Əmək məzuniyyətinin müddəti
İşçilərin istirahət hüququnun təmin edilməsi məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş əmək məzuniyyətinin müddəti, onun verilməsi qaydaları Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Qanunvericiliyə görə məzuniyyət ödənişlidir, işçinin işlədiyi iş yeri, vəzifəsi saxlanılır. Onun müddəti 21 təqvim günündən az olmamalıdır. Bu, minimum tələbdir, müxtəlif fərqli işçi kateqoriyaları üçün fərqli müddətlər təyin edilə bilər. Əmək münasibətlərinin tənzimlənməsində xüsusi hüquq normalarının tətbiq edilməsi zərurəti əmək münasibətləri subyektlərinin fizioloji, yaş, peşə şəxsi keyfiyyətlərinə və xüsusiyyətlərinə əsaslanır, məsələn:
- məhdud iş qabiliyyəti;
- yüksək emosional, zehni əməklə bağlı fəaliyyət;
- məsuliyyətli iş və iş şəraitinin mürəkkəbliyi;
- işçinin şəxsi xüsusiyyətləri və sair.
Məhdud əmək qabiliyyətinə görə daha uzun müddətli məzuniyyət hüququ 18 yaşına çatmamış işçiləri və əlilləri əhatə edir.
Emosional, zehni əməklə bağlı fəaliyyət müəllim və elm adamları üçün xarakterikdir.
Teatr-tamaşa, habelə digər bu tipli müəssislərin bədii və artist heyətini, bilavasitə səhnəyə xidmət edən işçiləri də bu kateqoriyaya aid etmək olar. Həmin kateqoriya işçilərin məzuniyyət müddəti haqqında burada ətraflı verilib.
Məsuliyyətli işlə bağlı işçilərə verilən əmək məzuniyyətinin müddəti Əmək Məcəlləsinin 114.3-cü maddəsinə əsasən 30 gün müəyyən edilib.
Daha uzun müddətli məzuniyyət tətbiq edilən digər kateqoriya Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərdir.
Qeyd edək ki, yuxarıda qeyd edilən kateqoriya işçilərə əmək məzuniyyətinin müddətini Məcəllənin 115-ci maddəsinin tələbləri ilə qarışdırmaq lazım deyil. Həmin maddəyə əsasən əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər təyin edilən zamanı AR NK tərəfindən təsdiq edilmiş siyahı nəzərə alınmalıdır.
Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərin məzuniyyəti
Belə şəxsləri bir neçə qrupa bölmək olar:
1)Aşağıdakı səbəblərlə bağlı əlilliyi olan işçilər:
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədər;
- 1990-cı ilin 20 Yanvar hadisələri ilə ilə bağlı;
- hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı;
- Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar.
2) döyüş əməliyyatları zamanı hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçu olmuş işçilər;
3) AR-in ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı alanlar;
4) Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) almış işçilər;
5) Vətən Müharibəsi Qəhrəmanları, Azərbaycanın Milli Qəhrəmanları, Sovet İttifaqı Qəhrəmanları, Azərbaycan Respublikasının ən yüksək təltifi ilə, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilər.
Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərə əmək məzuniyyətinin müddəti Əmək Məcəlləsinin 120-ci maddəsinə əsasən minimum 46 gün müəyyən olunur.