Azərbaycanın vergi sistemi : XIX əsrin sonu – XX əsrin əvvəli

posted in: Xəbər | 0

Vergi tarixinin qısa icmalı

Vergilər cəmiyyətin inkişafının bütün mərhələlərində dövlət gəlirlərinin formalaşmasında önəmli rol oynayıb. İlk öncə təsadüfü formada təzahür edən yığımlar, sonradan dövlət vergiləri kimi inkişaf etməyə başladı. Buna Azərbaycanın vergi tarixini səhifələdikcə də əmin olmaq olar.

O, dövlətin meydana gəldiyi andan iqtisadi-maliyyə münasibətlərinin vacib tərkib hissəsi olub. Aşağıdakı sözlər vergi tarixinin nə qədər qədim olduğunu daha aydın izah edir:

“Vergitutma dünyanın özü qədər qədimdir. Onun ilk forması hər hansı bir yerli hökmdarın çayın mənsəbinə, iki çayın qovuşduğu yerə və ya dağ keçidinə sədd çəkdiyi və tacir və səyyahlardan keçib getmək üçün haqq aldığı zaman yaranmışdır” (S.Parkinson, ingilis iqtisadçısı).

Özünün ilkin inkişaf mərhələsində vergitutma primitiv idi, təsadüfü formada həyata keçirilirdi. Natural formada qənimət (məğlub tərəfin ödədiyi bac-xərac), yaxud pay şəklində (məsələn, qurban verilməsi) olan vergilər, əmtəə-pul münasibətləri inkişaf etdikcə, pul formasında yığılmağa başladı.

Qədim Misirdə dövlət başçısına məxsus torpaqlardan istifadəyə görə , Qədim Yunanıstanda (e.ə. VII-VI əsrlər) ordunun saxlanılması, ictimai əhəmiyyətli tikinti (qala divarları, körpülər, ehramlar) işləri üçün vergilər müəyyən edilmişdi.

Sonrakı dövrlərdə mövcud vergilərlə yanaşı yeni vergi növləri tətbiq edilməyə başlandı. Ən geniş yayılmış vergi növləri bunlar idi:

  • torpaq vergisi;
  • tikililərə görə vergi;
  • adambaşına vergi (can vergisi);,
  • gömrük ödənişləri;
  • aksizlər;
  • kommunal (zibilin yığılması) və yerli vergilər.

Bunlarla yanaşı tüstü vergisi, saqqal vergisi kimi qəribə dövlət vergiləri də tətbiq olunurdu.

Dövlətçilik inkişaf etdikcə elmi əsaslara malik vergi sisteminin yaranması zərurəti XVII-XVIII əsrlərdə birbaşa və dolayı vergilərdən ibarət sistemin formalaşmasına təkan verdi. Avropa ölkələrində sənayeləşmə vergitutmanın prinsipləri, tətbiqi, tənzimlənməsi qaydalarını inkişaf etdirdi.

XIX əsri Azərbaycanın vergi tarixinin yeni mərhələsi kimi xarakterizə etmək olar: tətbiq edilən vergilərin sayı azaldılır, hüquqi bazasının yaradılması istiqamətində iş aparılırdı.

Azərbaycan vergi sistemi necə formalaşıb?

Azərbaycanın ərazilərində tarixən müxtəlif dövlət quruluşları mövcud olub, inkişaf edib. Bu dövlətlərdə həmin dövrlərə məxsus müxtəlif vergilər tətbiq edilib.  Amma müasir anlamda Azərbaycanın vergi sistemi XIX əsrin sonu XX əsrin əvvəlində formalaşmağa başlayıb. Azərbaycanın vergi sisteminin formalaşma mərhələlərini aşağıdakı kimi sıralaya bilərik:

  • XIX əsrin sonu XX əsrin əvvəli;
  • Azərbaycan Demokratik Respublikasında vergilər;
  • Sovet hakimiyyəti dövrü;
  • Müstəqillik dövrünün vergi sistemi.

XIX əsrin əvvəli XX əsrin sonunda Azərbaycanda vergilər

Bu dövrdə Azərbaycanda vergiləri belə qruplaşdırmaq olardı:

  • birbaşa vergilər;
  • rüsumlar;
  • satış (aksiz) yığımları.

Tarixin müəyyən mərhələsində ikiyə bölünmüş Azərbaycanın hazırda bizim yaşadığımız ərazisi çar Rusiyasının tərkibində idi. Bu Azərbaycanın vergi tarixində də öz izini qoydu. Vergilərlə bağlı qanunlar yerli özəlliklər nəzərə alınmaqla mərkəzi çar hakimiyyəti tərəfindən hazırlanırdı. Yerli idarəçilər yalnız öz ərazilərində keçərli olan vergilər yığa bilərdi.

O zamankı vergi sisteminin tərkibi aşağıdakı kimi idi:

  • dövlət vergiləri;
  • yerli (əyalət) vergilər.

Çar Rusiyasının bütün ərazilərində (o cümlədən, Azərbaycanda) tətbiq edilən dövlət vergiləri Dövlət Xəzinəsi gəlirlərinin əhəmiyyətli hissəsini təşkil edirdi. Bunlara aşağıdakılar daxil idi:

  • torpaq vergisi;
  • əmlak vergisi;
  • ticarət və sənaye vergisi;
  • sərmayə vergisi;
  • satış (aksiz) vergiləri.

Əyalət vergiləri (yerli vergilər) yerli idarəetmə qurumları tərəfindən, onların idarəçiliyinə aid ərazilərdən, idarəetmə xərclərini qarşılamaq məqsədi ilə yığılırdı və dövlət vergilərinə əlavələrdən, habelə digər vergilərdən ibarət idi:

  • əlavə ticarət və sənaye vergiləri;
  • əlavə satış (aksiz) vergisi;
  • qəssablardan vergi;
  • çəmən və otlaq yerlərində istifadəyə görə əlavə vergilər.

Bu dövrün mühüm problemlərinə aşağıdakıları aid etmək olar:

  • gəlir səviyyəsi aşağı olanlara, demək olar ki, vergi güzəştləri verilmirdi;
  • verilən güzəştlərin səviyyəsi çox aşağı idi.

Bunun əksinə olaraq, gəlir səviyyəsi yüksək olanlar vergidən azad edilirdi ki, bu da ölkənin yoxsul və orta təbəqəsinin ağır vergi yükü altına girməsinə səbəb oldu.

Azərbaycanın vergi tarixində satış vergiləri mövcud idi, amma hüquqi cəhətdən məhz bu dövrdə, yəni XIX əsrin əvvəli XX əsrin sonunda formalaşmağa başladı:

  • satış vergilərinin tətbiq ediləcəyi malların tam siyahısı hazırlandı;
  • ayrı-ayrı məhsul növləri üzrə vergi dərəcələrini müəyyən edildi;
  • vergi yığımlarının düzgün aparılması üçün müvafiq qurumlar yaradıldı.

Dövlət xəzinəsinə müxtəlif növ rüsum və ödəmələr də alınırdı, məsələn:

  • gerb rüsumu;
  • miras üçün ödəniş;
  • dövlət qulluqçularının əmək haqlarından tutulmalar;
  • diplom və mükafatlardan rüsum;
  • notariusların öhdəlikləri;
  • müəllif hüququna görə ödəmə;
  • daşınmaz əmlakın sığortasına görə öhdəlik
  • yoldan istifadəyə görə ödəmə və sair.

XIX əsrin əvvəlində Azərbaycanda vergilərin yığılmasına nəzarəti Xəzinədarlıq idarələri həyata keçirirdi. XIX əsrin 70-ci illərində Xəzinədarlıq İdarələri Xəzinə Palataları ilə əvəz olunmağa başladı.

Azərbaycanın vergi tarixinin sonrakı inkişafı

1918-ci il mayın 28-də Azərbaycanda M. E. Rəsulzadənin rəhbərliyi ilə türk-müsəlman dünyasında və Yaxın Şərqdə ilk dəfə olaraq demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti (ADR- Azərbaycan Demokratik Respublikası) quruldu. Lakin Rusiya Ordusu tərəfindən 1920-ci il aprelin 28-də Azərbaycanın işğalı nəticəsində Xalq Cümhuriyyəti devrildi, odur ki, nəzərdə tutulmuş vergi islahatları həyata keçirilə bilmədi.

Bundan sonrakı dövrdə (1920-1991) Azərbaycan Sovetlər Birliyinin tərkibində idi, vergi sistemi SSRİ-nin qanunlarına uyğun qurulmuşdu.

1991-ci ildə müstəqillik əldə edən Azərbaycan Respublikasında müstəqil fiskal-büdcə və vergi siyasətini həyata keçirilməyə başlandı: qanunlar qəbul edildi, dövlət vergilərinin növləri, dərəcələri, dövlət rüsumları, yerli vergilər müəyyən edildi. Müasir vergi sisteminin inkişaf etdirildi.


Print Friendly, PDF & Email