Uçotsuz biznesin aqibəti yaxud mühasibat uçotu niyə vacibdir?

posted in: Xəbər | 0
birbank biznes

Biznesin inkişafına təkan verən mühasibatlıq

Uçot müəssisə, sahibkar üçün önəmlidir, onlar uçot – hesabat işçilərinin xidmətindən müntəzəm yararlanırlar. Biznesdə mühasibat uçotunu  rolu danılmazdır. Mühasiblər  həmişə biznesin xidmətində, sahibkarın yanındadır. Təsadüfi deyil ki, mühasibatlıqla bağlı tez-tez vakansiyalara rast gəlmək olur.

Əvvəlki bölmədə mühasibat uçotu, maliyyə hesabatlarını müəssislərin təsərrüfat fəaliyyətini əks etdirən güzgü kimi xarakterizə etmişdik. Biznesin müntəzəm təkmilləşdirilməsi menecerlərdən onun güclü və zəif tərəflərini bilməyi tələb edir. Biznes-mühitində rəhbərin əsas vəzifəsi fəaliyyəti:

  • nəzarətdə saxlamaq;
  • təhlil etmək;
  • düzgün qərar qəbul etməkdir.

Mühasibat uçotu olmadan şirkətin gələcək fəaliyyətini planlaşdırmaq mümkünsüzdür. Uçot məlumatları menecerlərə şirkətin strategiyasını qurmağa, həmçinin mövcud inkişaf planına dəyişikliklər etməyə imkan verir. Həm də təsərrüfat subyektlərində mühasibat uçotu qeydlərinin qanuna müvafiq aparılması məcburidir (“Mühasibat uçotu haqqında” AR qanunu, maddə 3.1):

Müəssisədə bank, kassa, müxtəlif debitorlar, kreditorlarla hesablaşmaların, mal-xidmətlərin alqı-satqısının, əsas vəsaitlərin hərəkətinin, işçilərlə ödənişlərin, müxtəlif  təsərrüfat əməliyyatlarının uçotu aparılır. Aparılan uçotun əsas məqsədlərini aşağıdakı kimi sıralamaq olar:

  • müəssisənin maliyyə durumunu istənilən anda qiymətləndirmək;
  • aktivlər, öhdəliklər, gəlir, xərc, kapital barədə məlumatlı olmaq;
  • müəssisənin effektivliyini əyani görmək;
  • sənədləşdirilmiş dəqiq məlumatlar əsasında gələcək fəaliyyətlə bağlı qərarların qəbulu;
  • dövlət və digər qurumlar qarşısında öhdəlikləri vaxtında icrası. 

İş olanda əyani yaxud mühasibat uçotu vacibdirmi?

Əhməd sahibkardır, kiçik dükanında uşaq oyuncaqlarını pərakəndə üsulla satır. Sadələşdirilmiş vergi ödəyicisidir, uçot-hesabat işlərini kənardan xidmət göstərən mühasibə həvalə edib. Beynəlxalq uşaq günü xeyriyyə təşkilatlarından biri uşaq evlərinə hədiyyə vermək məqsədi ilə böyük həcimdə oyuncaq sifariş edir. Problem odurki:

  • iri həcmli sifarişlər qəbulu onun təcrübəsində yenilikdir;
  • potensial müştəri satışda olmayan oyuncaqları sifariş siyahısına salmaq istəyir.

Sifarişçiyə həm də qısa zaman ərzində tövsiyə edilə biləcək oyuncaqların siyahısı, təmin edilmə müddətlərini təqdim edilməlidir. Belə sifarişi heç kim itirmək istəməz, çünki:

  • əlavə gəlirdir;
  • reklam üçün gözəl fürsətdir.

Problem tək bunlarla bitmir, Əhməd sahibkar olaraq:

  • əməliyyatların uçotunu aparmır;
  • anbarında oyuncaqların qalığı haqqında dəqiq məlumata malik deyil.

Anbar qalığını müəyyənləşməsi, müştəriyə təklif hazırlamaq xeyli vaxtını alaraq müştərilərə göstərilən xidmətin keyfiyyətinə təsirsiz ötməyəcək. Nəticədə Əhməd:

  • sifarişi icra edə bilməyərək potensial müştərini qaçıracaq;
  • mövcud müştərilərinin müəyyən qismini itirəcək.

Onu çəkindirən başqa şərt də var: dostlara gedəndə, yaxud başqa oxşar hallarda uşaqlara hədiyyələr edir. Mühasibat uçotu aparmadığından gəlir-xərclər üzrə təxmini məlumatlar biznesin gəlirliyini ölçməyə kifayət deyil. Bu onu yeni addımlar atmaqdan çəkindirir.

Qəhrəmanımızın başqa variantı da var – biznesini satmaq. Qonşuluğa yeni köçmüş sahibkar Əhmədin biznesini almaq istəyir. Biznesində heç bir hesabata sahib olmayan, səmərəliliyini ölçə bilməyən bizim sahibkar, qiymət təyin edə  bilmir. Fəaliyyəti müddətində qəhrəmanımız kassadakı nağd pulla kifayətlənmiş, həmin pul ailəsinin dolanışığına kifayət etdiyinə görə hesablamalar aparmamışdı.

Nəticə: Bütün təsərrüfat əməliyyatlarının uçotu vaxtında aparılsaydı:

  • hansı maldan nə qədər qaldığını;
  • hər birinin maya dəyərini;
  • endirimli qiymətlə təklifini anında demək olardı.

Yekunda Əhməd potensial müştərilər cəlb edib daha çox gəlir qazanardı. Amma düzgün uçot siyasəti olmadığından bu baş vermir.

Yuxarıdakı nümunə mühasibat uçotsuz biznesin gec-tez qarşılaşacağı haldır.

Mühasibat uçotunun məqsədi

Mühasibat uçotuna sistemli və elmi yanaşmanı ilk dəfə ortaya qoymuş Luka Paçoli kommersiya işlərinə riyaziyyatın tətbiqinə həsr edilmiş əsərində yazırdı:

“Kim düzgün ticarət aparmaq istəyirsə, 3 şərtə mütləq əməl etməlidir:

  • Birincisi və ən əsası, nağd pul və digər qiymətliləri olmalıdır;
  • İkincisi, kitab tutmaq və sürətli hesablamağı bacarmalıdır;
  • Üçüncüsü isə, işini elə qurmalıdır ki, gecikmədən borclar, əmlak və öhdəlikləri barədə məlumat ala bilsin”.

Pul biznesin əsası və “damarlardan axan qanı”dır (Aristotel). Qan insan damarları ilə axaraq bədən üzvlərinin fəaliyyətini təmin edir və insan orqanizminə fayda gətirir. Eyni qaydada pul da müəssisənin ayrı-ayrı strukturlarından keçib təsərrüfat fəaliyyətinin daxili və kənar iştirakçıları arasında dövr etməklə sahibinə qazanc gətirir. Pulun belə hərəkəti iqtisadiyyatda pul axını adlanır.  İstənilən  axın  nəzarətdə  saxlanmalı  və  idarə  olunmalıdır.  Məhz  bu,  “kitab tutmaq və sürətli hesablamağı bacaran” qurumun – mühasibatlıq və bu qurumun əməkdaşlarının- mühasiblərin mövcudluğunu zəruri edir.

Hər bir manatın hara və nə qədər sərf edilməsi, qeydiyyatının aparılması və məqsədəuyğunluğunun izlənməsi sahibkar üçün vacibdir. Müəssisədə uçot işləri elə qurulmalıdır ki, sahibkar “gecikmədən borclar, əmlak və öhdəliklər barədə məlumat ala bilsin”.

Paçoli sahibkarın (tacir, istehsalçı, xidmət göstərən və s.) öz işlərinin mövcud vəziyyəti barədə məlumat əldə etmə və fəaliyyətin maliyyə nəticəsini hesablama istəyini uçot qeydlərinin aparılmasının başlıca məqsədi kimi qeyd etmişdir.

Luka Paçoli mühasibat uçotu və onun vacibliyi haqqında

Müasir dövrdə mühasibat uçotunun əsas məqsədi yuxarıda qeyd ediləndən elə də fərqlənmir. Sadəcə mövcud vəziyyət və fəaliyyətin maliyyə nəticələri ilə bağlı məlumatlardan faydalanan şəxslərin əhatəsi genişlənib.

Print Friendly, PDF & Email