Alınmış avanslar
Alınmış avanslar dedikdə, gələcəkdə malların çatdırılması, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün alıcının ödədiyi avans ödənişi başa düşülür. Avansların balans hesabatında əks olunması borcun ödəmə müddətindən asılıdır. Onların tədavül (ödəniş) müddəti hesabat tarixindən sonra 12 aydan çox olmadıqda, belə öhdəliklər qısamüddətli, bütün digər hallarda isə alınmış uzunmüddətli avanslar kimi qeyd edilir.
Alınmış qısamüddətli avanslar hesablar planının 54-cü (“Sair qısamüddətli öhdəliklər”) maddəsinə aid olan 543 saylı, alınmış uzunmüddətli avanslar isə 44-cü (“Sair uzunmüddətli öhdəlilər”) maddəsinə aid olan 443 saylı hesab üzrə aparılır.
Bu yazıda şərh etdiyimiz 443 saylı “Alınmış uzunmüddətli avanslar” hesabı öhdəlik (passiv) dır.
“Alınmış uzunmüddətli avanslar” hesabı üzrə tənzimləmələr
443 saylı hesab üzrə müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” vasitəsilə tənzimlənir.
Bu Qaydaların 38.1 bəndinə əsasən “Sair uzunmüddətli öhdəliklər” maddəsi üzrə aşağıdakı hesablar aşılır:
- 441 №li “Uzunmüddətli pensiya öhdəlikləri”;
- 442 №li “Gələcək hesabat dövrlərinin gəlirləri”;
- 443 №li “Alınmış uzunmüddətli avanslar”;
- 444 №li “Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar”;
- 445 №li “Digər uzunmüddətli öhdəliklər”.
443 №li “Alınmış uzunmüddətli avanslar” hesabında mühasibat uçotu subyektinin hesabat tarixindən 12 aydan sonrakı dövrlərdə alıcılara və sifarişçilərə göstərəcəyi xidmətlərə görə əldə edilmiş pul vəsaitləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.
Alınmış uzunmüddətli avanslar yarandıqda sözügedən qaydaların 38.15-cu, qısamüddətli kimi təsnifləşdirildikdə 38.17-ci bəndi tətbiq edilir.
Belə avansların geri ödənilməsi halında mühasibat yazılışları qaydaların 38.20-ci bəndilə nizamlanır.
Alınmış uzunmüddətli avansların bağışlanılması və ya iddia müddətinin keçməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada silinməsi həmin qaydalardakı 38.21-ci bəndə əsasında tənzimlənir.
Bank hesablaşma hesabına avans daxil olması ilə bağlı müxabirləşmə nümunəsi
“A” MMC istehsal prosesini fasiləsiz şəkildə davam etdirmək üçün pulunun yetərsiz olduğu qənaətinə gəlmişdir. Məsələni həll etmək üçün daimi müştərisi olan “B” MMC-dən malları təqdim edənədək həmin malların ödənişinin bir qismini avans formasında almışdır. Avans məbləği 60000 manatdır. “A” müəssisəsi 15 aydan sonra 96000 manatlıq malları “B” MMC-ə təqdim etmişdir.
Alınmış avans uçota alınır:
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Alınmış avans məbləği bank hesablaşma hesabına daxil olduqda | 223 – Bank hesablaşma hesabları | 443 – Alınmış uzunmüddətli avanslar | 60000.00 |
2 | Alınmış avans məbləği ƏDV Depozit hesabına daxil olduqda | 226 – ƏDV-nin Depozit hesabı | 443 – Alınmış uzunmüddətli avanslar | 10800.00 |
3 | Alınmış avansa görə büdcə qarşısında öhdəlik yarandıqda | 545 – Digər qısamüddətli öhdəliklər | 521 – Vergi öhdəlikləri | 10800.00 |
4 | Vergi borcu ödənildikdə | 521 – Vergi öhdəlikləri | 226 – ƏDV-nin Depozit hesabı | 10800.00 |
Mallar təqdim olunduqdan sonra alınmış avans nəzərə alınır:
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Satılan malların maya dəyəri nəzərə alındıqda | 701 – Satışın maya dəyəri üzrə xərclər | 205 – Mallar | 80000.00 |
2 | Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 601 – Satış | 96000.00 |
3 | ƏDV nəzərə alındıqda | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 545 – Digər qısamüddətli öhdəliklər | 17280.00 |
4 | Alınmış avans nəzərə alındıqda (Əsas məbləğ) | 443 – Alınmış uzunmüddətli avanslar | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 60000.00 |
5 | Alınmış avans nəzərə alındıqda (ƏDV məbləği) | 443 – Alınmış uzunmüddətli avanslar | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 10800.00 |
6 | Qalan borc ödənildikdə (Əsas məbləğ) | 223 – Bank hesablaşma hesabları | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 36000.00 |
7 | Qalan borc ödənildikdə (ƏDV məbləğ) | 226 – ƏDV-nin Depozit hesabı | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 6480.00 |
8 | Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) | 545 – Digər qısamüddətli öhdəliklər | 521 – Vergi öhdəlikləri | 6480.00 |
9 | Vergi borcu ödənildikdə | 521 – Vergi öhdəlikləri | 226 – ƏDV-nin Depozit hesabı | 6480.00 |
Alınmış avanslar üzrə qısamüddətli kreditor borcları uzunmüddətli kimi təsnifləşdirildikdə
“A” MMC istehsal prosesini fasiləsiz şəkildə davam etdirmək üçün pulunun yetərsiz olduğu qənaətinə gəlmişdir. Məsələni həll etmək üçün daimi müştərisi olan “B” MMC-dən malları təqdim edənədək həmin malların ödənişinin bir qismini avans formasında almışdır. Avans məbləği 105000 manatdır. Müqavilənin bağlanma tarixinə olan şərtlərinə əsasən A MMC malları 2 aydan təqdim etməlidir.
Lakin sonradan müqavilədə edilən dəyişikliyə əsasən malların təqdim edilməsi müddəti uzadılaraq 13 ay təyin edilmişdir.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Alınmış avans məbləği bank hesablaşma hesabına daxil olduqda | 223 – Bank hesablaşma hesabları | 543 – Alınmış qısamüddətli avanslar | 105000.00 |
2 | Alınmış avans məbləği ƏDV Depozit hesabına daxil olduqda | 226 – ƏDV-nin Depozit hesabı | 543 – Alınmış qısamüddətli avanslar | 18900.00 |
3 | Alınmış avansa görə büdcə qarşısında öhdəlik yarandıqda | 545 – Digər qısamüddətli öhdəliklər | 521 – Vergi öhdəlikləri | 18900.00 |
4 | Vergi borcu ödənildikdə | 521 – Vergi öhdəlikləri | 226 – ƏDV-nin Depozit hesabı | 18900.00 |
Müqavilənin yeni şərtləri nəzərə alındıqda:
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Qısamüddətli alınmış avans uzunmüddətli alınmış avans kimi nəzərə alındıqda (Əsas məbləğ) | 543 – Alınmış qısamüddətli avanslar | 443 – Alınmış uzunmüddətli avanslar | 105000.00 |
2 | Qısamüddətli alınmış avans uzunmüddətli alınmış avans kimi nəzərə alındıqda (ƏDV məbləğ) | 543 – Alınmış qısamüddətli avanslar | 443 – Alınmış uzunmüddətli avanslar | 18900.00 |
Alınmış uzunmüddətli avanslar qaytarıldıqda müxabirləşmələr
Şirkət istehsal prosesini fasiləsiz şəkildə davam etdirmək üçün pulunun yetərsiz olduğu qənaətinə gəlmişdir. Bunun üçün dost təşkilatdan malları təqdim edənədək 45000 manat avansı öncədən almışdır.
Malların istehsal edilmə prosesi uzun çəkdiyi üçün təşkilat ödəmiş olduğu avansın geri qaytarılmasını tələb etmişdir.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Alınmış avans məbləği bank hesablaşma hesabına daxil olduqda | 223 – Bank hesablaşma hesabları | 443 – Alınmış uzunmüddətli avanslar | 45000.00 |
Alınmış avans geri qaytarıldıqda uçotu:
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Alınmış avans geri qaytarıldıqda | 443 – Alınmış uzunmüddətli avanslar | 223 – Bank hesablaşma hesabları | 45000.00 |