131 saylı “Bioloji aktivlərin dəyəri” hesabı üzrə uçot

posted in: Xəbər | 0
birbank biznes

Bioloji aktiv nədir?

Bioloji aktivlər Hesablar Planının 13-cü maddəsinə uyğun uçota alınır. Bioloji aktiv canlı heyvan və ya bitkilər, bioloji aktivlər qrupu isə canlı heyvan və bitkilərin cəmidir. Barverən bitkilərin üzərində yetişən məhsul bioloji aktivdir. 41 №-li “Kənd təsərrüfatı” MUBS-a (IAS 41)  əsasən müəssisə tərəfindən bioloji aktivlərdən alınmış kənd təsərrüfatı məhsulunun ehtiyatları ilkin tanınma anında gözlənilən satış məsrəfləri çıxılmaqla məhsul yığımı zamanına olan ədalətli dəyəri əsasında qiymətləndirilir.

Şərti olaraq bilolji aktivləri iki qrupa ayırmaq olar:

  • istehlak olunanlar;
  • daşıyıcılar.

İstehlak olunan bioloji aktivlər kənd təsərrüfatı məhsulları kimi yığılacaq və ya bioloji aktiv kimi satılacaq aktivlərdir. İstehlak olunan bioloji aktivlərə bunları nümunə göstərmək olar:

  • emal üçün nəzərdə tutulmuş mal-qara;
  • satış üçün olan mal-qara;
  • yetişdirmə kooperativdəki balıq;
  • qarğıdalı və buğda kimi məhsul;
  • odun üçün becərilmiş ağaclar.

Daşıyıcı bioloji aktivlərə bunları nümunə göstərmək olar:

  • süd istehsal edən mal qara;
  • üzüm tənəkləri;
  • meyvə ağacları;
  • ağacın özü qalmaqla ondan oduncağın hazırlanması göstərilə bilər.

Daşıyıcı bioloji aktivlər kənd təsərrüfatı məhsulları deyildir, lakin onlar yenidən bərpa olunandırlar.

Bioloji aktivlərin tanınması

Müəssisə bioloji aktivlərini və ya kənd təsərrüfatı məhsullarını ancaq aşağıda göstərilən şərtlərin mövcud olduğu təqdirdə tanıya bilər:

(a) müəssisə keçmiş hadisələr nəticəsində, aktivə nəzarət edirsə;

(b) aktivlə əlaqədar olan gələcək iqtisadi səmərələrin müəssisəyə daxil olacağı ehtimaldırsa və

(c) aktivin ədalətli və ilkin dəyərləri etibarlı olaraq qiymətləndirilə bilərsə.

Ədalətli dəyər – ölçülmə tarixinə bazar iştirakçıları arasında normal şərtlər çərçivəsində aktivin satılmasına görə alına bilən və öhdəliyin ötürülməsinə görə ödənilə bilən qiymətdir.

Bioloji aktivlər yaxud kənd təsərrüfatı məhsullarının satışı üzrə müqavilələr tez-tez gələcək tarixlə bağlanılır. Belə müqavilərdə qiymətlər ədalətli dəyərin ölçülməsində münasib deyil, çünki, alıcı və satıcı sövdələşərkən ədalətli dəyər cari bazar dəyəridir. Nəticə etibarilə, bioloji aktivin və ya kənd təsərrüfatı məhsullarının ədalətli dəyəri müqavilənin mövcudluğuna görə uyğunlaşdırıla bilməz.

MUBS-da ağır şərtli müqavilə anlayışı

Ağır şərtli müqavilə anlaşı “Qiymətləndirilmiş öhdəliklər, şərti aktivlər və şərti öhdəliklər” adlı 37 №-li MUBS-da (IAS 37) -da  şərh olunub.

Ağır şərtli müqavilə, müqavilə çərçivəsində öhdəliklərin ödənilməsi üzrə qaçılmaz xərclərin həmin müqavilə üzrə ən yüksək gözlənilən iqtisadi səmərənin əldə olunmasını təmin edən müqavilədir.

Bəzən bioloji aktivin və ya kənd təsərrüfatı məhsullarının satış müqaviləsi ağır şərtli kimi xarakterizə edilə  bilər. Belə müqavilələrə MUSB (IAS37) tətbiq olunur.

Bioloji aktivlərin qiymətləndirilməsi

Bioloji aktivlər bir çox hallarda fiziki cəhətdən yerə bağlıdır (məsələn, plantasiya meşəliyində ağaclar). Burada yerə bağlı olan bioloji aktivlər üçün ayrıca bazar mövcüd deyil, lakin fəal bazar:

  • birləşmiş (mürəkkəb) aktivlər;
  • paket halında bioloji aktivlər;
  • xam torpaq və ərazinin abadlaşdırılması üçün mövcud ola bilər.

Müəssisə yerə bağlı olan aktivlərə aid məlumatı bioloji aktivlər üçün ədalətli dəyəri ölçmək üçün istifadə edə bilər. Məsələn, xam torpağın və ərazinin abadlaşdırılmasının ədalətli dəyərini birləşik aktivlərin ədalətli dəyərindən çıxmaqla, bioloji aktivlərin ədalətli dəyərini tapmaq olar.

Bioloji aktivlərin satışa hazır anda qiymətləndirilmiş ilkin dəyəri çıxılmaqla ədalətli dəyərdə olan dəyişiklikdən yaranan mənfəət və ya zərər dövr ərzində yaranmış mənfəət və ya zərərə daxil edilir.

Bioloji aktivlərin ilkin tanınmasında zərər yarana bilər, çünki bioloji aktivin satışa hazır anda qiymətləndirilmiş ilkin dəyəri çıxılmaqla ədalətli dəyərin müəyyən edilməsində, satış nöqtəsindəki təxmin edilmiş xərclər çıxılmışdır. Buzovun doğulması kimi hal bioloji aktivin ilkin tanınmasında qazanc yarada bilər.

Bioloji aktivlərin satışa hazırki halda qiymətləndirilmiş ilkin dəyər çıxılmaqla ədalətli dəyəri bazardakı fiziki və qiymət dəyişikliklərinə görə dəyişə bilər. Fiziki və qiymət dəyişikliklərinin ayrıca açıqlamaları cari dövrdə görülmüş işin və gələcək imkanların qiymətləndirilməsində, xüsusilə də istehsal dövrü bir ildən artıq olarsa, faydalıdır. Belə hallarda müəssisənin, qrup üzrə və ya digər şəkildə, mənfəət və zərərə daxil edilmiş, fiziki və qiymət dəyişikliyinə məruz qalmış satışa hazır anda qiymətləndirilmiş ilkin dəyər çıxılmaqla ədalətli dəyərin məbləğini açıqlaması təşviq edilir. Adətən, bu məlumat bir ildən az olan istehsal dövrü üçün bir o qədər əhəmiyyətli deyildir (məsələn, toyuq yetişdirmə və ya taxıl istehsalı).

Bioloji aktivlər üzrə uçot hesabları

Kənd təsərrüfatı fəaliyyəti tez-tez iqlim, xəstəlik və digər təbii risklərə məruz qalır. Əhəmiyyətli gəlir və ya xərc maddəsinə səbəb olacaq hadisə baş verərsə, “Maliyyə hesabatlarının təqdim edilməsi” adlı 1 №-li MUBS-a (IAS 1) uyğun olaraq həmin maddənin xüsusiyyəti və məbləği açıqlanır. Yoluxucu xəstəlik, subasma, şiddətli quraqlıq və ya şaxta və həşəratların gəlişi kimi hadisələri belə bir hadisəyə misal kimi göstərmək olar.

Bioloji aktivlərin uçotu Hesablar Planının 13-cü maddəsində əks etdirilir. Bu maddədə canlı heyvan və ya bitkilərdən ibarət olan bioloji aktivlər barədə ümumiləşdirilmiş məlumatlar təqdim olunur. Bioloji aktivlərin tanınma meyarına cavab verən (yəni mühasibat uçotu subyekti keçmiş hadisələr nəticəsində aktivə nəzarət edirsə, aktivlə əlaqədar olan gələcək iqtisadi səmərələrin müəssisəyə daxil olacağı ehtimalı varsa və aktivin ədalətli və ilkin dəyərləri etibarlı olaraq qiymətləndirilə bilirsə) aktivlər ilkin olaraq ilkin dəyəri ilə uçota alınır. Bu maddə aşağıdakı hesablardan ibarətdir:

  • 131 saylı hesab – Bioloji aktivlərin dəyəri;
  • 132 saylı hesab – Bioloji aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri.

131 saylı hesab üzrə nizamlamalar   

Bioloji aktivlərə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə tənzimlənir.

131 saylı “Bioloji aktivlərin dəyəri” hesabı aktiv hesabdır və ona yuxarıda qeyd edilən qaydaların 14.3 bəndinə uyğun olaraq aşağıdakı subhesablar açamaq olar:

  • 131-1 saylı subhesab – Bitkilərin dəyəri;
  • 131-2 saylı subhesab – Heyvanların dəyəri.

131 saylı “Bioloji aktivlərin dəyəri” hesabı üzrə uçot qeydlərinin nizamlanması, müxabirləşmə nümunələr haqqında buradan oxumaq olar.

Hesablar Planının “Uzunmüddətli aktivlər” bölməsinə aid olan ayrı-ayrı hesablar üzrə uçot və müxabirləşmə nümunələri burada verilib.

Print Friendly, PDF & Email