Əmək münasibətləri və onun tərəfləri

posted in: Xəbər | 0
birbank biznes

Əmək münasibətləri nədir? Onun tərəfləri kimlərdir? Əmək münasibətləri nə vaxt və necə meydana çıxır?  Bunlar barədə muhasibat.az sizə təqdim edilən bu məqaləsində danışacağıq.

Əmək münasibətləri anlayışı

Əmək münasibətləri anlayışı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3.4-1 maddəsində şərh olunub. AR ƏM  əmək və onunla əlaqəli münasibətləri tənzimləyən əsas qanunvericilik aktıdır.  AR-in uyğun qanunları, müvafiq icra hakimiyyəti orqanlarının  normativ hüquqi aktları, beynəlxalq müqavilələr də belə tənzimləyici aktlara, həmçinin aiddir. Onların məcmusu respublikamızın əmək qanunvericiliyi sistemini təşkil edir.

Digər münasibətlərdən xarakterik xüsusiyyətlərinə görə fərqlənən əmək münasibətləri:

  • vətəndaşın fərdi əməyi ilə müəyyən işlərin görülməsini nəzərdə tutur;
  • konkret əməliyyat yaxud tapşırığın icrası ilə məhdudlaşmır, davamlı xarakter daşıyır;
  • qarşılıqlı maraq əsasında qurulur (iş üçün ödənişlər);
  • işçinin işəgötürənlə mövcud olan əməyin təşkili sisteminə daxil edilməsini, habelə işəgötürənə tabe olmasını nəzərdə tutur;
  • müəyyən iş növünün yerinə yetirilməsi ilə bağlıdır;
  • əmək qabiliyyətinin müvəqqəti itirilməsi, işin itirilməsi, pensiyaya çıxması və s. hallarda icbari dövlət sığortası sistemi tətbiqini mümkün edir.

Əmək münasibətlərinin əhatə dairəsinə əməyin mühafizəsi üzrə münasibətlər də aiddir.

Əmək münasibətlərinin tərəfləri

İşəgötürən və işçi əmək münasibətlərinin tərəfləridir (ƏM, maddə 42). İşəgötürən işçi ilə əmək münasibətlərinə girmiş fiziki və ya hüquqi şəxsdir.

İşəgötürən anlayışını Məcəllənin 3-cü maddəsinin 3-cü hissəsi şərh edir. İşəgötürənin hüquq və vəzifələri aşağıdakı şəxslər tərəfindən həyata keçirilir:

  • işəgötürən olan fiziki şəxs;
  • müəssisənin idarəetmə orqanları yaxud onların səlahiyyət verdiyi şəxslər;
  • Azərbaycan Respublikasının mövcud hüquqi aktları ilə müəyyən edilmiş qaydada  bunu etməyə səlahiyyəti olan digər şəxslər. 

İşəgötürən tam fəaliyyət qabiliyyətlidir (AR Mülki Məcəllə, maddə 28), habelə əmək müqaviləsi (kontrakt) üzrə aşağıdakı hüquqlara malikdir:

  • tərəf kimi onun bağlamasında iştirak edir;
  • müqaviləyə xitam vermək;
  • onun şərtlərini dəyişdirmək.

İşçi, işəgötürənlə əmək münasibətlərinə girmiş şəxsdir. 15 yaşı tamam olmuş hər bir şəxs əmək münasibətlərində tərəf kimi çıxış edə bilər. Əsas şərt onun AR Mülki Məcəlləsinin 28-8 maddəsinə uyğun  fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş olmamasıdır.

Əmək münasibətlərinin iştirakçıları

AR ƏM-nin müəyyən maddələrində “əmək münasibətlərinin iştirakçıları” anlayışından istifadə edilir. Məcəllənin 15 maddəsinin “Qeyd” hissəsi bu anlayışın tərkibini müəyyən edir. İşçi və işəgötürəndən başqa onlara nümunə kimi aşağıdakıları göstərmək olar:

  • mülkiyyətçi;
  • işəgötürənin tabeçiliyindəki vəzifəli şəxslər;
  • əməyin mühafizəsi xidməti əməldaşları;
  • həmkarlar ittifaqlarının nümayəndələri və sair.

Əmək münasibətlərinin yaranması üçün əsaslar

Əmək münasibətləri işəgötürənlə işçi arasında əmək müqaviləsi əsasında yaranır. Müqavilə fərdi qaydada, yazılı formada bağlanır, tərəflər arasında əmək münasibətlərinin şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirir.

Ailə kəndli təsərrüfatlarında, habelə ailə müəssisələrində belə münasibətlərinin tənzimlənməsi AR ƏM-nə yaxud tərəflərin mövcud qanunvericiliyə zidd olmayan mülahizələrinə uyğun aparılır (AR ƏM, maddə 258.1). Belə təsərrüfat və müəssisələrdə əmək müqaviləsi şifahi də bağlana bilər. Şifahi bağlanan əmək müqaviləsinin rəsmiləşdirilməsi Məcəllənin 288.2. maddəsinə uyğun aparılır.

Əmək münasibətləri və mülki hüquqi müqavilələr

Bəzən əmək müqaviləsi mülki hüquqi müqavilələrlə (xidməti müqavilələr) qarışıq salınır. Bunlar fərqli münasibətləri tənzimləyir. Məsələn:

  • əmək müqaviləsi fərdi xarakter daşıyır, işçi əmək funksiyasını müstəqil, özü icra edir, mülki hüquqi müqavilə üzrə isə, üçüncü şəxsin cəlb edilməsi mümkündür;
  • mülki hüquqi müqavilədə  AR ƏM-də nəzərdə tutulmuş zəmanətlər və kompensasiyalar ödənilmir və sair.

Mülki hüquqi müqavilələr haqqında daha çox məlumat almaq üçün buraya keçid edə bilərsiniz.

Əmək münasibətləri mülki hüquqi müqavilələr ilə rəsmiləşdirilə bilməz (ƏM, maddə 2.3). Məcəllənin 7.2-3 maddəsi ilə müəyyən edilən hallar əmək münasibətləri sayılır, həmçinin tərəflər arasında mülki hüquqi müqavilələr bağlanmır. Həmin halların şərhi ilə buradan tanış olmaq olar.


Print Friendly, PDF & Email