Əmək münasibətlərində qadınların müstəsna hüquqları

posted in: Xəbər | 0
birbank biznes

qadınların hüquqları, Əmək münasibətləri,Qanunvericiliyə əsasən, əmək münasibətləri zamanı müəyyən kateqoriyalardan olan şəxslərə bəzi güzəşt və azadolmalar tətbiq edilir. İnsan resurslarının idarə olunması mütəxəssisi Nihad Əliyev Azərbaycan qanunvericiliyində qadınlara verilən müstəsna hüquqlar barədə bəhs edir.

  • Əmək Məcəlləsinin 52-ci maddəsinə əsasən, hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlara sınaq müddəti şamil edilmir.
  • Əmək Məcəlləsinin 66-cı maddəsinə əsasən, hamilə qadınların,uşağınün üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların attestasiyası keçirilmir.
  • Əmək Məcəlləsinin 67-1-ci maddəsinə əsasən , Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların sertifikasiyası keçirilmir.
  • Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir.
  • Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, hamilə, habelə üç yaşınadək uşağı olan qadınların əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi qadağandır.
  • Əmək məcəlləsinin 91-ci maddəsinə əsasən, qısaldılmış iş vaxtının müddəti həftə ərzində hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.
  • Əmək Məcəlləsinin 94-cü maddəsinə əsasən, işçinin səhhəti və fiziolofi vəziyyəti (hamiləlik) müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə on dörd yaşına çatmamış, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlara ərizələri ilə işəgötürən natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən etməlidir.
  • Əmək Məcəlləsinin 98-ci maddəsinə əsasən , gecə vaxtı görülən işlərə hamilə və üç yaşınadək uşağı olan qadınların cəlb edilməsinə yol verilmir.
  • Əmək Məcəlləsinin 125-ci maddəsinə əsasən, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzumiyyət aşağıdakı müddətlərdə verilir:

– normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü);
– doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü;,
– iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü).

  • Əmək Məcəlləsinin 131-ci maddəsinə əsasən, qadınların hamiləliyə və doğuşa görə – sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ var.
  • Əmək Məcəlləsinin 240-cı maddəsinə əsasən, hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Bu qayda işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə qadın əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallara şamil olunmur.

İşəgötürən hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınla bu səbəblərə görə əmək müqaviləsi bağlamaqdan imtina etdikdə, qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb etmək hüququna malikdir. Əmək müqaviləsi bağlamaqdan imtina edilməsinin səbəblərinə görə qadın öz hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər.

  • Əmək Məcəlləsinin 241-ci maddəsinə əsasən, hamilə və 3 yaşınadək uşağı olan qadınların bu maddədə nəzərdə tutulmuş işlərin görülməsinə cəlb olunması qadağandır.
  • Əmək Məcəlləsinin 242-ci maddəsinə əsasən, hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir.
  • Əmək Məcəlləsinin 243-cü maddəsinə əsasən, tibbi rəyə uyğun olaraq hamilə qadınlar üçün hasilat və ya xidmət norması azaldılır, yaxud onlar zərərli istehsal amillərinin təsirini istisna edən daha yüngül işə keçirilirlər.

Hamiləlik və ya uşağının yedizdirilməsi səbəblərinə görə qadınların əməkhaqqının azaldılması qadağandır.

  • Əmək Məcəlləsinin 245-ci maddsənə əsasən, hamilə, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əmək haqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həfləlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir.

Hamilə və 3 yaşınadək uşağı olan qadınların həm özünün, həm də uşağının tibb müəssisələrində dispanser və ambulator müayinələrinin keçirildiyi, həkim məsləhətləri aparıldığı günlərdə orta əməkhaqqı saxlanılır. Belə müayinələrin keçirilməsi üçün işəgötürən hökmən hamilə qadınlara zəruri şərait yaratmalıdır.
Mənbə. “Əmək qanunvericiliyinin tətbiqi və əməkhaqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabı.

Mənbə: vergiler.az


ƏDV qeydiyyatı keçmiş tarixlə aparıldıqda bəyannamə necə təqdim edilməlidir?


Print Friendly, PDF & Email