Azərbaycan Respublikasının Əmək Məcəlləsi

posted in: Xəbər | 0
birbank biznes

Əmək Məcəlləsi, normativ hüquqi aktlar,Əmək hüququnun mənbələri

İqtisadi münasibətlər işçilərin konstitusion hüquqlarının, onların mənafelərinin mühafizəsini önə çıxarır. İşçilərin hüquqlarının müdafiəsinə  istiqamətlənmiş əmək qanunvericiliyinin əsas tərkib hissəsini Azərbaycan Respublikasının Əmək Məcəlləsi təşkil edir.  1999-cu ilin fevralın 1-də qəbul edilən Məcəllə bazar iqtisadiyyatında əhalinin sosial tələbatlarının ödənməsinə yönəlib. Əmək Məcəlləsi işəgötürənlə işçi arasındakı əmək münasibətlərini tənzimləyir.

Milli hüquq sisteminin aparıcı sahəsindən biri əmək hüququdur.  Əmək hüququnun predmeti əmək, habelə onunla bilavasitə əlaqəli digər münasibətlərdir. Onun əsas məqsədi aşağıdakılarda ifadə olunur:

  • vətəndaşların əmək hüquq və azadlıqlarına dövlət təminatının formalaşması;
  • əlverişli iş şəraitinin yaradılması;
  • işçilərin, işəgötürənlərin hüquq və mənafelərinin müdafiəsi.

AR əmək qanunvericiliyinin mənbəyini Azərbaycan Respublikasının Konstitusiyası, Əmək Məcəlləsi, öz səlahiyyətləri daxilində digər çərçivəsində icra qurumlarının qəbul etdiyi normativ hüquqi aktlar, beynəlxalq müqavilələrlə təsbit edilmiş prinsiplər, kollektiv müqavilə və sazişlər, yerli normativ hüquqi aktlar təşkil edir.

Əmək qanunvericiliyinin sistemləşdirilməsi

Əmək Məcəlləsi – əmək haqqında sistemli qanunvericilik aktıdır. Bəzi ölkələrdə “əmək məcəllələri” xüsusi işlənmiş normalar toplusu deyil, müxtəlif vaxtlarda qəbul edilmiş mexaniki şəkildə birləşdirilən qanunlar, habelə hökumətin normativ aktlarından ibarətdir.

Əmək qanunvericiliyinin belə sistemə salınması ilk dəfə 1910-cu ildə Fransada tətbiq edilib. Fransanın Əmək Məcəlləsində əmək şəraiti, işə qəbul prosedurları, işdən çıxarılma şərtləri,  əmək hüququnun digər aspektləri ilə bağlı qanunvericilik normaları ətraflı qeyd edilmişdi.

Beynəlxalq Əmək Təşkilatının Baş Konfransı konvensiyalar, tövsiyələr formasında beynəlxalq əmək standartlarını hazırlayır. Bu normalar məşğulluq, iş vaxtı, iş axtarışı məqsədi ilə miqrasiya, qadın və gənclərin əmək hüquqlarının müdafiəsi, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması, müavinətlər və kompensasiyalar, müstəmləkə əməyinin problemləri, iş saatları kimi məsələləri əhatə edən beynəlxalq əmək məcəlləsini təşkil edir.

AR Əmək Məcəlləsi

Qeyd etdiyimiz kimi respublikamızın ilk Əmək Məcəlləsi müstəqilliyin ilk illərində qəbul edilib. Sonrakı illərdə ona bir sıra dəyişikliklər edilib, təkmilləşdirilib. Məcəllə 13 bölmədən, 48 fəsildən, 2 əlavədən ibarətdir. Məcəllədə əmək müqaviləsi, kollektiv müqavilə və sazişin bağlanması qaydaları, əmək şəraiti, əmək funksiyası, işçi ilə işəgötürən arasında münasibətlər, əmək hüququ ilə bağlı digər müddəalar  öz əksini tapıb. Onun mətni mütəmadi olaraq dəyişdirilir. Odur ki, ƏM-nin aktuallığına daim nəzarət edilməli, mütəxəssislərin diqqətində saxlanılmalıdır. Bu qanunvericilik aktından öz işlərində istifadə edən hüquqşünaslara, HR-mütəxəssislərə, mühasiblərə və digər əməkdaşlara sənədin operativ şəkildə yenilənən versiyasından istifadə etmək tövsiyə olunur. Əmək Məcəlləsinin tam mətni aşağıdakı linkə keçid etməklə tanış olmaq mümkündür.

AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏK MƏCƏLLƏSİNİN MƏTNİ


Print Friendly, PDF & Email