Vergi bəyannaməsi: ƏDV və aksiz vergisi

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergi bəyannaməsi nədir? Əlavə dəyər vergisi bəyannaməsi nə vaxt təqdim edilir? ƏDV bəyannaməsi necə hazırlanır? Aksiz vergisi bəyannaməsi üzrə müddətlər necədir? Bu və digər suallara aşağıda cavab verməyə çalışacağıq.

Vergi bəyannaməsi

Vergi bəyannaməsi vergi ödəyicisinin müəyyən müddət ərzində əldə etdiyi gəlirlər və onlara şamil edilən vergi güzəştləri və azadolmalar haqqında vergi orqanlarına təqdim etdiyi rəsmi hesabatdır. Vergi bəyannamələri:

  • vergi öhdəliyini hesablamağa;
  • ödənişləri planlaşdırmağa;
  • artıq ödənilmiş vergilərin geri qaytarılmasını tələb etməyə imkan verir.

Respublikamızda vergi hesabatının tərtib edilməsi və verilməsi qaydası AR Vergi Məcəlləsinin 72-ci maddəsi ilə tənzimlənir. Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsi hesab olunur.

Bəyannamələr vergi ödəyicisi tərəfindən aşağıdakı üsullardan biri ilə təqdim edilə bilər:

  • şəxsən;
  • rabitə təşkilatı vasitəsi ilə;
  • elektron sənəd formasında.

Vergi bəyannaməsinin təqdim edilmə müddətləri VM-nin müvafiq maddələri ilə müəyyən edilir. Bu müddətlərdən gec təqdim edilmiş vergi hesabatları üçün maliyyə sanksiyaları tətbiq edilə bilər (minimum 40 manat).

Yuxarıda qeyd edilənlər həm ƏDV bəyannaməsi, həm də aksiz bəyannaməsinə aiddir.

Əlavə dəyər vergisi bəyannaməsi

ƏDV bəyannaməsi hər hesabat ayı üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq qeydiyyatda olduğu vergi orqanına verilir və həmin müddətdə də vergi dövlət büdcəsinə ödənilir.

Əgər vergi ödəyicisinin fəaliyyətinə ay daxilindı xitam verilərsə (yaxud vergi ödəyicisi ləğv edilərsə) əlavə dəyər vergisi necə verilir? Bu zaman bəyannamə hesabat ayının əvvəlindən fəaliyyətini dayandırdığı günə qədər olan dövr üçün, növbəti ayın 20-dən gec olmayaraq, 30 gün müddətində təqdim edilir.

Aksiz vergisi bəyannaməsi

Aksiz vergisi və ƏDV  istehlak (xərc) üzərinə qoyulan vergilər qrupuna aiddir. Bu vergilərin əsas xüsusiyyəti ondan ibarətdir ki, vergitutma obyekti İstehlakçılar pulu xərclədiyi (istehlakçının gəliri xərc kimi reallaşdığı) anda yaranır.  Xərc üzərindən vergilərin dərəcələri alınan əmtəənin xarakterinə görə fərqlənə bilər.  Məsələn, qida kimi zəruri məhsullarının dəbdəbə üçün alınmış zərgərlik məmulatlarının vergi dərəcələri eyni olmur. Bu aksiz vergisində daha qabarıq hiss olunur. Bu vergi növü üzrə bəyannamələrin təqdim edilməsi müddətləri ƏDV bəyannaməsi ilə oxşardır.

Aksizli mallar istehsal edildikdə hər hesabat ayı üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməsi və həmin müddətdə vergi orqanına aksiz vergisi bəyannaməsinin təqdim edilməsi zəruridir.

Aksizli mallar idxal edildikdə, aksiz gömrük orqanları tərəfindən gömrük rüsumlarının tutulduğu qaydada tutulur.

Vergi ödəyicisi ləğv edildikdə (fəaliyyətinə xitam verildikdə) hesabat ayının əvvəlindən fəaliyyəti dayandırdığı günə qədər olan dövrü əhatə edən aksiz bəyannaməsi növbəti ayın 20-dən gec olmamaqla 30 gün müddətində vergi orqanına təqdim edilməlidir.

ƏDV bəyannaməsi necə hazırlanır?

Yeni başlayan mühasiblərin çətinlik çəkdiyi məsələlərdən biri də əlavə dəyər vergisi bəyannaməsinin hazırlanması olur. Çətinliyin əsas səbəbi isə bəyannaməni tam halda görə bilməməkdi.

Accounting.Az  konsaltinq şirkətinin direktoru Ramin Ramazanovun  bəyannamənin hazırlanması haqında tövsiyələrini sizə təqdim edirik: “Uzun illər əvvəl bu problemi mən də yaşamışam, ona görə də işi asanlaşdıracaq bir vasitəni yazsam yeni başlayanların köməyinə çata bilər.“

Çalışın ki, ƏDV Bəyannaməsi BTP-yə yığmazdan əvvəl bir Excel faylına yığılsın. Bu faylı özünüzə uyğun şəkildə yarada bilərsiniz, məsələn, elə şirkət var ki, heç zaman qeyri-rezidentə ödəmə etmir və ya YGB-si olmur. Bu halda bu bölmələrin saxlanmasının mənası yoxdur.

ƏDV bəyannaməsinin hazırlanması üçün köməkçi Excel faylının yeni başlayan mühasiblər üçün aşağıdakı üstünlüyü var:

  • mühasib özü baxarkən tam şəkildə hər şey ona aydın olur;
  • əvəzləşdirmələri rahat şəkildə edə bilir;
  • kameral məktuba rahat şəkildə cavab yaza bilir;
  • rahat başa düşülən olduğundan əlavə dəyər vergisi bəyannaməsi verilmədən öncə rəhbərliyə təqdim olunur (“bu borc hardan yarandı?” sualı olmur);
  • vergi yoxlaması zamanı vergi müfəttişinə təqdim edilir, hətta onun da veriləcək əlavə sualı qalmır.”

Təbii ki, bütün bunlar tövsiyələrdir. Hər bir mühasib ƏDV bəyannaməsi (eləcə də aksiz vergisi bəyannaməsi) hazırlamaq üçün öz praktikasında uyğun qaydalar işləyib hazırlaya bilər.

Print Friendly, PDF & Email