Ehtiyatların uçotu: mallar

posted in: Xəbər | 0
birbank biznes

Mal ehtiyatları hazır məhsuldan nə ilə fərqlənir?

Mal ehtiyatlarının idarə edilməsi müəssisələrdə iqtisadi proseslərinin idarəçiliyinin ən vacib elementidir. Təchizat zəncirlərində mal ehtiyatlarının zəif idarə olunması satışların azalmasına, narazı müştərilərin artımına, saxlama xərclərinin şişməsinə, vəsaitlərin dövriyyədən yayınmasına səbəb olur. Buna görə malların mühasibat uçotu müəssisənin normal fəaliyyətində zəruri şərtdir.

Mallar bizim satış məqsədi ilə aldıqlarımızdır. Hesablar planında onların uçotu 205 saylı “Mallar” hesabı nəzərdə tutulub. Bu aktivləri biz istehsal etməmişik, istehsal etmiş olsaydıq 204 saylı “Hazır məhsul” üzrə hesabı uçota alacaqdıq. Bütün növ ehtiyatları onların təyinatı, mənşəyi, mənbəyi, forması, istifadəsi üzrə təsnifləşdirmək hesablar planının əsas mahiyyətidir. Buna görə də mal ehtiyatlarına görə ayrıca hesab müəyyən edilib. Nümunəyə baxaq.

Müəssisə su kranları istehsal edir. Eyni zamanda onların idxalı ilə də məşğuldur. Bu zaman istehsal etdikləri 204 saylı “Hazır məhsul”, idxal etdikləri 205 saylı “Mallar” mühasibat uçotu hesablarında qeydə alınır.

Mallar necə satılır?

Topdan satış ticarət fəaliyyəti malı alıb onu digər şəxsə təkrar satış etmək məqsədilə həyat keçirilir. Hesablar Planının “Qısamüddətli aktivlər” bölməsinin “Ehtiyatlar” maddəsinə aid olan 205 saylı “Mallar” hesabından əsasasan, topdansatış, habelə pərakəndə satışla məşğul olan müəssisələr istifadə edirlər.

İstehsalçılar adətən öz mallarını topdansatış qaydasında digər şirkətlərə, həmin şirkətlər növbəsində onu başqa şirkətlərə yaxud əhaliyə satırlar.

Pərakəndə satış fəaliyyəti malı istehsalçıdan yaxud topdan satıcıdan alıb son istehlakçıya, əsas etibarı ilə əhaliyə satmaq üzərində qurulmuş ticarət fəaliyyətidir.

Bunları bilmək maraqlıdır

  • Niyə malları vasitəçidən baha almaq əvəzinə, birbaşa istehsalçıdan daha ucuz almayaq?
  • Niyə istehsalçı vasitəçidən istifadə etmədən, birbaşa bizə satmaqla daha çox qazanmasın?
  • Niyə əsrlərdir inkişaf edən dünya iqtisadiyyatı vasitəçiləri sıxışdırıb çıxarmayıb ki, istehsalçılarla alıcılar özləri baş-başa qalıb ticarət etsin?

Bu sualların cavabı elə də mürəkkəb deyil.

  • Birincisi, heç də bütün istehsalçılar ticarət sahəsində ixtisaslaşmayıb və ixtisaslaşmaq istəmirlər. Çünki məhsulu istehsal etmək, istehsal prosesini düzgün tənzimləmək üçün tələb olunan bacarıq, vaxt, fokuslanma, istehsalın nəticəsi olaraq hazır məhsulu əhaliyə, müştərilərə satmaq, bazara düzgün təqdim etmək, düzgün marketinq siyasəti yürütmək bacarıqlarından fərqlənir.
  • İkincisi, istehsal müəssisələri daha çox gəlir əldə etmək, rentabelli olmaq üçün bacardıqları qədər iri zavod, fabrik açaraq çalışmaq istəyirlər. Zavodların, fabriklərin əhalinin olduğu yaşayış məntəqələrində yerləşməsi, çox vaxt, uyğun məkan sayılmır, həmçinin ekoloji tələblər səbəbindən mümkün olmur. Lakin məhsullar əhaliyə əlçatan olmalıdır. Yəni, siz, səhər evdən çıxıb 1 ədəd çörək, 1 kq yağ və 1 ədəd şampuna görə Abşeron yarımadasını dövr vurub qayıtmalı deyilsiniz. Bunu sizin əvəzinizə məhz ticarətçilər, yəni alıb-satanlar vasitəçi qismində çıxış edən şirkətlər və şəxslər edirlər.
  • Üçüncüsü, vasitəçi rolunu oynayan ticarətçilərin fəaliyyəti yalnız məhsulları sizə əlçatan etməkdən ibarət deyil. Onlar istehlakçının tələblərini öyrənib, istehsalçılara istehsalın tərkibi, həcmi barədə məlumat verir, son nəticə olaraq bazar qiymətini və bütövlükdə iqtisadiyyatı formalaşdırırlar.
  • Dördüncüsü, bu cür ticarətçilər eyni tələb üzrə əksər istehsalçıların müxtəlif məhsullarını sizə satmaq niyyəti ilə bir yerə toplamaqla geniş çeşid təqdim edirlər. Beləliklə, iqtisadiyyat çarxının fırlanmasında önəmli olan rəqabət formalaşır.
  • Beşincisi, topdansatışla istehsal həcmi düzgün müəyyən edilir, nəticədə istehsal prosesi daha yaxşı tənzimlənir. Yəni, istehsalçı adətən, nisbətən ucuz qiymətə iri həcmdə satış etməklə, nədən nə qədər istehsal etməli olduğunu müəyyənləşdirir, bu da istehsalın davamlılığını tənzimləmək üçün olduqca önəmlidir.

Əlbəttə, öz məhsulunu alıcının evinə qədər gətirən müəssisələr də var. Təbii ki, bütün bunlar barədə bir qədər uzun danışmaq olar, lakin güman edirik bu qədəri kifayət edər.

Malın faktiki satış müddəti

Digər ehtiyatlar kimi (məsələn, hazır məhsul, xammal və yarımfabrikat) mallar 1 ildən tez müddətə pula çevrilməsi planlaşdırılan aktivlərdir. Hansısa malın 1 ildən bir qədər gec satılması onu mal olmaqdan çıxartmır. Biznes fəaliyyətində belə hallar normaldır. Nümunəyə baxaq.

Qida məhsulları mal kimi tez satılıb dəyərini pula çevirir. Lakin avtomobil satan mağaza hansısa model avtomobili bir neçə il satılmaya bilər. Odur ki, burda il müddəti şərti xarakter daşıyır.

Bəzən olur ki, avtomobil satışını həyata keçirən müəssisə daha əvvəllər inzibati məqsədlərdə istifadə etdiyi avtomobili satmaq qərarına gəlir. Belə olan halda həmin avtomobil 111 saylı “Torpaq, tikili və avadanlıqlar” hesabdan çıxarılaraq 205 №-li “Mallar” hesabına keçiriləcək. Çünki həmin avtomobilin satış üçün nəzərdə tutulmuş digər avtomobillərdən hər hansı fərqi qalmır. Təsəvvür edək ki, həmin avtomobil müəssisəsi avtomobilin satışıyla yanaşı,  əvvəllər  inzibati məqsədlərdə istifadə üçün aldığı maşın yağlarını satışa çıxarmaq istəyir. Əvvəllər yağlar “Digər ehtiyatlar” (207-ci hesab) hesabında uçota alınmış ola bilərdi. Satışı nəzərdə tutulan yağ, satışa çıxarılan əsas fəaliyyətin avtomobil olduğunu nəzərə alsaq,  yağların “Mallar” (205-ci hesab) hesabında deyil, 206 №-li “Satış məqsədiylə saxlanılan digər aktivlər” hesabında uçota alınması doğru olar.

205 saylı “Mallar” hesabı üzrə uçot zamanı müxabirləşmələr

Print Friendly, PDF & Email