Ümidsiz borclar silinərkən ƏDV hesablanması

posted in: Xəbər | 0
birbank biznes

Ümidsiz borcların silinməsi

Azərbaycan vergi qanunvericiliyi ümidsiz borclar silinərkən, onların xərc kimi gəlirdən çıxılmasın, habelə ƏDV hesablamalarının yenidən aparılmasın istisna etmir. Amma gəlirdən çıxılma zamanı bəzi məqamlara diqqət etmək lazımıdır. Həmin məqamlar Vergi Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktları ilə tənzimlənir. VM-in 111-ci maddəsi bunun 3 şərtini müəyyən edir :

  1. Gözlənilən gəlir daha əvvəl əldə edilmiş gəlirlərə daxil edilmiş olmalıdır.
  2. Belə borc mühasibat sənədlərində, uçotda dəyərsiz borc müxabirləşməsi ilə silinməlidir.
  3. Vergi ödəyicisi gəlir yaxud mənfəət vergisi ödəyicisi olmalıdır.

VM-in tələbinə əsaslanıb deyə bilərik ki, müəssisə daha əvvəl gəlirinin (xərcinin) uçotunu hesablama metodu ilə aparmadıqda, onu gəlir kimi tanımayacaq, çünki yalniz bu metodda gəlməmiş pulu gəlir olaraq tanımaq mümkündür.

Nəzərə almaq lazımdır ki, ümidsiz borcların silinməsi, ümumiyyətlə borcun ümidsiz sayıla bilməsi üçün əsas lazımdır, belə qərar vergi ödəyicisinin şəxsi mülahizəsi əsasında verilmir. Yalnız belə əsas olduqda ƏDV hesablamalarına yenidən baxmaq olar.

İlk növbədə ondan başlayaq ki, hər şey tərəflər arasındakı müqavilədən asılıdır. Bu zaman həm müqavilə şərtləri, həm Mülki Məcəllənin tələbləri nəzərə alınmalıdır. Həmin tələblərə bunları nümunə göstərmək olar:

  • iddia müddəti;
  • öhdəliklərin icra vəziyyəti;
  • tələb hüququ ilə bağlı digər müddəalar.

Ümidsiz borclar üçün iddia müddəti

İddia müddəti MM-in 373-cü maddəsində şərh olunub. Müxtəlif hallar üçün bu müddət 3-6 il arası dəyişir. Əgər müqavilədə fərqli müddət nəzərdə tutulubsa, iddia tələbi bu müddət ərzində irəli sürülə  bilər.

Başqa bir nüans odur ki, iddia müddəti bitməsə belə, borcun həqiqətən ümidsiz hesab edilə bilməsidir.  Məsələn, ola bilər ki, debitor borcun yaranma tarixidən 1 il sonra borclu müflis elan olunsun yaxud hər hansı digər səbəbdən məhkəmə tərəfindən ləğvi barədə qərar qəbul edilsin. Bu hallarda borca ümidsiz borc kimi yanaşmaq hüququ yarana bilər. Ona görə “yarana bilər” deyirik ki, borcun ümidsiz borc olması praktikada əsasən məhkəmə qərarı ilə təsdiqini tapır. Belə ki, istənilən halda bütün iddialar, mübahisələr məhkəmə müstəvisinə çıxarılır.

Nümunə 1:  “ABC” MMC  digər tərəfə  borcludur, amma malların satıcısı ondan bu borcu tələb etməyib. Odur ki, mülki qanunvericiliklə müəyyən edilən iddia müddəti ötmüş sayılır. “AAA” MMC iddia müddəti keçən bu borcu satışdankənar gəlirlərinə aid edir və bəyannamə təqdim edir.

İddia ilə bağlı ən son müddət 10 ildir. Qanunvericiliyə əsasən həmin müddətdən sonra iddia müddəti qüvvəsini itirmiş olacaqdır.

5 il keçdikdən sonra aşağıdakı tələblər qüvvədən düşmüş sayılır:

– kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər;

– ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər;

– zavod tikintisi, mal satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri.

ƏDV ümidsiz borc silinməsi zamanı necə hesablanır?

Müxtəlif məsələlərlə bağlı fərqli iddia müddətləri Mülki Məcəllə ilə yanaşı digər qanunvericilik aktlarında da öz əksini tapıb. Odur ki, ümidsiz borc kimi qəbul edib mühasibat uçotunda vergitutma məqsədləri üçün gəlirdən çıxılan məbləğlər barədə vergi orqanı, onun vəzifəli şəxsləri tərəfindən məhkəmə qərarının tələb edə bilər və onlar bunda haqlıdır. Çünki iddia müddəti ilə bağlı Mülki Məcəllə ilə yanaşı, digər qanunların da  tələbini bilmək lazımdır. Vergi orqanı əməkdaşlarının məhkəmə qərarı olmadan borcun ümidsiz olması qənaətinə gəlməsi mümkün deyildir.

Debitor və kreditorlar üzrə iddia müddətinin bitməsi ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatın vaxtını müəyyən edir. Burada mübahisə yoxdur. Məcəllənin 166.1.3-cü maddəsində yer almış bu müddəada borcun ümidsiz olması barədə hər hansı tələb yoxdur.

Təcrübədə bəzən sual verirlər ki, ümidsiz debitor borcu xərc olaraq siləndə ƏDV hissəsini nə etməliyik ? Əgər həmin debitor borca görə dövlətə ƏDV hesablanmışdırsa, belə ƏDV müvafiq bəyannamədə azaldılan dövriyyə yerində göstərilməli, büdcədən qaytarılmalıdır.

Ümidsiz borclar silinərkən yaranan bəzi suallar cavabını buradan oxuya bilərsiniz.


 

Print Friendly, PDF & Email