ƏDV ödəyicisi kimdir?
Əlbəttə deyə bilərsiniz ki, ƏDV kim ödəyir, o da ƏDV ödəyicisidir. Amma, bu əslində belə deyil. Bu suala Vergi Məcəlləsi (maddə 154) belə cavab verir: “Əlavə dəyər vergisi ödəyicisi kimi qeydiyyatdan keçmiş yaxud keçməli olan şəxslər”.
Bu o deməkdir ki:
- əlavə dəyər vergisi ödənilməsi hələ ƏDV ödəyicisi anlamına gəlmir;
- yalnız qeydiyyatda olmaq, hələ sizin ƏDV ödəyicisi olmağınız demək deyil.
Ola bilər vergi uçotunda olan şəxs ƏDV ödəsin, lakin ƏDV ödəyicisi olmasın. Həmçinin ƏDV qeydiyyatından keçməmiş şəxsin, heç nə ödəmədiyi halda ƏDV ödəyicisi olması da mümkündür.
Məsələn, bizim marketdən ərzaq aldığımız zaman ƏDV ödəməyimiz, hələ ƏDV ödəyici olmamız demək deyil. Yaxud, vergi ödəyicisi olaraq ƏDV qeydiyyatına keçməli olduğumuz halda, müəyyən səbəbdən bu prosedura icra etməmək, ƏDV ödəyicisi olmaq anlamına gəlmir.
Bəs onda ƏDV ödəyicisi kimdir? Siz əlavə dəyər vergisi qeydiyyatının qüvvəyə mindiyi andan etibarən ƏDV ödəyicisiniz, qeydiyyatın nə zaman qüvvəyə minməsi barədə isə buradan ətraflı oxuya bilərsiniz.
Qeydiyyatdan keçmək üçün müraciət edilməsə belə, vergi orqanları, hansı tarixdən müraciət etməli idinizsə, belə öhdəliyin yarandığı aydan sizə ƏDV ödəyicisi kimi baxacaq.
Nümunə 1: “A” MMC istilik sistemlərinin satışı ilə məşğuldur və mənfəət vergisi ödəyicisi kimi qeydiyyatdan keçib. 2021-ci il sentyabr ayında son 12 ay üzrə dövriyyəsi 200.000-dən artıq olduğu üçün ƏDV qeydiyyatına alınmalıdır. Lakin vergi ödəyicisi ƏDV qeydiyyatı üçün müraciət etməmiş və vergi orqanı kameral qaydada “A” MMC-nin dövriyyəsinin 200.000-dən artıq olduğunu fiksə edə bilməmişdi. “A” MMC dekabr ayında ƏDV qeydiyyatına alınmaq üçün ərizə ilə müraciət etmiş, vergi orqanı onu dekabra ayının 1-indən etibarən qeydiyyata almışdır. Səyyar vergi yoxlaması zamanı müəyyən olmuşdur ki, “A” MMC üçün ƏDV qeydiyyatına alınmaq tələbi sentyabrdan yaranmışdı. Nəticədə yoxlama MMC-nin sentyabrdan etibarən bütün əməliyyatlarına ƏDV hesablayaraq, azaldılmış dövriyyəyə görə ona 50 % maliyyə sanksiyası tətbiq edir.
İdxal zamanı ƏDV ödəyicisi kimdir?
Malların idxalı zamanı ƏDV kim ödəyir? Ölkəyə ƏDV tutulan malları idxal edən şəxslər ədv ödəyicisi sayılır. Belə yanaşma məhz həmin idxal mallarını əhatə edir. Bu zaman həmin şəxslərin vergi ödəyicisi olub-olmaması, yaxud ƏDV məqsədləri üçün qeydiyyatdan keçib-keçməməsi önəmli deyil. Ölkəyə ƏDV-li malların idxalı zamanı gömrük orqanları malların gömrük dəyərindən ƏDV hesablayır. İdxalçı yalnız həmin idxal malları üzrə ƏDV ödəyicisi sayılır. Belə əməliyyatlar onu ƏDV qeydiyyatına alınmağa məcbur etmir.
Nümunə 2: Həsənov Cəbrayıl vergi ödəyicisi deyildir. O, 2021-ci ilin oktyabr ayında daşıyıcı şirkət vasitəsi ilə ölkə ərazisinə 400 dollarlıq mal gətirmişdir. İdxal zamanı Həsənov Cəbrayıldan malların dəyərinin 300 dollardan artıq olan hissəsindən gömrük rüsumu və ƏDV hesablanaraq tutulub. Həmin şəxs belə idxal üçün ƏDV ödəyicisi sayılır.
Fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri hesab edilməyən malların idxalı zamanı tətbiq edilən rüsum və ƏDV Nazirlər Kabinetinin 305 saylı qərarı ilə tənzimlənir:
Nümunə 3: Sumqayıt şəhərində ictimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyicisi “NN” MMC restorana müasir kofe aparatı almaq istəyir. Avadanlıq idxal olunarkən gömrük orqanları avadanlığın gömrük dəyərindən ƏDV hesablayırlar. “NN” MMC-nin sadələşdirilmiş vergi ödəyicisi olmasına baxmayaraq həmin idxal əməliyyatı üçün o, ƏDV ödəyicisi sayılır. Lakin həmin idxal “NN” MMC-dən nə həmin an, nə də sonradan ƏDV qeydiyyatına alınmağı tələb etmir.
Hansı halda qeyri-rezidentlər ƏDV ödəyicisidir?
Azərbaycan Respublikasından kənarda respublikadakı şəxslərə xidmət (iş) satan qeyri-rezidentlər də ƏDV ödəyicisi sayılır. Ümumiyyətlə, həm rezidentlər, həm də qeyri-rezidentlər ƏDV ödəyicisi ola bilər. Eyni zamanda əgər qeyri-rezident müəssisə Azərbaycanda daimi nümayəndəlik yaratmadan, xaricdən buradakı müəssisəyə xidmət göstərirsə, həmin qeyri-rezident belə əməliyyatlarına görə ƏDV ödəyicisi sayılır. Bu əməliyyatların ümumi dəyəri 200.000-dən artıq olması belə, xaricdə yerləşən qeyri-rezident müəssisəni Azərbaycanda vergi və ya ƏDV qeydiyyatına alınmağa məcbur etmir. Sadəcə, belə halda ƏDV qeyri-rezidentə yox, birbaşa dövlətə ödənir.
Nümunə 4: “Catara” MMC Bakıda İT texnologiyaların tətbiqi sahəsində fəaliyyət göstərir. O, tərəf müqabili olan qeyri-rezident müəssisədən xaricdəki texnologiyaların Azərbaycanda tətbiqi məsələləri ilə bağlı məsləhət xidməti almışdır. Həmin məsləhət xidməti 168.1.5-ci maddəyə uyğun olaraq ƏDV-yə cəlb ediləcək. Xidmətin alıcısı olan yerli müəssisə göstərilmiş xidmətə görə ƏDV hesablayıb büdcəyə ödəməlidir. Bu əməliyyata görə onun dəyərindən asılı olmayaraq qeyri-rezidentin uçota, o cümlədən ƏDV uçotuna alınmasına ehtiyac yoxdur.
Digər ƏDV ödəyiciləri
Hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyətinə Azərbaycanda çox az rast gəlinsə də, bilmək lazımdır ki, belə sahibkarlıq çərçivəsində bu fəaliyyətin uçotunu aparan şəxs ƏDV məqsədləri üçün ayrıca şəxs sayılır (VM, maddə 54.5).
Nümunə 5: “A” hüquqi şəxsi ilə vətəndaş Allahyarov Məhəmməd yeni hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qərarına gəlmişlər. Razılığa görə birgə sahibkarlıq fəaliyyətinin uçotunu vətəndaş aparacaqdır. Belə sual yaranır: bu halda ƏDV kim ödəyir? Bu halda “A” hüquqi şəxs ƏDV ödəyicisi olduğundan vətəndaş ƏDV qeydiyyatına durmalıdır.
Vergi tutmanın praktik aspektlərinin öyrənənlər üçün vergi kursları!
Əlavə dəyər vergisi sayılmanın başqa bir halı, fəaliyyətə görədir, yəni bəzi fəaliyyət sahələri üçün əlavə dəyər vergisi ödəyicisi olmaq məcburidir. Məsələn, aksizli (habelə məcburi nişanlama ilə nişanlanmalı) malların istehsalçılarını, bina tikintisi fəaliyyətini bura aid etmək olar. Əvvəllər yalnız aksizli mallar istehsalçısı məcbur ƏDV ödəyicisi sayılırdı. 2018-ci ildə edilmiş dəyişiklərdən sonra məcburi nişanlanma ilə nişanlanmalı olan malların istehsalçıları da yalnız ƏDV və mənfəət (gəlir) vergisi ödəyiciləri oldular.
2019-cu ildə edilmiş dəyişiklərlə isə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ ləğv edildi. Mövcud qanunvericiliyə əsasən onlar yalnız ƏDV ödəyicisidirlər. Buna qədər bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər yalnız sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmədikdə məcbur ƏDV ödəyiciləri idilər.