Əmək məzuniyyətlərinin verilməsində növbəlilik

posted in: Xəbər | 0
birbank biznes

İşçilərin məzuniyyət hüququ

İşçinin ilk iş ili üçün ödənişli illik məzuniyyətdən istifadə hüququ altı aylıq fasiləsiz işdən sonra yaranır. Amma altı ay bitmədən də işəgötürən müəyyən kateqoriya işçilərə onların tələbi ilə məzuniyyət verməyə borcludur. Belə işçilərin siyahısı Əmək Məcəlləsinin 131.1-cü maddəsi ilə tənzimlənir.

Altı aydan sonra (yuxarıda göstərilən işçilər kateqoriyası üzrə – daha tez) işçi işlədiyi saatlara nisbətdə məzuniyyətin bir hissəsinə deyil, əmək müqaviləsində nəzərdə tutulmuş tam məzuniyyət hüququna malikdir. Bundan sonrakı ikinci və növbəti iş illəri üçün hər il işçiyə ödənişli əmək məzuniyyəti verilir. Əmək məzuniyyətinin müddəti əsas və əlavə məzuniyyətlərin cəmindən ibarətdir.

İşçilərə verilən əsas əmək məzuniyyətinin müddəti ən azı 21 gündür. Əlavə məzuniyyət müəyyən şərtlər daxilində işçinin əsas əmək məzuniyyətinə əlavə edilmiş günlərdən ibarətdir.

İşçinin məzuniyyətə buraxılması haqqında əmr məzuniyyətin başlanmasına azı beş gün qalmış hazırlanır və tanış olmaq üçün işçiyə təqdim edilir.

Əmək məzuniyyətlərinin verilməsi üçün işəgötürən növbəlilik qrafikini tərtib edə bilər.

Məzuniyyətdə növbəlilik anlayışı

Növbəlilik deyəndə işçilərə əmək məzuniyyətlərinin düzgün sıralama şəklində verilməsi nəzərdə tutulur. Məzuniyyət cədvəli hər təqvim ili üçün yanvar ayının sonuna qədər tərtib olunaraq təsdiq edilir. İşçilər istədiyi zaman məzuniyyət götürmə hüququna sahibdirlər, amma bu müəssisədə işlərin normal gedişatına təsir etməməlidir. Müəssisənin işinin davamlılığı işçilərdən asılıdır, işçilər məzuniyyətə çıxanda isə işlər düzgün getməyə bilər, yaxud gedişat uzana bilər, əlavə məsələlər, gecikmələr yarana bilər. Ona görə də, məzuniyyətlərin verilməsində növbəlilik düzgün tərtib olunmalıdır. Məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək həm də məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək üçün vacibdir. O, qanunvericiliyə, müəssisədaxili qaydalara uyğun hazırlanan sənəddir və həm işçi, həm də işəgötürən tərəfindən onun icrası zəruridir.

Əmək məzuniyyətlərində növbəlilik anlayışı Əmək Məcəlləsinin 133-cü maddəsi ilə tənzimlənir. Növbəlilik cədvəlinin hazırlanması:

  • istehsalın və işin normal gedişinin təmini;
  • məzuniyyətlər kadr uçotunun düzgün təşkili;
  • işçilərin məzuniyyət hüququndan səmərəli istifadə etməsi üçün vacibdir.

Müəssisədə növbəlilik qrafiki üzrə məzuniyyətlərdən istifadə müddətləri tərtib edilir. Növbəlilik cədvəli müəssisədə Hİ təşkilatının rəyi əsasında işəgötürən tərəfindən təsdiq edilir. Əgər Hİ təşkilatı yoxdursa, işçinin rəyi nəzərə alınmalıdır. Məzuniyyət cədvəli hazır olduqdan sonra müəssisənin bütün işçilərinin nəzərinə çatdırılmalıdır. ƏM-nin 137-ci maddəsinə əsasən işçilərə məzuniyyət hissələrə bölünərək verilə bilər. Həmçinin, işçi əsas və əlavə məzuniyyətlərdən həm birlikdə, həm də ayrılıqda istifadə edə bilər (ƏM maddə 113.2). Buna görə də tərtib edilən məzuniyyət cədvəllərində işçilərə il ərzində müxtəlif, ya da eyni vaxtda məzuniyyətlərin verilməsi nəzərdə tutula bilər.

Məzuniyyət qrafikinin tərtib edilməsi və təsdiq edilməsi haqqında əmr formasının təsdiq olunmuş standart forması yoxdur. Əmrdə qısaca olaraq müəssisənin adı, şəhər, tarix, əmr nömrəsi, habelə:

  • işçinin adı, atasının adı, soyadı, vəzifəsi (peşəsi);
  • verilən məzuniyyətin növü, müddəti, uyğun iş ili;
  • məzuniyyətin başlanma, qurtarma tarixi, habelə məzuniyyət bitdikdən sonra işə başlanmalı tarix qeyd olunur.

İşçiyə məzuniyyət müddətində əməkhaqqının verilməsi onun qanunvericiliklə müəyyən olunan təminatlarından biridir. Məzuniyyət dövrü üçün əmək haqqı məzuniyyətin başlamasına ən azı 3 gün qalmış ödənməlidir.

İşçilərin arzusu ilə əmək məzuniyyətinin verilməsi

Növbəlik cədvəli qurularkən bəzi işçilərin arzusu nəzərə alınaraq onlara istədiyi müddətdə məzuniyyətlər təyin edilir (maddə 133.3). Həmin işçilər aşağıdakılardır:

  • 14 yaşı tamam olmayan  iki, yaxud daha çox uşağı olan, ya da 18 yaşdan kiçik əlil uşağı olan qadınlar;
  • 16 yaşdan kiçik uşaqları tək böyüdən valideyn, ya da qəyyum;
  • hərbi qulluqçuların həyat yoldaşı;
  • əlillər;
  • müharibə veteranları;
  • 18 yaşı tamam olmayan  işçilər;
  • həm işləyən, həm də  təhsil alan şəxslər;
  • Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilər (ƏM maddə 120);
  • Çernobıl AES-də qəza zamanı sağlamlığı pozulan və şüalanma xəstəliyinə məruz qalan şəxslər.

Müharibə veteranları, Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərin məzuniyyətləri haqqında burada bəhs edilib.

Növbəlilik cədvəli tərtib edilərkən ilk növbədə yuxarıda qeyd edilən işçilərin istədiyi müddətlər qrafikdə təyin edilir. Əgər məzuniyyətin vaxtı işçini qane etmirsə, o, bu vaxtın dəyişdirilməsi üçün işəgötürənə müraciət edə bilər. Məzuniyyət vaxtının dəyişilməsi qaydaları haqqında buradan müvafiq məlumatlar əldə etmək mümkündür.


Print Friendly, PDF & Email