131 saylı “Bioloji aktivlərin dəyəri” hesabı – müxabirləşmə nümunələri

posted in: Xəbər | 0
birbank biznes

Bioloji aktivlərin uçotu

Hesablar planının uzunmüddətli aktivlər bölməsinə aid olan bioloji aktivlər qrupu canlı heyvan və bitkilərin cəmidir. Bar verən bitkilərin üzərində yetişən məhsullar da bioloji aktiv sayılır. Onların qiymətləndirilməsi  41 №-li “Kənd təsərrüfatı” MUBS-a (IAS 41)  əsasında aparılır. Belə aktivlərə aşağıdakılar nümunə göstərilə bilər:

  • emal üçün nəzərdə tutulmuş mal-qara;
  • satış üçün olan mal-qara;
  • yetişdirmə kooperativdəki balıq;
  • qarğıdalı və buğda kimi məhsul;
  • süd istehsal edən mal qara;
  • üzüm tənəkləri;
  • meyvə ağacları;
  • odun üçün becərilmiş ağaclar və sairləri göstərilə bilər.

Bioloji aktivlər Hesablar Planının 13-cü maddəsinə uyğun uçota alınır. Hesab üzrə uçot, subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir.

Subhesabların açılması

“Bioloji aktivlərin dəyəri” üzrə uçot 131 say aktiv hesabda aparılır. Bu hesaba yuxarıda qeyd edilən qaydaların 14.3 bəndinə uyğun olaraq aşağıdakı subhesablar açmaq olar:

131-1 “Bitkilərin dəyəri” subhesabında mühasibat uçotu subyektinin mülkiyyətində olan və bioloji aktivlər kimi təsnifləşdirilən bitkilərin dəyəri əks etdirilir. Bioloji aktiv kimi təsnifləşdirilən bitkilərə kənd təsərrüfatı məhsullarının istehsalını təmin edən çoxillik əkmələr aiddir. Şalban istehsalı üçün plantasiyada əkilmiş ağaclar, çay yarpaqlarının yığılması üçün çay kolları, üzüm istehsalı üçün əkilmiş üzüm tingləri, meyvələrin istehsalı üçün əkilmiş meyvə ağacları və bu kimi çoxillik əkmələr bioloji aktivlərin bitkilər kateqoriyasına aid edilir.

131-2 “Heyvanların dəyəri” subhesabında mühasibat uçotu subyektinin mülkiyyətində olan və bioloji aktivlər kimi təsnifləşdirilən heyvanların dəyəri əks etdirilir. Bioloji aktiv kimi təsnifləşdirilən heyvanlara kənd təsərrüfatı məhsullarının istehsalını təmin edən heyvanlar, habelə işçi heyvanlar aiddir. Yun əldə etmək üçün saxlanılan dəvə, qoyun, həmçinin ət, süd istehsalını təmin etmək üçün mal-qara və bu kimi heyvanlar, habelə işçi heyvanlar bioloji aktivlərin heyvanlar kateqoriyasına aid edilir.

131 saylı hesab üzrə tənzimləmələr

Alış nəticəsində əldə edilən bioloji aktivlərin dəyəri həmin qaydaların 14.11.-ci bəndi ilə nizamlanır.

Mübadilə nəticəsində əldə edilmiş bioloji aktivlərlərin dəyəri həmin qaydaların 14.14.-cü bəndi ilə nizamlanır.

Təsərrüfat üsulu ilə yaradılan bioloji aktivlərlərin dəyəri həmin qaydaların 14.16.-cı bəndi ilə nizamlanır.

Əvəzsiz olaraq alınan bioloji aktivlərlərin dəyəri həmin qaydaların 14.19.-cu bəndi ilə nizamlanır.

Bioloji aktivlərin tanınması dayandırıldıqda dəyəri həmin qaydaların 14.20.-ci bəndi ilə nizamlanır.

Mühasibat uçotu subyektinin bioloji aktivlərinin əskik gəlməsi zamanı təqsirkar şəxslərin müəyyən edilməsi mümkün olduqda həmin qaydaların 14.31.-ci bəndi ilə, təqsirkar şəxsi təyin etmək mümkün olmadıqda həmin qaydaların 14.32.-ci bəndi ilə nizamlanır.

“Bioloji aktivlərin dəyəri” hesabı üzrə müxabirləşmə nümunələri

Nümunə 1: “A” MMC digər “D” MMC-dən təsərrüfatda istifadə etmək məqsədilə birinin qiyməti 1100 manat  27 dənə at (işçi at) almışdır. 4 il iş prosesində istifadə olunduqdan sonra atları satmaq qərarına gəldilər. Həmin dövrdə atlar üzrə yığılmış amortizasiya 2970 manat olmuşdur. Atlar hər biri 750 manat olmaqla satılmışdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Bioloji aktiv digər müəssisələrdən əldə edildikdə 131 – Bioloji aktivlər – Dəyər 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 29700.00

İllər üzrə amortizasiya:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 1-ci il amortizasiya hesablandıqda 731 – Sair əməliyyat xərcləri 132 – Bioloji aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 2970.00
2 2-ci il amortizasiya hesablandıqda 731 – Sair əməliyyat xərcləri 132 – Bioloji aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 2970.00
3 3-ci il amortizasiya hesablandıqda 731 – Sair əməliyyat xərcləri 132 – Bioloji aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 2970.00
4 4-ci il amortizasiya hesablandıqda 731 – Sair əməliyyat xərcləri 132 – Bioloji aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 2970.00

Təsərrüfatda istifadə olunan atlar 4-cü ilin sonunda satılan aktivlərə aid edilir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satış məqsədi ilə saxlanılan digər aktivlərə keçirildikdə 206 – Satış məqsədi ilə saxlanılan digər aktivlər 131 – Bioloji aktivlər – Dəyər 29700.00
2 Amortizasiya nəzərə alındıqda 132 – Bioloji aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 206 – Satış məqsədi ilə saxlanılan digər aktivlər 11880.00

Satılan aktivlərə aid edilən atların satışı həyata keçirilir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan atların balans dəyəri silindikdə 731 – Sair əməliyyat xərcləri 206 – Satış məqsədi ilə saxlanılan digər aktivlər 17820.00
2 Atlar mənfəətlə satıldıqda 217 – Digər qısamüddətli debitor borcları 611 – Sair əməliyyat gəlirləri 20250.00
3 Atların satışından gəlir əldə edildikdə 611 – Sair əməliyyat gəlirləri 801 – Ümumi mənfəət (zərər) 20250.00
4 Atlara görə olan xərc mənfəətə bağlandıqda 801 – Ümumi mənfəət (zərər) 731 – Sair əməliyyat xərcləri 17820.00

Nümunə 2: “A” MMC cəmi qiyməti 52500 manat olan 35 baş ana inək almışdır. Bu inəklərin saxlanmasına (yemlənmə, dərman) 22500 manat xərc çəkilmişdir. 5 ay sonra inəklərin 20-si 1 bala, 15-i 2 bala olmaqla cəmi 50 bala doğmuşdur.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Bioloji aktiv digər müəssisələrdən əldə edildikdə 131 – Bioloji aktivlər – Dəyər 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 52500.00
2 5 ay boyunca inəklərin saxlanmasına xərc çəkildikdə 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 201 – Material ehtiyatları 22500.00
3 Təzə doğulan buzovlar bioloji aktivlərə aid edildikdə 131 – Bioloji aktivlər – Dəyər 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 22500.00

131 saylı “Bioloji aktivlərin dəyəri” hesabı üzrə uçot haqqında buradan oxumaq olar.

Hesablar Planının “Uzunmüddətli aktivlər” bölməsinə aid olan ayrı-ayrı hesablar üzrə uçot və müxabirləşmə nümunələri burada  verilib.

Print Friendly, PDF & Email