Qeyri-rezidentin beynəlxalq daşıma xidmətlərinə görə yaranan vergi öhdəlikləri

posted in: Xəbər | 0
birbank biznes

Beynəlxalq daşıma xidmətləriRezident vergi ödəyicisi öz malının Azərbaycandan Türkiyə Cümhuriyyətinə daşınması üçün qeyri-rezidentin daşıma xidmətlərindən istifadə edir. Bu halda qeyri-rezidentə hesablanan xidmət haqqından ödəmə mənbəyində vergi öhdəlikləri yaranırmı? Sualı Bakı Karyera Mərkəzinin direktoru, vergi eksperti Təhməz Qaçayev şərh edir.

Suala aydınlıq gətirmək üçün Vergi Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsaslanmaq lazımdır.

Məcəllənin 125.1.4-cü maddəsinə əsasən, beynəlxalq nəqliyyat xidmətlərinə görə qeyri-rezidentə hesablanan ödənişlərdən ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutulmalıdır. Əgər daşımalar Azərbaycan Respublikasının hüdudlarından kənar başqa dövlətlərin təyinat məntəqələri arasında həyata keçirilərsə və ya Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada keçərsə, qeyri-rezidentə hesablanmış ödəmələr bu maddənin məqsədləri üçün vergitutma obyekti deyildir.

Maddənin mahiyyəti budur ki, beynəlxalq daşımalar zamanı qeyri-rezidentə hesablanmış ödəmələr o halda ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergiyə cəlb olunur ki, daşımalar üzrə başlanğıc və ya təyinat məntəqələri Azərbaycan Respublikası olsun.

Deməli, yuxarıdakı nümunəyə uyğun olaraq rezident vergi ödəyicisi öz malının Azərbaycandan Türkiyəyə daşınmasına görə qeyri-rezidentə ödədiyi xidmət haqqından ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutmalıdır. Hesablanmış ödənişin məbləğini 5.000 manat qəbul etsək, ödəmə mənbəyində tutulmalı olan vergi məbləği 300 manat olacaq:

5.000 x 6 % = 300 manat.

Fərz edək ki, rezident vergi ödəyicisi öz malının Türkiyədən-İtaliyaya daşınması (yaxud Azərbaycandan tranzit keçməklə) üçün qeyri-rezidentə xidmət haqqı ödəyəcək. Bu halda həmin ödəniş bu maddənin məqsədləri üçün vergitutma obyekti deyildir.

Təcrübədə daha çox rast gəlinən suallardan biri də qeyri-rezidentlərə beynəlxalq daşıma xidmətlərinə görə hesablanmış ödənişlərin ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunması ilə bağlıdır. Bəzən bu sualla bağlı 165-ci maddənin müddəaları tətbiq olunur.

Vergi Məcəlləsinin 165.1.4-cü maddəsinə əsasən beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük və sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti. Beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi, habelə beynəlxalq və tranzit yük daşınması ilə bağlı ekspeditor xidmətlərinin göstərilməsi ƏDV-yə sıfır dərəcə ilə cəlb olunur.

Beləliklə, beynəlxalq daşımalara görə qeyri -rezidentə hesablanan ödənişlər 0 dərəcə ilə vergiyə cəlb olunacaq.

Mənbə: vergiler.az


ƏDV-nin büdcəyə ödənmə vaxtı necə müəyyən olunur?


Print Friendly, PDF & Email