207 saylı “Digər ehtiyatlar” hesabı
Mühasibat uçotu subyektlərində qısamüddətli aktivlər kimi xarakterizə edilən ehtiyatlar Hesablar Planının 20-ci maddəsinə aid hesablar üzrə uçota alınır. Bu hesab üzrə müxabirləşmələr AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” əsasında aparılır. 207 saylı “Digər ehtiyatlar” hesabında mühasibat uçotu subyektlərində istehsal prosesində, işlərin görülməsində, xidmətlərin göstərilməsində istifadə üçün nəzərdə tutulan və aşağıdakı hesablarda uçota alınmayan qısamüddətli aktivlər haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir:
- 201 saylı “Material ehtiyatları”;
- 202 saylı “İstehsalat (iş və xidmət) məsrəfləri”;
- 203 saylı “Tikinti müqavilələri üzrə məsrəflər”;
- 204 saylı “Hazır məhsul”;
- 205 saylı “Mallar”;
- 206 saylı “Satış məqsədilə saxlanılan digər aktivlər”;
Digər ehtiyatlar əldə olunduqda qeyd edilən qaydaların 22.30-cu, mübadilə nəticəsində əldə edildikdə 22.38-ci bəndi, əvəzsiz olaraq alındıqda 22.39-cu bəndi təbiq edilir.
Digər ehtiyatlar satış məqsədilə saxlanılan başqa aktivlərə keçirilməsi həmin qaydaların 22.41-ci bəndi ilə tənzimlənir.
207 saylı “Digər ehtiyatlar” hesabı aktiv hesabdır, uçotun beynəlxalq standartlara uyğun tənzimlənməsində 2 nömrəli “Ehtiyatlar” MUBS (IAS 2) – dan istifadə edilir.
Aşağıda hesab üzrə müxabirləşmə nümunələri verilib.
Digər ehtiyatlar alındıqda mühasibat yazılışları
Nümunə 1: A” MMC tikiş fəaliyyəti ilə məşğul olur. Paltarların tikilməsi üçün lazım olan parçanın təmin edilməsi məqsədilə başqa bir şirkətlə müqavilə bağlayıb. Müqavilə şərtlərinə əsasən parçanın daşınmasını onları alan şəxs həyata keçirməlidir. 18000 manatlıq xammalın daşınması zamanı 500 manat xərc çəkilib. Eyni zamanda istehsalat binasında işləyən işçilər üçün 70 ədəd iş forması alınmışdır. 1 iş formasının qiyməti 30 manatdır.
Daşınma xərcini parçanın dəyərinin üzərinə gəlirik:
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Material ehtiyatları alındıqda | 201 – Material ehtiyatları | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 18000.00 |
2 | ƏDV hesablandıqda | 241 – Əvəzləşdirilən ƏDV | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 3240.00 |
3 | Daşınma xərci material ehtiyatlarına aid edildikdə | 201 – Material ehtiyatları | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 500.00 |
4 | Digər ehtiyatlar alındıqda | 207 – Digər ehtiyatlar | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 2100.00 |
4 | ƏDV hesablandıqda | 241 – Əvəzləşdirilən ƏDV | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 378.00 |
Digər ehtiyatlar satıldıqda müxabirləşmə nümunələri
Nümunə 2: İstehsalat binasında işləyən işçilərə alınan 70 ədəd iş formasının 50-si onların istifadəsinə verilmişdir. Qalan 20 ədəd formanın satılması nəzərdə tutulmuşdur.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Digər ehtiyatlar alındıqda | 207 – Digər ehtiyatlar | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 2100.00 |
2 | ƏDV hesablandıqda | 241 – Əvəzləşdirilən ƏDV | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 378.00 |
3 | İşçilərin istifadəsinə verilən formalar istehsalat məsrəflərinə aid edildikdə | 202 – İstehsalat (iş və xidmət) məsrəfləri | 207 – Digər ehtiyatlar | 1500.00 |
4 | Digər ehtiyatlar satış məqsədi ilə saxlanılan aktivlərə aid edildikdə | 206 – Satış məqsədi ilə saxlanılan digər aktivlər | 207 – Digər ehtiyatlar | 600.00 |
Sözügedən 20 ədəd forma satıldığı zaman uçota alınması aşağıdakı kimidir:
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Satış üçün ayrılmış avadanlıq silindikdə | 701 – Satışın maya dəyəri üzrə xərclər | 206 – Satış məqsədi ilə saxlanılan digər aktivlər | 600.00 |
2 | Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda | 217 – Digər qısamüddətli debitor borcları | 611 – Sair əməliyyat gəlirləri | 700.00 |
3 | ƏDV nəzərə alındıqda | 217 – Digər qısamüddətli debitor borcları | 545 – Digər qısamüddətli öhdəliklər | 126.00 |
Əskikgəlmə zamanı müxabirləşmələr
Nümunə 3: “A” MMC-də aparılan audit yoxlaması zamanı müəssisəyə məxsus, anbardakı 120 manat dəyərində olan ehtiyatların əskik gəlməsi halı aşkarlanmışdır. Auditor əskik gəlmənin səbəbini işçinin məsuliyyətsiz yanaşması kimi qiymətləndirmiş, sözügedən işçi ona qarşı qaldırılan bütün iddiaları qəbul etmişdir. Bu zaman, əskik gələn ehtiyatlar işçinin hesabına aid edilmiş, onun əməkhaqqısından tutulmuşdur. “A” MMC üçün bu əməliyyat ehtiyatların təqdim edilməsi kimi hesab edilmişdir.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Əskik gələn məhsullar silindikdə | 731 – Sair əməliyyat xərcləri | 207 – Digər ehtiyatlar | 1200.00 |
2 | Məhsullar müəssisə işçisinin hesabına aid edildikdə | 217 – Digər qısamüddətli debitor borcları | 611 – Sair əməliyyat gəlirləri | 1200.00 |
3 | ƏDV hesablandıqda | 217 – Digər qısamüddətli debitor borcları | 545 – Digər qısamüddətli öhdəliklər | 216.00 |
4 | Təqsirkar şəxsin əməkhaqqısından tutulma edildikdə | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 217 – Digər qısamüddətli debitor borcları | 1416.00 |
5 | Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) | 545 – Digər qısamüddətli öhdəliklər | 521 – Vergi öhdəlikləri | 216.00 |
6 | Hesabat dövrü üzrə yaranmış vergi öhdəliyi büdcəyə ödənildikdə | 521 – Vergi öhdəlikləri | 226 – ƏDV-nin Depozit hesabı | 216.00 |
2-ci halda mebellərin əskik gəlməsinin səbəbləri, bundan təqsirkar hesab edilən şəxslər məlum olmur. Eyni misal üzərindən təsəvvür edək ki, təqsirkar şəxs məlum deyil, onun təyin edilməsi mümkün deyil.
Alış tarixində ƏDV əvəzləşdirilməmişdir:
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Əskik gələn məhsullar silindikdə | 731 – Sair əməliyyat xərcləri | 207 – Digər ehtiyatlar | 1200.00 |
2 | Əskik gələn məhsulların ƏDV-si silindikdə | 731 – Sair əməliyyat xərcləri | 241 – Əvəzləşdirilən ƏDV | 216.00 |
Alış tarixində ƏDV əvəzləşdirilmişdir:
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Əskik gələn məhsullar silindikdə | 731 – Sair əməliyyat xərcləri | 207 – Digər ehtiyatlar | 1200.00 |
2 | Əskik gələn məhsulların əvəzləşdirilmiş ƏDV-si qədər büdcə qarşısında öhdəlik yarandıqda | 731 – Sair əməliyyat xərcləri | 521 – Vergi öhdəlikləri | 216.00 |
Mallar (iş, xidmət) alındıqda əvəzləşdirilməyən ƏDV
Nümunə 4: ƏDV ödəyicisi olmayan “A” məhdud məsuliyyətli cəmiyyəti iyun ayında “B” məhdud məsuliyyətli cəmiyyətindən 6000 manatlıq ehtiyatları almışdır. Borcun əsas, ƏDV məbləği həmin ay tam şəkildə ödənilmişdir.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Ehtiyatların alışı həyata keçirildikdə | 207 – Digər ehtiyatlar | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 6000.00 |
2 | ƏDV hesablandıqda | 241 – Əvəzləşdirilən vergilər | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 1080.00 |
3 | Əvəzləşdirilməyən ƏDV məbləği ehtiyatların dəyərinin üzərinə əlavə edildikdə | 207 – Digər ehtiyatlar | 241 – Əvəzləşdirilən vergilər | 1080.00 |
4 | Əsas məbləğ ödənildikdə | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 223 – Bank hesablaşma hesabları | 6000.00 |
5 | ƏDV məbləği ödənildikdə | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 226 – ƏDV-nin Depozit hesabı | 1080.00 |