Azərbaycan Respublikasında vergi sistemi
Dövlətin vətəndaşlarla qarşılıqdı maliyyə münasibətlərini tənzimləyən alətlərdən biri vergilərdir. Müxtəlif vergi növləri vasitəsi ilə maliyyə ehtiyatları dövlət büdcəsində toplanır. Bu proses həmin ölkədə mövcud vergi sistemi vasitəsi həyata keçirilir.
Azərbaycan Respublikasının müasir vergi sistemi müstəqillik illərində formalaşıb. Müstəqilliyin ilk illərində ayrı-ayrı qanunvericilik aktları ilə tənzimlənən sistem, sonradan daha da inkişaf etdirildi. 2001-ci ilin yanvarın 1-dən tətbiq edilən AR Vergi Məcəlləsi vasitəsi ilə bu sahədə mövcud normativ hüquqi aktlar sistemləşdirildi, ayrı-ayrı qanunlar vahid kodeksdə toplandı.
Azərbaycan Respublikasında vergi sistemi, ödənilən vergilərin idarəetmə səviyyəsinə görə qruplaşması, vergilərin növləri Məcəllənin 4-cü maddəsi ilə tənzimlənir. Həmin maddə ödənməli vergiləri belə qruplaşdırır:
- dövlət vergiləri – Vergi Məcəlləsinə daxil edilmiş, AR ərazisində ödənməsi məcburi olan vergilər qrupudur;
- muxtar respublika (MR) vergiləri Naxçıvan Muxtar Respublikasında AR VM-ə müvafiq Naxçıvan MR qanunları ilə müəyyən olunmuş muxtar respublika ərazisində ödənməli vergiləri əhatə edir.
- yerli vergilər (bələdiyyə vergiləri) AR vergi qanunvericiliyi əsasında bələdiyyə ərazisində ödənməli olan vergilərdir. Yerli vergilər bələdiyyələrin qərarı əsasında tətbiq edilir. Digər bələdiyyə ödənişləri uyğun qanunla tənzimlənir.
Qrupların tərkibinə daxil olan bütün vergi növləri Vergilər Məcəlləsində müəyyən olunub. Məcəllədə olmayan hər hansı verginin tətbiqi yolverilməzdir.
Azərbaycan vergi sistemində tətbiq edilən vergi növləri
Vergi ödəyicilərinin ödəmə qabiliyyətinə uyğun olaraq vergitutma aşağıdakı 3 istiqamətdə aparılır:
- gəlir üzərindən;
- istehlak (xərc) üzərindən;
- sərvət üzərindən.
Azərbaycanda gəlirlər üzərindən alınan vergi növləri bunlardır:
- fiziki şəxslərin gəlir vergisi;
- hüquqi şəxslərin mənfəət vergisi;
- sadələşdirilmiş vergi.
AR Vergi Məcəlləsində istehlak etdiyimiz mallara və xidmətlərə görə alınan vergilərin növləri belə müəyyən olunub:
- əlavə dəyər vergisi (ƏDV);
- aksiz vergisi;
- yol vergisi;
- mədən vergisi.
Sərvət vergitutmada ödəmə qabiliyyəti göstəricilərindən biridir. Sərvət vergiləri xüsusi mülkiyyət hüququnun üstün olduğu iqtisadi sistemlərə xas vergi növüdür. Bazar iqtisadiyyatının tam inkişaf etmədiyi, mülkiyyət hüququnun formalaşma mərhələsində olduğu keçid iqtisadiyyatlarında sərvətdən alınan vergilərin büdcə gəlirlərində xüsusi çəkisi azdır. Bir sıra ölkələrdə sərvət vergisi bahalı mənzillərə, avtomobillərə, brend mallara, bu kimi digər əmlaklara sahib olan insanlara tətbiq edilir. Bu anlamda Azərbaycanda sərvət vergisi tətbiq edilmir. Amma nəzərə alsaq ki, əmlak, habelə torpaq da sərvətin bir növüdür, aşağıdakı vergilərin növlərini bu qrupa aid etmək mümkündür:
- hüquqi şəxslərin, habelə bəzi istisnalarla, fiziki şəxslərin əmlak vergisi;
- hüquqi şəxslərin, habelə müəyyən şərtlər daxilində fiziki şəxslərin torpaq vergisi.
Respublikamızın ərazisində bütün vergi növləri manatla hesablanaraq ödənilir.
Vergi növlərinin idarəetmə səviyyəsinə görə tətbiqi
Xüsusi və müvəqqəti vergi rejimləri
Azərbaycan vergi sistemində müvəqqəti və xüsusi adlanan iki vergi rejimi mövcuddur (VM, maddə 4.5). Müvəqqəti vergi rejimi təbii və qaçılmaz fəlakətlər, habelə iqtisadi şəraitin əhəmiyyətli dəyişməsi halları zamanı vergilərin hesablanmasına və ödənməsinə tətbiq edilən müvəqqəti qaydalardır. Belə hallara:
- təbii fəlakətləri;
- epidemiyaları;
- epizootiyaları;
- böyük ekoloji və başqa qəzaları;
- qlobal iqtisadi mühit amillərini nümunə göstərmək olar.
Məsələn, koronovirus pandemiyası zamanı Vergi Məcəlləsinin 222.2-ci maddəsinə əsasən müvəqqəti vergi rejimi 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilib.
Xüsusi vergi rejimində müəyyən dövr ərzində vergi növlərinin tətbiqi, hesablanması və ödənilməsi xüsusi qaydalar çərçivəsində həyata keçirilir. Xüsusi vergi rejimli müəssisələrə “Əsrin müqaviləsi”- “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinliklərində yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Saziş”, “Əsas ixrac boru kəməri haqqında” və sair belə sazişlər çərçivəsində AR-də fəaliyyət göstərən müəssisə və şirkətləri nümunə göstərmək olar.
Nəzərə almaq lazımdır ki, dəyişən iqtisadi şərtlər vergi sisteminə təsirsiz ötmür, bu da öz növbəsində Vergi Məcəlləsinə uyğun dəyişiklikləri zəruri edir.