddətlər keçib, lakin hələ də pul ödənilməyib.

Həmçinin, borc:

  • şübhəli ola bilər – yəni bank təminatı, girov və ya zaminliklə təmin olunmayıb və;
  • ümidsiz kimi təsnif edilə bilər – iddia müddəti keçib və borclu şirkət ləğv edilib, vergi ödəyicisi vahid dövlət reyestrindən silinmişdi.

Qısamüddətli debitor borcların uçotu

Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları üzrə uçotun beynəlxalq mühasibat uçotuna uyğun tənzimlənməsinin əsasını aşağıdakı standartlar təşkil edir:

  • 9 saylı “Maliyyə Alətləri” adlı MHBS (IFRS 9)
  • 39 saylı “Maliyyə alətləri: Tanınma və ölçülmə” adlı MUBS (IAS 39)
  • 5 saylı “Müştərilərlə müqavilələrdən gəlir” adlı MHBS (IFRS 15)

Mühasibat uçotu subyektlərində (kommersiya təşkilatları, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) qısamüddətli debitor borcları üzrə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. Qeyd edək ki, bu qaydalar kredit təşkilatlarına tətbiq edilmir, onlar bu məqsədlə “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları”ndan istifadə edir. Bundan sonra mətndə “Qaydalar” dedikdə birinci qanunvericilik aktını nəzərdə tutacağıq.

211 saylı “Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları” hesabı

Mühasibat uçotu subyektlərində qısamüddətli debitor borcların uçotu hesablar planının 2-ci bölməsinin (“Qısamüddətli aktivlər”) 21-ci maddəsində (“Qısamüddətli debitor borcları”) açılmış hesablar üzrə aparılır. 211 saylı “Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları” aktiv hesabı bu maddə üzrə açıla bilən səkkiz hesabdan biridir. Bu hesaba mühasibat uçotu subyektinin fəaliyyətinin həyata keçirilməsilə əlaqədar malların (işlərin, xidmətlərin) satışı prosesində alıcılar, sifarişçilər tərəfindən ödənilməli olan qısamüddətli debitor borcların hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Qaydaların 23.1 maddəsinə görə qısamüddətli debitor borcların uçotu üçün aşağıdakı hesablar açıla bilər:Qısamüddətli debitor borclar - hesablar planının 2-ci bölməsi (“Qısamüddətli aktivlər”) 21-ci maddəsi (“Qısamüddətli debitor borcları”) hesab özündə debitor borcların uçotunu əks etdirən səkkiz hesabı birləşdirir

Hesabat dövrü ərzində mühasibat uçotu subyekti tərəfindən malların (işlərin, xidmətlərin) satışı zamanı yuxarıda qeyd edilən Qaydaların 23.11-ci bəndi nəzərə alınır.

Mühasibat uçotu subyekti tərəfindən aksiz vergisinə cəlb edilən malların satışı zamanı aksiz vergisi məbləği qaydaların 23.12-ci, əlavə dəyər vergisi isə 23.13-cü bəndilə nizamlanır.

Mühasibat uçotu subyekti tərəfindən satılmış malların qaytarılması, ucuzlaşdırılması, habelə verilmiş güzəştlər həmin qaydaların 23.15-ci bəndilə tənzimlənir.

Qısamüddətli debitor borclara görə ödənişlərə həmin qaydaların 23.16-cı, kreditor borclarla əvəzləşdirilməyə isə 23.17-ci bəndinin tələbləri tətbiq edilir.

Aşağıda 211 saylı “Alıcıların, sifarişçilərin qısamüddətli debitor borcları” hesabı üzrə müxabirləşmə nümunələri verilib.

Malların satışı həyata keçirildikdə qısamüddətli debitor borcları

Nümunə 1: “A” MMC ofis avadanlıqlarının satışı fəaliyyətini həyata keçirir. ƏDV ödəyicisi olan cəmiyyət anbarındakı 6500 manatlıq malları 8400 manata satmışdır. Malların ödənişi qəbul edilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan malların maya dəyəri nəzərə alındıqda 701 – Satışın maya dəyəri üzrə xərclər 205 – Mallar 6500.00
2 Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 601 – Satış 8400.00
3 ƏDV hesablandıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 1512.00
4 Satılmış malların əsas məbləği bank hesabına daxil olduqda 223 – Bank hesablaşma hesabları 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 8400.00
5 Satılmış malların ƏDV məbləği ƏDV Depozit hesabına daxil olduqda 226 – ƏDV-nin Depozit hesabı 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 1512.00
6 Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) 545 – Digər qısamüddətli öhdəliklər 521 – Vergi öhdəlikləri 1512.00
7 Əldə edilən gəlir ümumi mənfəətə aid edildikdə 601 – Satış 801 – Ümumi mənfəət (zərər) 8400.00
8 Maya dəyəri xərci ümumi mənfəətə silindikdə 801 – Ümumi mənfəət (zərər) 701 – Satışın maya dəyəri üzrə xərclər 6500.00

İş, xidmət göstərildikdə qısamüddətli debitor borcları

Nümunə 2:  “A” MMC-nin əsas fəaliyyəti mühasibatlıq sahəsində məsləhət xidməti göstərməkdir. ƏDV ödəyicisi olan cəmiyyət “B” MMC-ə 5000 AZN dəyərində bir aylıq xidmət göstərmiş və ödənişi almışdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Xidmətin göstərilməsi nəticəsində debitor borcları formalaşdıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 601 – Satış 5000.00
2 ƏDV hesablandıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 900.00
3 Xidmətə görə olan əsas məbləğ bank hesabına daxil olduqda 223 – Bank hesablaşma hesabları 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 5000.00
4 Xidmətə görə olan ƏDV məbləği ƏDV Depozit hesabına daxil olduqda 226 – ƏDV-nin Depozit hesabı 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 900.00
5 Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) 545 – Digər qısamüddətli öhdəliklər 521 – Vergi öhdəlikləri 900.00
6 Əldə edilən gəlir ümumi mənfəətə aid edildikdə 601 – Satış 801 – Ümumi mənfəət (zərər) 5000.00

Satılmış mallar geri qaytarıldıqda qısamüddətli debitor borcları

Ödənişin həyata keçirilmədiyi hala baxaq.

Nümunə 3:A” MMC ofis avadanlıqlarının satışı fəaliyyətini həyata keçirir. ƏDV ödəyicisi olan cəmiyyət mart ayında cəmi maya dəyəri 9800 olan 10 ədəd printeri 12800 manata satmışdır. Qarşı tərəf malların ödənişini növbəti aylarda həyata keçirəcəyi barədə məlumat vermişdir. İyun ayında printerlərdən 3-ün nasaz vəziyyətdə olduğu aşkarlanmışdır. Buna görə 3 ədəd printer geri qaytarılmışdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan malların maya dəyəri nəzərə alındıqda 701 – Satışın maya dəyəri üzrə xərclər 205 – Mallar 9800.00
2 Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 601 – Satış 12800.00
3 ƏDV hesablandıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 2304.00

Qaytarılan malların uçota alınması:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Qaytarılan mallar yenidən anbara mədaxil edildikdə 205 – Mallar 701 – Satışın maya dəyəri üzrə xərclər 2940.00
2 Qaytarılan mallar üzrə debitor borclar silindikdə 602 – Satılmış malların qaytarılması və ucuzlaşdırılması 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 3840.00
3 ƏDV nəzərə alındıqda 545 – Digər qısamüddətli öhdəliklər 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 691.20

211 saylı “Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları” hesabı üzrə digər müxabirləşmə nümunələri ilə buradan tanış olmaq olar.

Müharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur?

Print Friendly, PDF & Email