Birinin digərinə vurduğu ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti

posted in: Xəbər | 0
birbank biznes

Maddi məsuliyyət nədir?

İşçi və işəgötürənin maddi məsuliyyət üzrə münasibətləri əmək münasibətləri ilə sıx bağlıdır və Əmək Məcəlləsinə müvafiq tənzimlənir. Maddi məsuliyyət anlayışı işəgötürənlə işçinin mülkiyyət hüququnun müdafiəsi üsullarından biri hesab edilərək, müqavilə tərəflərinin bir-birinə vurduğu ziyanın ödənilməsi vəzifəsi anlamında işlənir. Tərəflərin qarşılıqlı məsuliyyəti onlar tərəfindən müqavilə üzrə vəzifə və öhdəliklərin pozulması nəticəsində meydana gəlir.

Tərəflərdən birinin digərinə vurduğu zərərə görə məsuliyyətin yaranması üçün aşağıda qeyd olunmuş şərtlərin eyni zamanda mövcud olması zəruridir (ƏM maddə 191):

  • ziyanın həqiqətən vurulmasının müəyyən olunması;
  • təqsirli tərəfin əməlinin, yəni hərəkət, yaxud hərəkətsizliyinin qanuna uyğun olmaması;
  • təqsirli tərəfin qanunazidd əməli ilə həmin əməlin nəticəsi arasında səbəbli əlaqənin olması.

Maddi məsuliyyət tərəflərdən birinin digər tərəfə vurduğu zərər  aşkarlandığı gündən yaranır. Lakin zərərin vurulduğu günlə onun aşkar olduğu gün üst-üstə düşməyə bilər.

Məsələn, 2022-ci ilin aprel ayında işçinin təqsiri üzündən işəgötürənə ziyan vurulmuşdur. İşəgötürənə isə bu fakt 2022-ci il 16 mayda məlum olmuşdur. Bu halda işçinin işəgötürən qarşısında məsuliyyəti 16 may 2022-cil ildən yaranmış olacaqdır.

Əgər tərəflərdən biri qarşı tərəfin ona ziyan vurduğunu iddia edərsə, həqiqətən ziyanın vurulduğunu, onun məbləğini sübut etməyə borcludur. Ziyanın vurulması sübut olunduqda təqsirli olan tərəf dəymiş ziyanın məbləğinin ödənilməsini təmin etməlidir.

İşəgötürən tərəfindən işçiyə dəyən ziyan

İşəgötürənin işçiyə vurduğu zərərə görə  məsuliyyəti ƏM-də 195-ci maddə ilə tənzimlənir.

  • işəgötürən ƏM-nin 70-ci maddəsinə uyğun olaraq müqavilənin ləğv olunmasının zəruriliyini əsaslandırmalıdır. Əgər o, qanunvericiliklə müəyyən olunmuş qaydaları pozarsa, işçiyə vurulan ziyana görə tam məsuliyyət daşımalıdır;
  • məhkəmə yaranmış mübahisələrin həlli zamanı iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq işçinin öz vəzifəsinə bərpa edilməsilə bağlı qətnamə qəbul edir. Həmin qətnaməyə əsasən işəgötürən tərəfindən həm məcburi işburaxma ilə əlaqədar itirilmiş əməkhaqqı, həm də  işçiyə dəyən maddi, mənəvi zərərin  məbləğinin  ödənilməsi təmin edilməlidir;
  • işçilər üçün sağlam, təhlükəsiz əmək şəraitinin təmin olunması öhdəliyi müqavilədə mütləq şəkildə nəzərə alınmalıdır (ƏM maddə 224.2). Həmin öhdəliyin pozulması nəticəsində sağlamlığına ziyan dəymiş işçiyə, həmçinin bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə dəymiş zərər ödənməlidir;
  • işəgötürən müqaviləsi ləğv edilən işçi haqqında doğru olmayan məlumatlar yayaraq onun yenidən işə düzəlməsinə çətinliklər yarada bilər. Bu halda  işçiyə dəyən maddi və mənəvi zərərə görə məsuliyyət işəgötürənin üzərinə düşür.

Həmçinin işəgötürən:

  • iş prosesində işçinin şəxsi əşyalarının mühafizəsinə, qorunmasına əməl edilmədikdə;
  • əməkhaqqı və digər ödənişlər düzgün hesablanaraq işçiyə ödənilmədikdə;
  • müqaviləyə işçilərin hüquqlarını məhdudlaşdıran şərtlər daxil edilərək onlara maddi, mənəvi zərər vurulduqda;
  • müqavilə üzrə digər öhdəliklərə əməl edilmədikdə məsuliyyət daşıyır.

İşçi tərəfindən işəgötürənə dəyən ziyan

İşçilərin maddi məsuliyyəti ƏM-nin 198-206 nömrəli maddələri əsasında tənzimlənir. Onların üzərinə düşən başlıca vəzifələrdən biri də fəaliyyət göstərdiyi müəssisənin əmlakını dəyə biləcək hər bir zərərdən qorumaqdır. İşçinin məsuliyyəti onun hərəkət və hərəkətsizliyi nəticəsində işəgötürənə  yetirdiyi zərərin təsdiqləndiyi vaxtdan yaranır. Onun bilərəkdən etdiyi hər hansı bir qanuna zidd hərəkətlər (hərəkətsizlik)  işəgötürənin gələcəkdə əldə edə biləcəyi gəlirdən məhrum olmasına səbəb ola bilər. Belə olduqda işəgötürənə vurulan ziyan məhkəmənin qərarına əsasən həmin gəlirin məbləğində işçi tərəfindən ödənilməlidir.

Maddi məsuliyyətin növləri

Dəymiş zərərin ödənilməsi qaydasından, təqsirin formasından asılı olaraq işçilərin maddi məsuliyyətinin  2 növü var:

  • orta aylıq əməkhaqqı məbləğinədək maddi məsuliyyət;
  • tam maddi məsuliyyət, əməkhaqqı məbləğindən asılı olmayaraq ziyanın tam şəkildə ödənməsi.

Tam maddi məsuliyyət tərəflər arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqavilələr əsasında yaranır. Bu müqavilələr əmək müqaviləsinə əlavə olaraq hazırlanır və yalnız əmlakın, digər sərvətlərin təhlükəsizliyinin qorunmasını öz üzərinə götürən işçilərlə bağlanılır. Həmin işçilərə misal olaraq:

  • anbardar;
  • kassir;
  • təsərrüfat müdiri və s. göstərmək olar.

Maddi məsuliyyət müqaviləsi kiminlə bağlanır?

Müqavilə 18 yaşı tamam olan  şəxslərlə bağlanılır. Həmin sənəd üzrə məsuliyyət fərdi və kollektiv ola bilər. İşçi müqavilə üzrə ona etibar edilmiş əmlaka dəyən zərərə görə tam maddi məsuliyyət daşıyır. Maddi məsuliyyət müqaviləsinin bağlanmadığı halda, əgər işçinin təqsiri cinayət tərkibli deyilsə, dəyən ziyanın  orta əməkhaqqı məbləğində ödənilməsi təmin edilməlidir.

İşəgötürənə vurulmuş zərərə görə işçinin məsuliyyətə cəlb olunmadığı hallar aşağıdakılardır (ƏM maddə 201.1):

  • təbii fəlakətlər – sellər, daşqınlar, yanğınlar və s;
  • normal təsərrüfat, texnologiya riski;
  • son zərurət vəziyyəti;
  • zəruri müdafiə halı.

Qeyd olunan hallarda işçilərin davranışı qanunauyğun hesab edilir və onlar vurulmuş maddi ziyanı  ödəməyə borclu deyillər.

Maddi ziyan necə ödənir?

İşçi vurulmuş zərəri  könüllü olaraq tam, ya da qismən ödəyə bilər,  həmçinin tələf olmuş əmlakın yenisi ilə əvəzlənməsi, işçinin öz vəsaiti hesabına təmir edilməsi  də mümkündür. Ödəmə  2 yolla icra oluna bilər:

  • işəgötürənin əmrinə əsasən;
  • məhkəmə qaydasında.

Orta əməkhaqqıdan çox olmayan məbləğin ödənməsi işəgötürənin əmrinə əsasən yerinə yetirilir. Dəyən ziyanın məhkəmə vasitəsilə ödənməsi isə  aşağıdakı hallarda mümkündür:

  • ziyan işçinin tam maddi məsuliyyət  daşıdığı halda vurulmuşsa;
  • ziyanın məbləği işçinin orta aylıq əməkhaqqısından çox olarsa;
  • işçi ziyanı könüllü ödəməkdən imtina edərsə.

İşəgötürənin əmri ilə razılaşmayan işçinin qanunvericiliyin qaydalarına müvafiq olaraq məhkəməyə müraciəti mümkündür.

E-Qaimə üzrə sübutetmənin təşkili

Print Friendly, PDF & Email