Dəfn üçün müavinət almaq hüququ olan şəxslər

posted in: Müavinət, Xəbər | 0

Gec ya tez, hər kəs ölümlə üzləşir. Bəzən insanları yaxınları üçün layiqli dəfn mərasiminə  kifayət qədər vəsaitləri olmayacağı narahat edir. Dəfn ailə büdcəsinə ciddi zərbə vuran gözlənilməz və ciddi xərcdir. Amma dövlət tərəfindən müəyyən edilmiş ödənişlər vasitəsi ilə bu xərci nisbətən yumşaltmaq olar.  Dəfn üçün müavinət yaxud xalq arasında dəfn pulu adlanan vəsait belə ödənişlərdəndir.

Dəfn üçün müavinət nədir?

Ölüm hadisəsi “Sosial sığorta haqqında” AR qanununa görə sosial sığorta hadisəsi sayılır (maddə 4). Həmin qanunun 6-cı maddəsində sadalanan sosial sığorta hadisəsi baş verdikdə sığorta aylıq yaxud birdəfəlik ödəmələr verir ki, onlardan biri də dəfn üçün müavinətdir.

Daha çox dəfn pulu adlandırılan bu sosial sığorta ödənişi dəfn xərclərini ödəmək üçün birdəfəlik  təyin edilir.

Sığortaolunan, əmək pensiyaçısı yaxud sosial müavinətlər alan şəxslər vəfat etdikdə dövlət onların ailə üzvlərini bu müavinətlə təmin edir. Dəfnə görə müavinətlər əmək pensiyaçısı vəfat etdikdə, onun qeydiyyatda olduğu ərazidəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF)  orqanları tərəfindən, sığortaolunanın vəfatı ilə bağlı əmək müqaviləsinə xitam verildikdə sığortaedənin uçotda olduğu DSMF tərəfindən kompensasiya edilməklə işəgötürən tərəfindən verilir.

  • sığortaolunanların müavinət məbləği sosial müavinətlər haqqında qanuna uyğun ödənilir;
  • əmək pensiyaçıları üzrə dəfn üçün müavinət əmək pensiyaları haqqında qanuna əsasən müəyyənləşir;
  • əgər vəfat edən eyni anda həm sığortaolunan, həm də əmək pensiyaçısıdırsa, bu halda dəfn pulu kimi məbləği daha çox olan müavinət ödənməlidir.

Nümunə: Əmək pensiyaçısına təyin edilən dəfn üçün müavinət minimum pensiyanın üç misli qədərindədir. Tutaq ki, ölən şəxsin pensiyası 240 manatdır, bu zaman təyin olunan dəfn pulu 240 x 3= 720 manat olacaq.

Başqa hala baxaq.

Tutaq ki, şəxsin pensiya məbləği 720, sığortaolunan kimi müavinəti 500 manatdır. Bu halda dəfnə görə daha çox məbləği olan müavinət, yəni 720 manat ödəniləcək.

Müavinəti almaq hüququ olan şəxslər

Dəfn üçün müavinət almaq hüququ olan şəxsləri iki kateqoriyaya bölmək olar:

  • Azərbaycan Respublikasının vətəndaşları;
  • Respublika ərazisində daimi yaşayan, vətəndaşlığı olmayan şəxslər və əcnəbilər.

Sonuncular üçün bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmadıqda yaranır.

Dəfn pulu almaq hüququ olan aşağıdakı şəxslər vəfat etdikdə müavinət təyin olunur:

  • sığortaolunan;
  • əmək pensiyaçısı;
  • işsizlikdən sığorta ödənişini alan şəxs;
  • dövlət qulluqçularına ömürlük, yaşa görə, əlillik, ailə başçısının itirilməsi, əlilliyi olan 18 yaşı tamam olmayan uşaqlara verilən  müavinətlərdən hər hansı birini alan  şəxslər vəfat etdiyi zaman.

Muzdlu işdə çalışan sığortaolunanın ölümlə əlaqədar əmək müqaviləsinə Əmək Məcəlləsinin 77.7-ci maddəsi əsasında xitam verilir və dövlət məcburi sığorta fondunun vəsaiti hesabına işəgötürən tərəfindən dəfn pulu ödənilir. Onun varislərinə ödənilən dəfn üçün müavinət ölən şəxsin aldığı orta aylıq əməkhaqqının 3 mislindən az olmamalıdır. Ölüm şəhadətnaməsinin surəti xitam əmrinin arxasına tikilir.

Bəzən sığortaolunan ilə sığortaedən eyni şəxs olur. Məsələn, öz-özünü sığortaedən fərdi sahibkar vəfat etdikdə, habelə yuxarıda sadalanan digər kateqoriyaya aid şəxslərin müavinət almaq hüququ yarandıqda Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edilə bilər.

Dəfn üçün müavinət şəxsin dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə ödənilir. Bu zaman müraciət etmə müddəti məhdudlaşdırılmayıb.

Hamiləliyə və doğuma görə müavinət

 

Print Friendly, PDF & Email