Dividenddən ödəmə mənbəyində vergi necə tutulur?

posted in: Xəbər | 0

ÖMV dividendlərə necə tətbiq olunur?

Ödəmə mənbəyində vergi tutulan gəlir növlərində biri dividendlərdir. Həmin gəlirlərdən ödəmə mənbəyində verginin tutulması qaydasını daha yaxşı anlamaq üçün  ilk öncə onun nə olduğunu bilməliyik. “Dividend” anlayışı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.15 maddəsində şərh olunub.

AR VM, maddə 13.2.15:

“Dividend – hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir”.

Bir az sadə desək, dividendlər şirkətin səhmdarları arasında, onların payına mütənasib olaraq bölüşdürülən mənfəətin bir hissəsidir. Səhm paketi nə qədər böyükdürsə, səhmdara bir o qədər çox dividend ödənir.

Biznes hesabi

Səhmdarların aldığı dividend məbləğləri fərqli mənbələrdən ola bilər. Mənbəyindən asılı olmayaraq, onlar gəlir hesab edilir, qanunvericiliyə uyğun olaraq dividend gəlirləri vergitutma obyekti sayılır və ödəmə mənbəyində vergi tutulur.

Səhmlərlə bağlı əməliyyatlar zamanı hesablanan gəlirlərin heç də hamısı dividend kimi xarakterizə edilmir. Məcəllənin yuxarıda qeyd edilən maddəsinə görə aşağıdakılar dividend hesab olunmur.

Səhmlərlə bağlı əməliyyatlar zamanı hesablanan gəlirlərin heç də hamısı dividend kimi xarakterizə edilmir. Dividenddən ödəmə mənbəyində vergi tutulması qaydası Məcəllənin 122-ci maddəsində şərh olunub.

Buna əsaslanaraq deyə bilərik ki, əgər:

  1. Geri götürülmüş pay (səhm) nominal hüdudunda olarsa, dividend sayılmır, amma;
  2. Nominal dəyər sonradan müəssisə tərəfindən əldə edilmiş vəsait hesabına artırılmışdırsa, bu dividend hesab olunur.

Belə yanaşma payın əmlak formasında olduğu hala da aiddir. Əgər əmlak əvvəldən nizamnamə kapitalı kimi qoyulmuşdursa, geri götürülməsi dividend sayılmır, yox əgər sonradan əldə edilmiş gəlir hesabına alınmışdırsa, o da dividend sayılır.

Dividend gəlirindən verginin tutulması qaydası

Dividenddən ödəmə mənbəyində verginin tutulması AR VM-nin 122-ci maddəsi ilə tənzimlənir. Rezident müəssisə tərəfindən ödənilən dividenddən ÖMV 10 faiz dərəcə ilə tutulur.

İkiqat vergitutmanın qarşısını almaq məqsədi ilə Məcəllədə bir sıra məhdudiyyətlər nəzərdə tutulub. Fiziki, yaxud hüquqi şəxs kimi dividendə görə vergi ödəmisinizsə, dividendi aldığınız zaman gəlirinizdən ikinci dəfə vergi tutula bilməz. Həmçinin, həmin gəlir yenidən dividend şəklində verilərkən də vergi tutulmur. Bunu nümunədə izah edək.

Nümunə 1. Hüquqi şəxs 1800 manat məbləğində dividendin faktiki sahibi olmuş və vergi qanunvericiliyinə əsasən ondan 180 manat ödəmə mənbəyində vergi tutulmuşdur. Hüquqi şəxs daha sonra həmin gəliri yenidən dividend şəklində fiziki şəxsə vermişdir. Bu hüquqi şəxsin dividend nəzərə alınmadan, ümumi gəliri 31.200 manat, gəlirdən çıxılan xərcləri isə 14.800 manat olarsa, dividend nəzərə alınmaqla, dövlət büdcəsinə ödəniləcək mənfəət vergisinin məbləği nə qədər olur?

Dividendin faktiki sahibi olmuş hüquqi şəxslərdən vergi tutulmuşdursa, dividendi alan hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur. Həmin gəlir yenidən dividend şəklində verilən zaman vergiyə cəlb olunmur. Bu halda hüquqi şəxsin dövlət büdcəsinə ödəniləcək mənfəət vergisinin məbləği:

31.200 – 14.800 = 16.400 manat

16.400 * 20% = 3280 manat olacaq.

Təcrübədə bir sıra hallarda görürük ki, mühasiblər yanlış olaraq hesab edirlər, əgər pay sahibi, yəni dividendi alan MMC-dirsə ondan 10% ödəmə mənbəyində vergi tutulmasına baxmayaraq, özü də təkrar 10% vergi verməlidir. Lakin belə deyil, belə bir hal faiz gəlirlərində vardır. Faiz gəlirlərinin ÖMV-yə cəlb edilməsi qaydalarına buradan keçid ala bilərsiniz.

Məcəlləyə dividenddən ÖMV-yə 2023-cü ildə edilən dəyişikliklər

İlk öncə 2023-cü hesabat ilində vergi və mühasibat uçotu mütəxəssislərinin diqqət etməli olduğu nüansları qeyd edək.

2016-cı il fevralın 1-dən  emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) gəlirləri vergidən 7 il müddətinə azad edilmişdi. Bu müddət məqalənin hazırlandığı dövrdə bitmək üzrə idi. Həmin gəlirlərin uçotu zamanı bunu nəzər almaq lazımdır.

Vergi  Məcəlləsi üzrə 2023-cü ildə edilmiş digər dəyişikliyə görə (maddə 102.1.22-2) 2023-cü il fevralın 1-dən 5 (beş) il müddətində etibarən rezident hüquqi şəxslər tərəfindən respublika ərazisində, habelə kənarda kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) gəlirlər vergiyə cəlb edilmir.

Vergi Məcəlləsinə 2023-cü ildə dividenddən ödəmə mənbəyində vergilərin tutulması qaydalarına edilən digər əlavələr aşağıdakılardır:

  • Kənd təsərrüfatı məhsullarının istehsalı ilə sənaye yaxud qeyri-sənaye üsulu ilə məşğul olan rezident hüquqi şəxslərin iştirakçıları olan hüquqi şəxslərin bu sahədən əldə etdikləri dividend gəlirləri  2023-cü il yanvarın 1-dən 1 il müddətinə vergidən azaddır.
  • Texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən ödənilən dividenddən 10 il müddətinə ödəmə mənbəyində vergi tutulmur. Müddətin başlanma tarixi texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ili sayılır.

Dvidenddən ödəmə mənbəyində vergi tutulması zamanı azadolmalar

Vergi Məcəlləsi dividenddən ÖMV-dən vergi tutulması zamanı bir sıra vergi azadolmaları müəyyən edib.

Aşağıdakı şərtləri ödəyən rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki şəxslərin dividend gəlirləri vergidən azaddır və ödəmə mənbəyində vergiyə cəlb edilmir:

  • məcəlləyə uyğun gəlir və xərclərin uçotunu aparır;
  • ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayıb;
  • əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatı aşmır (VM, maddə 102.1.22-1, 106.10 və 218-1.1.4);

Məcəllənın 122.3 maddəsində sadalanan sazişlər üzrə (neft-qaz ehtiyatlarının işlənməsi, hasilatın pay bölgüsü və sair) mənfəətin bölüşdürülməsi, habelə qanunvericilikdə müəyyən edilmiş hallarda hüquqi şəxsin tam mülkiyyətində olan törəmə müəssisələrin xalis mənfəətinin həmin hüquqi şəxsin mərkəzləşdirilmiş fonduna köçürmələri və bu şəxsin həmin gəliri vergiyə cəlb olunmur.

Təsisçinin xeyrinə hansı köçürmələr dividend sayılır?

Təcrübədə belə hala rast gəlmək mümkündür: müəssisələr öz fəaliyyətləri zamanı əldə etdikləri aktivlər, o cümlədən pul vəsaitləri hesabına təsisçisinin xeyrinə müəyyən köçürmələr, ödənişlər edir, məsələn:

  • təsərrüfat fəaliyyətlərinin məqsədlərindən kənar digər işlər üçün köçürmələr;
  • habelə təsisçinin digər şəxslərə olan borclarının əvəzinin ödənilməsi.

Belə köçürmələr dividend ödəmələri hesab edilir, VM-in 122.1-ci maddəsi ilə on faiz dərəcə tətbiq etməklə ÖMV tutulur. Köçürmələrin tərkibindən təsisçiyə borc verilməsi, habelə alınmış borcların əvəzinin qaytarılması istisna edilir.

Maliyyə mütəxəssisi Vüqar Mirheydərov belə hallarda dividenddən ödəmə mənbəyində vergi tutulması məsələlərini vergiler.az saytına şərh edib.

Mütəxəssis qeyd edir ki, “kassadan və ya şirkətin hesabından müəyyən bir məbləğ təsisçiyə verildikdə toplam dividend məbləğinin 10 faizi miqdarında vergi öhdəliyi yaranır.”

O, bunu aşağıdakı nümunə əsasında belə şərh edir:

Nümunə 2. Tutaq ki, “Uğurlu” MMC-nin təsisçisi şirkətin mühasibinə ona 5.000 manat verməyi əmr edir. Vergi Məcəlləsinin 13.2.15 maddəsinə görə bu əməliyyat mühasib tərəfindən dividendlərin verilməsi kimi təsnif edilir. Bu halda mühasib vəsaitin verilməsi ilə paralel olaraq mənbədən tutulan vergini hesablamalı və ödəməlidir. Burada qeyd edilməlidir ki, vergi birbaşa təsisçinin əlinə çatan puldan deyil, ümumi dividend məbləğindən tutulur. Yəni 5.000 manat dividend kimi göstərilirsə, bu məbləğin 500 manatı büdcəyə, 4.500 manatı isə təsisçiyə verilməlidir. Təsisçinin xalis 5.000 manat ala bilməsi üçünsə dividendlərin ümumi məbləğini hesablamaq lazımdır ki, ondan 10% çıxıldıqda qalıq 5000 manat olsun:

5.000/90% = 5555.56 manat.

Beləliklə, baxdığımız misalda dividendin ümumi məbləği 5555,56 manat, Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən mənbədə tutulan vergi 555.56 manat olacaq ki, təsisçiyə tam 5.000 manat ödənilsin.

Vüqar Mirheydərov qeyd edib ki, “Vergi Məcəlləsi səhmdarların səhmlərinin faizini dəyişdirmədən payların paylanması ilə əlaqədar ödənişləri dividend hesab etmir və bu hallarda vergi öhdəliyi yaranmır.”

Nümunə 3. Tutaq ki, ilin nəticələrindən sonra “Uğurlu” MMC şirkəti xalis mənfəətinin (dividendlərdən əvvəl) 1.000.000 manat olduğunu elan edib. Şirkət bu məbləğin 25 faizini dividendə, digər 30 faizini isə nizamnamə kapitalını artırmağa yönəltmək qərarına gəlir və məbləği təsisçilərin arasında şirkətin səhm payları nisbətində bölüşdürür. Bu halda dividendlərin verilməsinə yönəldilən məbləğdən yalnız bir vergi öhdəliyi yaranır.

250.000×10% = 25.000 manat

Bu vəziyyətdə təsisçilərə müəyyən bir məbləğ verilməsi tələbi olmadığı üçün və şirkətin özü müəyyən bir məbləği dividend olaraq vermək qərarına gəldiyi üçün qross ap əməliyyatı aparmağa ehtiyac qalmır.

Odur ki, 300.000 manat məbləğindən heç bir vergi tutulmayacaq, ən azından ilk mərhələdə. Sonrakı mərhələdə isə vergi ödəyicisinin azı üç il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi vergiyə cəlb olunacadır. Vergi Məcəlləsinin 102.1.27-ci maddəsinə əsasən, iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərin 50 faizi vergidən azaddır.

Beləliklə …

Dividenddən ödəmə mənbəyində vergi tutulması haqqında yuxarıdakı qeydləri nəzərə alaraq deyə bilərik ki:

  • dividend hüquqi şəxs tərəfindən xalis mənfəətin bölüşdürülməsi ilə əlaqədar təsisçilərinin (səhmdarlarının) və ya səhmdarlarının xeyrinə edilən nağd və ya başqa formada həyata keçirilən ödənişdir.
  • dividend – şirkətin qazandığı vəsaitləri almaq üçün şirkət sahiblərinin yeganə qanuni yoldur. İstənilən gəlir kimi, bu gəlirlər vergiyə cəl edilməlidir. Amma dividendlərdən ödəmə mənbəyində  vergi tutulması zamanı bəzən uyğunsuzluqlara da rast gəlinir.

Onu da qeyd edək ki, Mülki Məcəllənin 90-1.3-cü maddəsi dividendlərin verilməsinə qanunla icazə verilməyən halları tənzimləyir. Bu hallar aşağıdakılardır:

  • dividendlərin verilməsi ilə bağlı qərarın verilməsi zamanı şirkət iflas şərtlərinə cavab verirsə və ya dividendlərin verilməsi qərarı belə şərtlərə səbəb ola bilərsə;
  • dividendlərin verilməsi qərarı verildikdə şirkətin xalis aktivləri nizamnamə kapitalından azdırsa və ya dividendlərin verilməsi qərarı nəticəsində xalis aktivlər azalacaq.

Dividend gəlirlərindən ödəmə mənbəyində vergi tutulması qaydaları haqqında bizim digər elektron resursdan daha geniş məlumat ala bilərsiniz.

MMC direktorunun dəyişdirilməsi zamanı hansı prosedurlar icra edilməlidir?