Emal məsrəfləri

posted in: Xəbər | 0
birbank biznes

Ehtiyatların emal məsrəflərinə məhsul vahidləri ilə birbaşa bağlı olan məsrəflər daxildir. Əlavə olaraq, hazır məhsulun əldə edilməsi üçün xammalın emalı zamanı yaranan daimi və dəyişən istehsal qaimə xərclərinin müntəzəm şəkildə bölüşdürülməsi də emal məsrəflərinə aiddir. Daimi istehsal qaimə məsrəflərinə istehsal həcmindən asılı olmayaraq, nisbətən dəyişməz qalan, istehsalda istifadə olunan binalar və avadanlıqların amortizasiyası və onlara aid xidmətin göstərilməsi və inzibati-idarəetmə istehsal məsrəfləri kimi dolayı istehsal məsrəfləri aiddir. Dəyişən istehsal qaimə məsrəflərinə istehsal həcmindən birbaşa və ya təqribən birbaşa asılı olan, dolayı material məsrəfləri və dolayı əmək haqqları kimi dolayı istehsal məsrəfləri aiddir.


İstehsal qaimə məsrəflərinin emal məsrəfləri üzrə bölüşdürülməsi müəssisənin normal iş şəraitində mövcud olan istehsal gücünə əsasən həyata keçirilir. Normal istehsal gücü – planlı texniki qulluğun göstərilməsi nəticəsində istehsal gücü üzrə itkilər nəzərə alınmaqla, normal fəaliyyət zamanı bir neçə dövr və ya iş mövsümü üzrə orta göstəricilər əsasında hesablanaraq əldə edilməsi gözlənilən istehsal həcmidir. Müəssisənin faktiki istehsal dərəcəsi, onun normal istehsal gücünə təxminən uyğun olduğu halda istifadə edilə bilər. Məhsulun hər bir vahidinə aid edilən daimi qaimə məsrəflərin məbləği istehsal dərəcəsinin aşağı olması və ya avadanlığın işsiz dayanması nəticəsində artmır. Bölüşdürülməmiş qaimə məsrəfləri yarandığı dövr üzrə xərc kimi tanınır. İstehsalın son dərəcədə yüksək olduğu dövrlərdə məhsulun hər bir vahidinə aid edilən daimi qaimə məsrəflərin məbləği azalır və beləliklə ehtiyatlar öz ilkin dəyərindən artıq səviyyədə qiymətləndirilmir. Dəyişən istehsal qaimə məsrəfləri hər məhsul vahidinə istehsal obyektlərinin faktiki istismarı əsasında aid edilir.


İstehsal prosesi nəticəsində eyni vaxtda bir neçə məhsul istehsal edilə bilər. Belə hal, məsələn malların birgə istehsalı zamanı və ya əsas məhsulun istehsalı əlavə məhsulun istehsalı ilə əlaqəli olduqda yarana bilər. Hər bir məhsulun emal məsrəfləri ayrıca müəyyənləşdirilə bilmədikdə, onlar məhsullar arasında rasional və ardıcıl surətdə bölüşdürülür. Bölüşdürmə, məsələn hər məhsulun ya istehsal prosesinin məhsulların eyniləşdirilə bilən mərhələsində ya da istehsalın bitməsi mərhələsində nisbi satış dəyərinə əsaslana bilər. İkinci dərəcəli məhsullar, maddi dəyər baxımından təbiətcə əhəmiyyətli olmurlar. Belə hallarda, onlar adətən mümkün xalis satış dəyəri ilə qiymətləndirilir və bu məbləğ əsas məhsulun ilkin dəyərindən çıxılır.  Nəticədə, əsas məhsulun balans dəyəri onun ilkin dəyərindən əhəmiyyətsiz dərəcədə fərqlənir.


Print Friendly, PDF & Email