Amortizasiya olunmayan aktivlər

posted in: Xəbər | 0
birbank biznes

Vergi ödəyicilərinin iş münasibətlərində üzləşdikləri suallardan biri də əsas vəsaitlərə amortizasiya hesablanması və əldə olunan məbləğin gəlirdən xərc kimi çıxılmasıdır. Mövzunu iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir.

Vergi Məcəlləsinin 114.2-cü maddəsinə əsasən, torpaq, incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular (tikililər) və bu maddə ilə müəyyən edilən köhnəlməyə məruz qalmayan digər aktivlər amortizasiya olunmur:

• elmi-tədqiqat, tədris və təcrübə məqsədi üçün kabinetlərdə və laboratoriyalarda istifadə edilən avadanlıqlar, eksponatlar, nümunələr, fəaliyyətdə olan və olmayan modellər, maketlər və başqa əyani vəsaitlər;

• məhsuldar heyvanlar (damazlıq inəklər, camışlar, madyanlar, dəvələr, marallar, donuzlar, qoyunlar, keçilər, döllük buğalar, kəllər, ayğırlar, nərlər, qabanlar, qoçlar, təkələr və bunlar kimi digər məhsuldar heyvanlar);

• heyvanxanalarda və digər analoji müəssisələrdə olan heyvanat aləminin eksponatları;

• istismar vaxtı çatmayan çoxillik əkmələr;

• kitabxana fondları, kinofondlar (video, audio, foto), səhnə rekvizitləri, muzey sərvətləri (eksponatları);

• tam amortizasiya olunmuş əsas vəsaitlər, onlar istismara yararlı olduğu hallarda;

• konservasiya edilmiş əsas vəsaitlər;

• ümumi istifadədə olan avtomobil yolları;

• ümumi istifadədə olan parklardakı avadanlıqlar;

• istismara verilməmiş anbarda olan əsas vəsaitlər.

Misal: Kiçik sahibkarlıq subyekti olan “ZZ” MMC 2019-cu ildə fəaliyyətini dayandırmış və bu barədə vergi orqanına məlumat vermişdir. O həmin ildə əsas vəsaitlərə əmlak vergisi hesablayaraq dövlət büdcəsinə ödəmiş, lakin həmin əsas vəsaitləri konservasiya etməmişdir. “ZZ” MMC sahibaklıq fəaliyyəti dayandığı dövrlərdə ona məxsus əsas vəsaitlərinə amortizasiya hesablayıb əldə etdiyi amortizasiya məbləğini, fəaliyyətə başladığı dövrdə əldə etdiyi gəlirdən xərc kimi çıxa bilərmi ?

Vergi Məcəlləsinin 16.4-cü maddəsinin müddəalarına əsasən, sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandıraraq arayış təqdim edən vergi ödəyicilərinin əmlakı və (və ya) torpağı olduqda, əmlak və (və ya) torpaq vergisinin hesabatları bu Məcəllə ilə müəyyən olunmuş qaydada və müddətlərdə vergi orqanına təqdim edilir.

Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən, müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri əmlak vergisinin vergitutma obyekti sayılır. Vergi Məcəlləsinin 198.2-ci maddəsinə görə, müəssisələr əsas vəsaitlərin Vergi Məcəlləsinin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.

Qeyd olunanlara əsasən, müəssisə tərəfindən fəaliyyətini dayandırdığı dövrdə balansında olan əsas vəsaitlərə görə əmlak vergisi hesablanıb ödənilməlidir. Bundan əlavə, vergi tutulan əməliyyatların olmadığı dövrdə hesablanmış amortizasiya ayırmaları gəlirdən çıxılan xərclərə aid edilmir. Hesablanmış amortizasiya ayırmaları gəlirin əldə olunduğu hesabat dövründə gəlirdən çıxılan xərclərə aid edilir.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email