Əmək müqaviləsi necə bağlanır?
İşəgötürən hər hansı işçini işə qəbul edərkən onunla əmək müqaviləsi bağlayır. Əmək müqaviləsi onlar arasında əmək münasibətlərini tənzimləyın yeganə sənəddir.
Müqavilə tərəflərinin razılığına əsasən sərbəst bağlanır, yəni buna heç kim məcbur edilə bilməz.
Əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında hazırlanır, hər iki tərəf onu onlayn şəkildə elektron imza ilə təsdiqləyir (ƏM-nin 7-ci maddəsinin 2.1-ci və 2-2-ci hissələrində müəyyən edilmiş şəxslər istisna olmaqla).
Müqavilənin bağlanması Əmək Məcəlləsinin 42-49 maddələri ilə tənzimlənir. Onun bağlanması, dəyişikliklər edilməsi, xitam verilməsi yazılı və elektron formada aparılır. Bu zaman ƏM-də verilmiş nümunəvi müqavilə formasından istifadə etmək lazımdır.
Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi
İşəgötürən işçi ilə ilkin olaraq fərdi qaydada əmək müqaviləsi bağlanır. Müqavilənin hüquqi qüvvəyə minməsi qaydalarını ƏM-nin 49-cu maddəsi nizamlayır. Bu maddənin 2-ci və 3-cü hissələrində qeyd edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.
Əmək müqaviləsinin imzalanması onlayn elektron imza vasitəsi ilə aparılır. Bunun üçün işəgötürənin və işçinin gücləndirilmiş elektron imzasının olması zəruridir.
Rəsmi qeydiyyat zamanı nəzərə alınmalı məqamlar
Təbii ki, əmək fəaliyyəti müddətində əmək müqaviləsində dəyişikliklər edilməsi, yaxud müqavilənin xitamı mümkündür. Bütün bunlar elektron sistemə daxil edilməlidir, əks təqdirdə işəgötürən inzibati məsuliyyətə cəlb olunması mümkündür.
Beləliklə:
- elektron informasiya sistemində əmək müqaviləsi elektron sənəd formasında yaradılır;
- sonra isə hazırlanmış elektron əmək müqaviləsi onlayn formada elektron imzadan istifadə etməklə imzalanır.
Yalnız bundan sonra əmək münasibətləri hüquqi qüvvəyə minmiş sayılır. Bu sistem işçilərin hüquqlarının qorunması, tərəflər arasındakı münasibətlərə nəzarətin güclənməsi, görülən işlərin keyfiyyətinin daha da artmasına əlverişli imkanlar yaradır.
Müəyyən kateqoriya işçilər haqqında məlumatların elektron sistemə daxil edilməsi qadağandır. ƏM-nin 7-ci maddəsinə əsasən belə işçilərlə işəgötürən arasında müqavilə:
- kağız üzərində yazılı formada bağlanır;
- tərəflərin imzaladığı andan (müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa) hüquqi qüvvəyə minmiş sayılır.
Müqavilənin digər dövlət orqanlarında qeydiyyata alınmasına, yaxud təsdiqlənməsinə ehtiyac yoxdur. Bu vəzifələrin (peşələrin) siyahısı AR Prezidentinin fərmanı ilə təsdiqlənib.
İstənilən halda əmək müqaviləsinin bir nüsxəsini işçi tələb edə bilər.
Hüquqi qüvvəyə minməyən əmək müqaviləsinə görə məsuliyyət
İşçi öz vəzifələrini yerinə yetirməyə müqavilə bağlandıqdan, hüquqi qüvvəyə mindikdən sonra başlayır. Həmin sənəd hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərə cəlb edən işəgötürən qanunvericiliyə uyğun məsuliyyət daşıyır.
Qanunvericiliyin tələblərinə əməl edilmədikdə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə uyğun aşağıdakı cərimə sanksiyaları tətbiq olunur:
- fiziki şəxslərə (fərdi sahibkarlara) 1000 – 2000 manat;
- vəzifəli şəxslərə 3000 – 5000 manat;
- hüquqi şəxslərə isə 20 000 – 25 000 manat.
Eləcə də, Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi üzrə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 10 nəfər və daha çox işçiləri hər hansı işlərə, xidmətlərə cəlb etdikdə aşağıdakı cəza tədbirləri tətbiq edilə bilər:
- 7000 – 10 000 manat cərimə;
- 2 ilə qədər müddətdə islah işləri, ya da eyni müddət qədər azadlığın məhdudlaşdırılması, azadlıqdan məhrumetmə.
Eyni əməllər təkrar törədilərsə:
- 3 ilə qədər müddətdə azadlığın məhdudlaşdırılması, yaxud azadlıqdan məhrumetmə.
Bu halların baş verməməsi üçün işəgötürən qanunvericiliyin tələblərinə əməl etməli, müqavilənin rəsmiləşdirilməsini müəyyən olunmuş qaydada icra etməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, habelə dövlətin digər uyğun qurumları əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi qaydalarının icrasına nəzarət edir.
