113 saylı “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Torpaq, tikili, avadanlıqlar üzrə uçot

Torpaq, tikili, avadanlıqlar (yaxud əsas vəsaitlər) mühasibat uçotunun hesablar planının 11-ci maddəsi üzrə uçota alınır. Əsas vəsaitlərin uçotunun əsas məsələləri:

  • həmin aktivlərin tanınması;
  • onların balans dəyərinin, habelə;
  • müvafiq amortizasiya və qiymətdəndüşmə zərərlərinin müəyyən edilməsidir.

Bunlar 16 saylı Mühasibat Uçotunun Beynəlxalq Standartları (IAS 16): “Torpaq, tikili və avadanlıqlar” əsasında tənzimlənir. Bu standartın məqsədi maliyyə hesabatlarının istifadəçilərinin müəssisənin torpaq, tikili və avadanlıqlara investisiyaları və həmin investisiyalardakı dəyişikliklər haqqında məlumat əldə edə bilməsi üçün əsas vəsaitlərin uçot qaydalarını müəyyən etməkdir.

MUBS (IAS) 16-ya görə torpaq, tikili və avadanlıqlar elə maddi aktivlərdir ki, bunlar:

  1. malların və xidmətlərin istehsalı və ya tədarükü, icarə və ya inzibati məqsədlər üçün istifadə üçün nəzərdə tutulmuşdur və
  2. bir hesabat dövründən artıq istifadə edilməsi gözlənilir.

Torpaq, tikili, avadanlıqların uçotu üzrə mühasibat hesablarının açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. Bu qaydalara əsasən qeyd edilən aktivlərin dəyərinin uçotu, yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri və məsrəflərin kapitallaşdırılması Hesablar Planının uyğun olaraq 111, 112 və 113 saylı hesablarında uçota alınır. Aşağıdakı məqalələrdə 111 və 112 saylı hesablar üzrə müxabirləşmələrlə aşağıdakı keçidlərdə tanış olmaq olar:

Biznes hesabi
  1. 111 – “Torpaq tikili və avadanlıqların dəyəri”;
  2. 112 “Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri”.

Əsas vəsaitlərlə bağlı məsrəflərin kapitallaşdırılmasının uçotu

Təcrübədə heç də həmişə əsas vəsaitlər alınan kimi dərhal istismara verilmir. Bəzi hallarda onlar özlərinin istimar vaxtının başlanmasını gözləyir, bəzi hallarda isə əlavə təmir quraşdırma işlərinin bitməsini gözləməli olurlar.

Bu cür hallarda əsas vəsaitlərə çəkilmiş məsrəflər onun ilkin dəyərini artırır, yəni alış qiymətinin üzərinə gəlir, ilk olaraq 113 nömrəli hesabda uçota alınır. Bu hesabın adı “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması” hesabıdır. Aktiv hesab olub, başlanğıc mərhələdə müəssisəyə müxtəlif mənbələrdən daxil olan, digər halda daxildə istifadə məqsədilə müəssisənin özü tərəfindən hazırlanan əsas vəsaitlərə çəkilən məsrəflər qeydə alınır. Əsas vəsait istismara verilənə qədər bu məsrəflər 113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması” hesabının debet hissəsində əks olunur.

113 №-li “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması” hesabı üzrə aşağıdakı subhesablar açmaq olar (qaydaların 12.12. bəndi):

Torpaq, tikili, avadanlıqların kapitallaşdırılması ilə bağlı nümunələri nəzərdən keçirək.

Torpaq, tikili, avadanlıqlar haqqı ödənilməklə digər müəssisələrdən alındıqda kapitallaşdırma

Nümunə 1: “A” MMC “B” MMC-dən dəyəri 3300 manat olan avadanlıq almışdır. 594 manat ƏDV hesablanmışdır. Avadanlıq quraşdırılan zaman 200 manat xərc çəkilmişdir (ƏDV-siz).

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Digər müəssisədən alındıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 3300.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 594.00
3 Quraşdırma xərcləri kapitallaşdırıldıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 200.00
4 Kapitallaşdırılmış Avadanlıq istismara verildikdə 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 3500.00

Torpaq, tikili, avadanlıqlar digər müəssisələrdən alınan zaman ƏDV-nin əvəzləşdirilməsi hüququ yaranmırsa, həmin ƏDV məbləği Torpaq, tikili, avadanlıqların ilkin dəyərinin üzərinə əlavə edilir.

Nümunə 2: “A” MMC “B” MMC-dən dəyəri 4500 manat olan avadanlıq almışdır. “A” MMC ƏDV ödəyicisi olmadığı üçün hesablanan 810 manat ƏDV məbləğini əvəzləşdirmək hüququ yoxdur. Avadanlıq quraşdırılan zaman 200 manat xərc çəkilmişdir (ƏDV-siz).

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Digər müəssisədən alındıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 4500.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 810.00
3 ƏDV-ni əvəzləşdirmək hüququ olmadıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 241 – Əvəzləşdirilən ƏDV 810.00
4 Quraşdırma xərcləri kapitallaşdırıldıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 200.00
5 Kapitallaşdırılmış Avadanlıq istismara verildikdə 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 5510.00

 

Torpaq, tikili, avadanlıqlar müəssisənin təsisçisi tərəfindən nizamnamə kapitalı şəklində qoyulduqda kapitallaşdırma

Nümunə 3: “A” MMC-nin təsisçisi 4000 manat dəyərində əsas vəsaiti nizamnamə kapitalı şəklində qoymuşdur. Bu əsas vəsait quraşdırılan zaman 700 manat xərc çəkmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Nizamnamə kapitalı şəklində qoyulduqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 302 – Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi 4000.00
2 Quraşdırma xərcləri kapitallaşdırıldıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 700.00
3 Kapitallaşdırılmış Avadanlıq istismara verildikdə 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 4700.00

 

Torpaq, tikili, avadanlıqlar müəssisə daxilində yaradıldıqda kapitallaşdırma

Nümunə 4:  “A” MMC öz daxilində istifadə etmək məqsədilə əsas vəsait qurmaq qərarını almışdır. Bu əsas vəsaitin qurulmasına “A” MMC öz işçilərini cəlb etmişdir. İşçilərin sayı 5 nəfərdir və cəmi 4750 manat əməkhaqqı hesablanmışdır. Əsas vəsait qurulan zaman 2800 manatlıq materialdan istifadə olunmuşdur.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Qurulma zamanı material istifadə edildikdə 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 201 – Material ehtiyatları 2800.00
2 Əməkhaqqı əsas vəsaitin dəyərinə aid edildikdə (kapitallaşma) 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 4750.00
3 İşəgötürən hesabına sosial sığorta haqqı proqram təminatının dəyərinə aid edildikdə (22%) 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 522 – Sosial sığorta və təminat üzrə öhdəliklər 899.20
4 İşəgötürən hesabına işsizlikdən sığorta haqqı əsas vəsaitin dəyərinə aid edildikdə (0.5%) 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 523-1 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 27.64
5 İşəgötürən hesabına icbari tibbi sığorta haqqı əsas vəsaitin dəyərinə aid edildikdə (2%) 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 523-2 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 110.56
6 Əsas vəsait tam hazır vəziyyətə gətirildikdən sonra istismara verildikdə 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 8587.40

Torpaq, tikili, avadanlıqlar əvəzsiz alındıqda kapitallaşdırma

Nümunə 5:  “A” MMC “B” MMC-dən əvəzsiz olaraq, yəni hər hansı ödəniş etmədən Əsas vəsait əldə etmişdir. Əsas vəsait quraşdırılarkən “A” MMC digər “C” MMC-ə 300 manat ödəniş etmişdir. Həmin Əsas vəsaitə bazar qiyməti tətbiq edilmiş, 2300 manat olaraq dəyərləndirilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əvəzsiz əldə edilən Torpaq, tikili və avadanlıqlar gəlir kimi tanındıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 611 – Sair əməliyyat gəlirləri 2300.00
2 Quraşdırma xərcləri kapitallaşdırıldıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 300.00
3 Kapitallaşdırılmış Torpaq, tikili və avadanlıqlar istismara verildikdə 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 2600.00
4 Gəlir kimi tanınan Torpaq, tikili və avadanlıqlar Ümumi mənfəətə bağlandıqda 611 – Sair əməliyyat gəlirləri 801 – Ümumi mənfəət (zərər) 2300.00

Torpaq, tikili, avadanlıqlar podratçı tərəfindən quraşdırıldıqda kapitallaşdırma:

Nümunə 6: “A” MMC tikinti şirkəti olan “D” MMC-dən tikinti-quraşdırma işləri ilə bağlı xidmət almışdır. Xidmət haqqı 9800 manat təşkil etmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Torpaq, tikili və avadanlıqlar podratçı tərəfindən quraşdırıldıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları 9800.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları 1764.00

ƏDV-nin əvəzləşdirilməsi hüququ yaranmırsa, həmin ƏDV məbləği Torpaq, tikili, avadanlıqların dəyərinin üzərinə əlavə edilir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Torpaq, tikili və avadanlıqlar podratçı tərəfindən quraşdırıldıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları 9800.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları 1764.00
3 ƏDV-ni əvəzləşdirmək hüququ olmadıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 241 – Əvəzləşdirilən ƏDV 1764.00

Dövlət müəssisəsində çalışan şəxs sahibkarlıqla məşğul ola bilərmi?