Vəkillərin və mühasiblərin sosial sığorta ödənişləri necə hesablanır?

posted in: Xəbər | 0

Ezamiyyə, əmək haqqı hesablanması, Vakansiya Baş Mühasib“Sosial sığorta haqqında” Qanunun 14.5.5-ci maddəsinə əsasən, vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər gəlirlərinin 10 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər. İqtisadçı ekspert İsmayıl Bağırov mövzu ilə bağlı maraq doğuran məsələləri açıqlayır.

Hesabat dövrü ərzində xidmətlərin göstərilməsindən əldə olunan gəlirlərlə həmin dövr üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan xərc məbləği arasında yaranan fərqdən ibarət olan məbləğ sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəkillər kollegiyasının üzvlərinin, sərbəst auditorların, sərbəst mühasiblərin məcburi dövlət sosial sığortasına cəlb olunan gəliri hesab olunur. Həmin şəxslər üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləği sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün müəyyən edilmiş dərəcələrlə hesablanmış məcburi dövlət sosial sığorta haqqı məbləğindən az olduqda, onlar məcburi dövlət sosial sığorta haqqını sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün müəyyən edilmiş dərəcələrlə ödəməlidirlər.

Misal 1: Bakı şəhərində sərbəst auditor fəaliyyəti göstərən Şərqiyyə Şəfəq 2020-ci ilin sentyabr ayında auditor xidmətinin göstərilməsi üçün 5 firma ilə müqavilə bağlayıb. Həmin ay sərbəst auditorun bağlanmış müqavilələr üzrə gəliri 1.600 manat, həmin dövr üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan xərc məbləği 900 manat, məcburi dövlət sosial sığortasına cəlb olunan gəliri 700 manat, ona hesablanmış məcburi dövlət sosial sığorta haqqı məbləği 70 (700 x 10%) manat təşkil edir. Ölkə üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün müəyyən edilmiş ən aşağı məcburi dövlət sosial sığorta haqqı məbləği 37,5 manat (250 x 15% = 37,5 manat) təşkil edir. Ona görə də 70 manat 37,5 manatdan çox olduğundan həmin şəxs hər ay 70 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

Misal 2: Naxçıvan şəhərində fəaliyyət göstərən və vəkillər kollegiyasının üzvü olan Rəsul Qara 2020-ci ilin sentyabr ayında vəkillik xidmətinin göstərilməsi üçün 3 firma ilə müqavilə bağlayıb. Həmin ay vəkilin bağlanmış müqavilələr üzrə gəliri 800 manat, həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan xərc məbləği 740 manat, məcburi dövlət sosial sığortasına cəlb olunan gəliri 60 manat, ona hesablanmış məcburi dövlət sosial sığorta haqqı məbləği 6 (60 x 10%) manat təşkil edir. Ölkə üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün müəyyən edilmiş ən aşağı məcburi dövlət sosial sığorta haqqı məbləği 37,5 manat (250 x 15% = 37,5 manat) təşkil edir. Ona görə də 6 manat 37,5 manatdan az olduğundan həmin şəxs hər ay 37,5 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

Misal 3: Bakı şəhərində sərbəst mühasib fəaliyyəti göstərən Şamil Sahil 2019-cu ilin sentyabr ayında mühasibat xidmətinin göstərilməsi üçün 4 firma ilə müqavilə bağlayıb. Həmin ay sərbəst mühasibin bağlanmış müqavilələr üzrə gəliri 2.000 manat, həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan xərc məbləği 700 manat, məcburi dövlət sosial sığortasına cəlb olunan gəliri 1.300 manat, ona hesablanmış məcburi dövlət sosial sığorta haqqı məbləği 130 manat təşkil edir.

1.300 x 10% = 130 manat

Ölkə üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün ən aşağı məcburi dövlət sosial sığorta haqqı məbləği 37,5 manat (250 x 15% = 37,5 manat) təşkil edir. Ona görə də 130 manat 37,5 manatdan çox olduğundan həmin şəxs hər ay 130 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

Qeyd edək ki, Vəkillər Kollegiyasında və onun nəzdində olan hüquq məsləhətxanalarında işləyənlər və vəkillər kollegiyasının üzvü olmayanlar üçün əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi, hesablanmış əməkhaqqından 3 faiz miqdarında məcburi dövlət sosial sığorta haqqı Vəkillər Kollegiyası və onun nəzdində olan hüquq məsləhətxanaları tərəfindən ödənilir.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşsizlikdən sığorta haqqında Qanuna dəyişiklik edilib

posted in: Xəbər | 0

Statistika Komitəsi, Əmək Məcəlləsi, Əmək Məcəlləsində dəyişiklik, DVX, cərimə, Nizamnamə, yoxlamalar, sahibkarlıq, Nağdsız hesablaşmalar, Lisenziyalar və icazələr“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1514; 2018, № 12 (I kitab), maddə 2503; 2019, № 3, maddə 381, № 8, maddə 1382; 2020, № 5, maddə 521) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“1.2. Bu Qanuna uyğun olaraq sığorta ödənişi əmək münasibətlərinə bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla xitam verilmiş şəxslərə şamil edilir.”.

2. 4.0.5-ci maddədən “sığorta stajından və” sözləri çıxarılsın.

3. 13-cü maddə üzrə:

3.1. 13.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“13.1. Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər:

13.1.1. dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən;

13.1.2. işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən;

13.1.3. əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən.”;

3.2. 13.2.1-ci maddəyə “işsizliyin” sözündən əvvəl “bu Qanunun 13.1.1-ci və 13.1.2-ci maddələrində nəzərdə tutulan hallarda” sözləri əlavə edilsin və həmin maddədən “, lakin ən azı 3 il” sözləri çıxarılsın;

3.3. 13.2.2-ci maddəyə “işsizliyin” sözündən əvvəl “bu Qanunun 13.1.1-ci və 13.1.2-ci maddələrində nəzərdə tutulan hallarda” sözləri əlavə olunsun və həmin maddədə “3” rəqəmi “1” rəqəmi ilə əvəz edilsin;

3.4. 13.2.2-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 13.2.3-cü maddə əlavə edilsin:

“13.2.3. bu Qanunun 13.1.3-cü maddəsində nəzərdə tutulan halda işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 35 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay sonra – bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində.”;

3.5. 13.5-ci maddədə “İlk dəfə” sözləri “Bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, ilk dəfə” sözləri ilə əvəz olunsun və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxslərə təkrar sığorta ödənişinin təyin olunmasına yol verilmir.”;

3.6. 13.6-cı maddəyə “6 ay” sözlərindən sonra “, bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxslərə 3 ay ” sözləri əlavə edilsin;

3.7. 13.8-ci maddəyə “12 ay” sözlərindən sonra “, bu Qanunun 13.2.3-cü maddəsinə uyğun olaraq isə 36 ay” sözləri əlavə edilsin.

4. 14.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“14.1. Bu Qanunun 13.2.1-ci maddəsində nəzərdə tutulan şəxslər üçün sığorta ödənişi sığorta stajından asılı olmayaraq, onların itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır.”.

5. 17-ci maddə üzrə:

5.1. 17.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“17.1. Bu Qanunun 13.1-1-ci maddəsinə uyğun olaraq sığorta ödənişi avtomatlaşdırılmış qaydada təyin olunur. Sığorta ödənişinin avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün tələb olunan sənədlər (məlumatlar) tam olmadıqda isə həmin sənədlərin (məlumatların) təqdim olunmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə sığortaolunanın elektron ünvanına və mobil telefonuna (olduğu halda) bildiriş göndərilir.”;

5.2. 17.7-ci maddənin birinci və ikinci cümlələrinə ismin müvafiq hallarında “alan şəxs” sözlərindən sonra ismin müvafiq hallarında “, habelə bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxs” sözləri əlavə edilsin;

5.3. 17.8-ci maddəyə “alan şəxslərin” sözlərindən sonra “, habelə bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxslərin” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 avqust 2020-ci il.

Mənbə: president.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gömrük qaydaları sərtləşdi

posted in: Xəbər | 0

Bu həftədən etibarən şəxsi istifadə üçün Azərbaycana mal gətirilməsi qaydası sərtləşdirilib.

Belə ki, Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda etdiyi dəyişikliyə əsasən, ölkənin gömrük ərazisinə ayda bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azaddır. İndiyə qədər bu şərt ümumi gömrük dəyəri 1 500 ABŞ dollarından (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dollarından) artıq olmayan mallara aid edilirdi.

Həmçinin beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. İndiyə qədər bu məbləğ 1 000 ABŞ dolları idi.

Bu dəyişikliklər elan olunan gündən müxtəlif ekspertlər, millət vəkilləri, sahibkarlar qərarın mənfi və müsbət tərəflərini müzakirəyə çıxarıblar.

Qərarı müsbət tərəfdən qiymətləndirən şəxslərin fikrinə görə, bir çox xarici ölkələrdə bənzər qərarlar qəbul olunur və bu, daxili sahibkarlığın inkişafına istiqamətlənib. Lakin istənilən halda yeni qaydaların icra olunması sahəsində vətəndaşların rahatlığının təminatı əsas məqsəd olaraq qalmalıdır.

Əks fikir səsləndirənlər isə əsas arqument kimi bir sıra malların Azərbaycanda daha baha olması və ölkə xaricindən sifariş olunmasının daha sərfəli olmasını bildirirlər. “Report” müxtəlif məhsulların qiymət fərqi ilə bağlı infoqrafika hazırlayıb:

Belə ki, əgər əvvəl vətəndaşlar xaricdən müxtəlif daşıyıcalar vasitəsilə gətirdikləri 1 000 ABŞ dolları dəyərində məhsullar üçün əlavə gömrük rüsumu ödəmədikləri halda, indi bu limit 300 ABŞ dollarına və birdəfəlik qaydada olacaq. Nəticədə misal üçün 350 ABŞ dolları məbləğində bir məhsul sifariş edən şəxs (nəzərə alaq ki, texnika və bəzi geyim əşyaları üçün bu məbləğ elə də çox deyil) bağlamanı götürmək üçün əvvəlki kimi daşıyıcı şirkətin ofisinə deyil, əlavə 50 ABŞ dolların rüsumunu ödəmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportundakı terminala gəlməlidir.

Bəs burada vətəndaşı nə gözləyir? Şəxsiyyətini təsdiq edən sənədi təqdim edib birka götürdükdən sonra digər şöbəyə sənədləşmə üçün göndərilir, burada 5 manat dövlət rüsumu olan müəyyən sənədlər hazırlanır, həmin sənədlərlə digər şöbəyə göndərilir, burada malın anbarda qalma günləri hesablanacaq 30-50 manat. Vay o gündən ki, nəsə sifariş edəndən sonra ölkədən çıxmısız və ya dünyanı cənginə alan koronavirusa yoluxub 1 aya qədər sosial izolyasiya şərtlərinə əməl etməlisiniz – bu halda anbarda qalma müddətinə görə ödəniş bir neçə 100 manatı ötə bilər. Anbara görə ödənişi etdikdən sonra məhsulun əlavə dəyəri üçün tətbiq olunan 36 faizlik rüsumun ödənilməsi üçün digər şöbəyə yönləndirilir. Bu prosedurları keçmiş şəxslərin “Report”a verdiyi məlumata görə, bütün bu işlər üçün bəzən aeroportda 7-8 saata qədər vaxt itirmək lazımdır. Avtomobili dayanacaqda saxlamağın xərci də öz yerində. Digər tərəfdən, nəzərə alsaq ki, bütün prosedurlar iş saatlarında həyata keçirilməlidir, bağlama götürmək üçün gedən şəxslər faktiki olaraq iş saatlarını itirirlər.

Beləliklə, cüzi məbləğdə əlavə dövlət rüsumunun ödənilməsi üçün həm bütün günü itirmək, həm xeyli əlavə xərc çəkmək lazımdır.  Azərbaycanda fəaliyyət göstərən müxtəlif daşıyıcı şirkətlərin təqdim etdiyi rahat çatdırılma fonunda bu cür çətin prosedurların keçirilməsi şərti ilə qəbul olunan qərar vətəndaşlar arasında narazılığa səbəb olub. Halbuki istənilən kiçik daşıyıcı şirkətin asanlıqla onlayn formada qurduğu xidmətin dövlət komitəsi tərəfindən də göstərilməsi insanların işini asanlaşdıra bilər.

Bununla belə, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt Göndərişləri Gömrük Postunun rəisi Üzel Gülmalıyev “Report”a açıqlamasında bildirib ki, hazırda Komitə yeni innovativ layihələr reallaşdırmaqdadır: “Bu istiqamətdə sürətli işlər aparılır. Yaxın zamanda gömrük orqanlarının vahid portal şəklində fəaliyyət göstərən yeni bir proqram təminatı vətəndaşlarımızın istifadəsinə veriləcək. Bu proqram təminatının üstünlüyü odur ki, vətəndaşlar gömrük ödənişlərini gömrük orqanına yaxınlaşmadan tam onlayn qaydada həyata keçirə biləcək. Burada rəhbər tutulan əsas prinsiplərdən biri vətəndaş məmur təmasının aradan qaldırılmasıdır. Sözügedən proqram təminatı bir növ gömrük orqanlarının vətəndaşlara rahatlıqla bağlı verdiyi yeni fürsətdir. Bununla vətəndaşlar əvvəlcədən öz bağlamalarını gömrük orqanlarına tam elektron qaydada rəsmi şəkildə bəyan edə biləcək və əgər ödəniş nəzərdə tutulursa, ödəmə şansı əldə edəcəklər”.

“Könüllü fəaliyyəti haqqında” Qanuna dəyişiklik ediləcək

posted in: Xəbər | 0

Sosial müavinətlər, əmək fəaliyyəti, İnzibati Xətalar Məcəlləsi, əmək müqaviləsi, Xeyriyyəçilik, sahibkarlıq, Cinayət-Prosessual Məcəlləsi, Sosial yardım, dövlət rüsumu, Sosial sığorta, Vergi Məcəlləsində dəyişiklik, Vergi orqanlarının vəzifəli şəxsləri, müavinət, lisenziyadan azad, icazələr, Lisenziyalar, -ci il üçün ehtiyac meyarı“Könüllü fəaliyyəti haqqında” qanuna dəyişiklik ediləcək.

Bu barədə Milli Məclisin Gənclər və idman komitəsinin payız sessiyası üçün qanunverici işlər planında qeyd edilib.

Bildirilib ki, payız sessiyası ərazində “İcbari tibbi sığorta haqqında” qanuna dəyişikliklər edilməklə könüllülərin sığorta edilməsinin həyata keçirilməsi məsələsi komitədə müzakirə ediləcək.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun