Yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri üzrə uçot hesabı
Bizim daha çox əsas vəsaitlər kimi tanıdığımız torpaq, tikili, avadanlıqlar yaxud aktivlərin uçotu Hesablar Planının 11-ci maddəsi üzrə aparır. 16 №-li “Torpaq, tikili və avadanlıqlar” MUBS (IAS 16) onları istifadə müddəti bir hesabat dövründən artıq olan maddi aktivlər kimi şərh edir.
Torpaq, tikili, avadanlıqlar üzrə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir.
Bu qaydalara əsasən Hesablar Planının 112 saylı hesabında həmin aktivlərin amortizasiyasının və qiymətdən düşmə zərərlərinin uçotu aparılır. Amortizasiya normaları Vergi Məcəlləsinin 114-cü maddəsinə əsasən müəyyən edilir.
Torpaq, tikili, avadanlıqlarla aparılan əməliyyatlardan asılı olaraq amortizasiyanın uçotu üzrə müxabirləşmələr fərqlənə bilər. Belə əməliyyatların aşağıdakı nümunələrini göstərmək olar:
- satış;
- əskikgəlmə;
- yenidən qiymətləndirildikdə.
Əsas vəsaitlərin amortizasiyası üzrə uçotun ümumi prinsipləri, habelə satış zamanı “112 saylı Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri” hesabı üzrə müxabirləşmə nümunələri ilə eyni adlı məqalədən tanış olmaq olar.
Torpaq, tikili və avadanlıqların əskik gəlməsi üzrə əməliyyatlar
Əskikgəlmə zamanı 2 hal mövcuddur. 1-ci halda torpaq, tikili, avadanlıqların əskik gəlməsinin səbəbləri və bundan təqsirkar hesab edilən şəxslər məlum olur. Belə olduqda, sözügedən torpaq, tikili, avadanlıqlar təqsirkar şəxsin yəni, müəssisənin işçisinin yaxud rəhbər şəxsin hesabına aid ediləcək, onun əməkhaqqısından tutulacaqdır.
Nümunə 1: “A” MMC-də aparılan audit yoxlaması zamanı müəssisəyə məxsus balans dəyəri 5000 manat, yığılmış amortizasiya məbləği 1250 manat olan əsas vəsaitin uçot sənədlərində qeyd olunmasına baxmayaraq, real olaraq mövcud olmaması, itməsi halı aşkarlanmışdır. Auditor əsas vəsaitin əskik gəlməsinin səbəbini işçinin məsuliyyətsiz yanaşması kimi qiymətləndirmiş və həmin işçi ona qarşı qaldırılan bütün iddiaları qəbul etmişdir. Bu zaman, həmin əsas vəsait işçinin hesabına aid edilmiş və əməkhaqqısından tutulmuşdur. “A” MMC üçün bu əməliyyat əsas vəsaitin təqdim edilməsi kimi hesab edilmişdir.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Əskik gələn torpaq, tikili və avadanlıqlar balansdan çıxarıldıqda (balans dəyəri ilə) | 731 – Sair əməliyyat xərcləri | 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər | 5000,00 |
2 | Yığılmış amortizasiya silindikdə | 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri | 731 – Sair əməliyyat xərcləri | 1250,00 |
3 | Torpaq, tikili və avadanlıqlar müəssisənin işçisinə təqdim edildikdə | 217 – Digər qısamüddətli debitor borcları | 611 – Sair əməliyyat gəlirləri | 3750,00 |
4 | ƏDV hesablandıqda | 217 – Digər qısamüddətli debitor borcları | 545 – Digər qısamüddətli öhdəliklər | 675,00 |
5 | Təqsirkar şəxsin əməkhaqqısından tutulma edildikdə | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 217 – Digər qısamüddətli debitor borcları | 4425,00 |
6 | Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) | 545 – Digər qısamüddətli öhdəliklər | 521 – Vergi öhdəlikləri | 675,00 |
7 | Gəlir kimi tanınan torpaq, tikili və avadanlıqlar ümumi mənfəətə bağlandıqda | 611 – Sair əməliyyat gəlirləri | 801 – Ümumi mənfəət (zərər) | 3750,00 |
8 | Torpaq, tikili və avadanlıqlar qalıq dəyəri xərcə silindikdə | 801 – Ümumi mənfəət (zərər) | 731 – Sair əməliyyat xərcləri | 3750,00 |
Nümunə 3. 2-ci halda torpaq, tikili, avadanlıqların əskik gəlməsinin səbəbləri, bundan təqsirkar hesab edilən şəxslər məlum olmur. Eyni misal üzərindən təsəvvür edək ki, təqsirkar şəxs məlum deyil, onun təyin edilməsi mümkün deyil. Əsas vəsait ilk alındığı tarixdə ƏDV məbləği əvəzləşdirilmişdir.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Əskik gələn torpaq, tikili və avadanlıqlar balansdan çıxarıldıqda (balans dəyəri ilə) | 731 – Sair əməliyyat xərcləri | 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər | 5000 |
2 | Yığılmış amortizasiya silindikdə | 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri | 731 – Sair əməliyyat xərcləri | 1250 |
3 | Alış tarixində əvəzləşdirilən ƏDV məbləği nəzərə alındıqda | 731 – Sair əməliyyat xərcləri | 521 – Vergi öhdəlikləri | 900 |
4 | Torpaq, tikili və avadanlıqlar qalıq dəyəri xərcə silindikdə | 801 – Ümumi mənfəət (zərər) | 731 – Sair əməliyyat xərcləri | 3750 |
5 | Alış tarixində əvəzləşdirilən ƏDV məbləği xərcə silindikdə | 801 – Ümumi mənfəət (zərər) | 731 – Sair əməliyyat xərcləri | 900 |
Torpaq, tikili, avadanlıqlar yenidən qiymətləndirildikdə amortizasiya:
Yenidən qiymətləndirmə tarixinə aktiv aşağıdakı üsullardan biri ilə uçota alınır:
- yığılmış amortizasiyanın sıfıra bərabər edilməsi üsulu;
- aktivin ilkin dəyərinin, yığılmış amortizasiya məbləğinin proporsional şəkildə düzəldilməsi üsulu.
Topraq, tikili və avadanlıqların yenidən qiymətləndirməsi barədə geniş məlumat əldə etmək üçün buraya keçid ala bilərsiniz.
Nümunə 4: “A” MMC balansında olan əsas vəsaitini yenidən qiymətləndirmək qərarına gəlmişdir. Əsas vəsaitin balans dəyəri 5000 manat, 2 illik yığılmış amortizasiya məbləği 500 manat təşkil edirdi. Lakin yenidən qiymətləndirmə aparıldıqdan sonra əsas vəsait 4900 manat olaraq dəyərləndirilmişdir. Yenidən qiymətləndirmə nəticəsində yaranan 400 manat fərq aşağıdakı şəkildə əks etdiriləcəkdir:
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Yığılmış amortizasiya məbləği sıfırlandıqda | 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri | 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər | 500.00 |
2 | Yenidən qiymətləndirmə nəticəsində yaranan fərq balans dəyərini artırdıqda | 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər | 331 – Yenidən qiymətləndirilmə üzrə ehtiyat | 400.00 |
3 | Yenidən qiymətləndirildikdən sonra amortizasiya hesablandıqda (1900 × 20%) | 731 – Sair əməliyyat xərcləri | 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri | 980.00 |
Nümunə 5: “A” MMC balansında olan Əsas vəsaitini yenidən qiymətləndirmək qərarına gəlmişdir. Əsas vəsaitin balans dəyəri 4000 manat, 2 illik yığılmış amortizasiya məbləği 400 manat təşkil edirdi. Lakin yenidən qiymətləndirmə aparıldıqdan sonra Əsas vəsait 3100 manat olaraq dəyərləndirilmişdir. Yenidən qiymətləndirmə nəticəsində yaranan 500 manat fərq aşağıdakı şəkildə əks etdiriləcəkdir:
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Yenidən qiymətləndirmə nəticəsində yaranan fərq əks etdirildikdə | 731 – Sair əməliyyat xərcləri | 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri | 500 |
2 | Yenidən qiymətləndirmə nəticəsində yaranan fərq silindikdə | 801 – Ümumi mənfəət (zərər) | 731 – Sair əməliyyat xərcləri | 500 |
Torpaq, tikili, avadanlıqlar fövqəladə hal nəticəsində balansdan çıxarıldıqda amortizasiya
Nümunə 6: “A” MMC-nin fəaliyyət göstərdiyi inzibati binada yanğın hadisəsi baş vermişdir. Yanğın zamanı müəssisəyə məxsus digər qiymətlilərlə yanaşı, əsas vəsaitləri də yararsız vəziyyətə düşmüşdür. İlkin dəyəri 4500 manat olan əsas vəsaitin yığılmış amortizasiya məbləği 900 manat olmuşdur.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Fövqəladə hal nəticəsində Əsas vəsait balansdan silindikdə | 761 – Fövqəladə xərclər | 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər | 4500.00 |
2 | Yığılmış amortizasiya silindikdə | 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri | 761 – Fövqəladə xərclər | 900.00 |
3 | Qeyri-maddi aktivin qalıq dəyəri mənfəətdən silindikdə | 801 – Ümumi mənfəət (zərər) | 761 – Fövqəladə xərclər | 3600.00 |