Müqavilə üzrə tərəflərin vəzifələri
Əmək müqaviləsi müəssisə, yaxud təşkilatlarda əmək münasibətlərinin rəsmiləşdirilməsinə əsas verən yeganə sənəddir. Bu münasibətlərin mühüm elementlərindən biri müqavilənin tərəfləri – həm işçi, həm də işəgötürənin hüquqları, vəzifələridir. İşəgötürənlə işçi arasındakı bütün münasibətlər müqaviləyə uyğun tənzimlənir. Həmin sənəd tərtib olunan zaman tərəflər bir-birinin hüquqlarını, vəzifələrini nəzərə almalıdır. Hüquqların pozulması, yaxud öhdəliklərin icra edilməməsi qanunvericiliyin pozulmasıdır. Məsələn, İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsi əmək qanunvericiliyinin pozulması hallarını şərh edir.
İşçinin əsas vəzifələri
İşçinin vəzifələri əmək funksiyası nəzərə alınmaqla təyin olunur, onun faktiki fəaliyyətini əhatə edir. Bu vəzifələr Əmək Məcəlləsinin 10-cu maddədə qeyd olunub. Vəzifə və hüquqların ƏM ilə tənzimlənməsi işçidə üzərinə düşən öhdəlikləri yerinə yetirmək üçün məsuliyyət hissi yaradır. Bu vəzifələr aşağıdakılardır:
- İşçi müqavilə ilə müəyyən olunan əmək funksiyasını keyfiyyətlə və vaxtında qanunauyğun şəkildə həyata keçirməli, işəgötürənin verdiyi göstərişlərə əməl etməlidir. Əmək funksiyası işçinin öz vəzifəsi üzrə icra etdiyi işlərdən ibarətdir. Həmin işlər işəgötürən tərəfindən müqavilədə ətraflı qeyd olunmalıdır. İşçi tərəfindən qanuna zidd hərəkət edilməsi, verilmiş tapşırıqlara düzgün əməl olunmaması əmək vəzifəsinin pozulmasıdır.
- Əmək intizamı, müəssisədaxili intizam qaydalarına düzgün riayət edilməlidir. Bu qaydalara əməl edilmədən işçilərin birgə iş prosesində fəaliyyəti qeyri mümkündür. Ona görə də işçi ƏM-də, müqavilədə təyin olunan müddəalara tabe olmalıdır. ƏM-də 182-ci maddəyə əsasən müəssisədaxili intizam qaydaları tətbiq oluna bilər. Həmin qaydaların məqsədi odur ki, əmək intizamı təmin olunsun, qanunvericiliyin tələbləri gözlənilsin, müqavilə üzrə hər iki tərəfin öhdəliklərinin həyata keçirilməsinə nəzarət edilsin.
- İşçi əməyin təhlükəsizliyi qaydalarını öyrənməli, ona əməl etməlidir. O, mümkün qədər özünün, digər işcilərin təhlükəsizliyinin qayğısına qalmalıdır. İşçi qəzaya, ya da xəstəliyə səbəb ola biləcək binalarda, maşınlarda, avadanlıqlarda, işlərdə, qoruyucu vasitələrdə aşkar edilmiş qüsurlar barədə işəgötürənə məlumat verməlidir.
- İşçi öz vəzifə öhdəliklərini icra edərkən qarşı tərəfə vurduğu ziyana görə məsuliyyətə cəlb oluna bilər. Əgər onun qanuna zidd hərəkətləri təsdiqlənərsə, bu zaman işəgötürənə vurduğu ziyan qanunvericiliyə əsasən ödənməlidir. Azərbaycan Respublikası ƏM- də 198-206-cı maddələrdə işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyəti haqqında ətraflı məlumat verilib.
- İstehsal, kommersiya sirrini qorumaq, müəyyən olunmuş qaydada gizli saxlamaq işçinin əsas vəzifələrindən biridir. Kommersiya sirrinin yayılmasına görə o, qanunvericiliyə, müqavilə şərtlərinə görə məsuliyyət daşıyır. AR “Kommersiya sirri haqqında” 224 nömrəli qanuna əsasən hüquqi, fiziki şəxslər kommersiya sirrini təşkil edən məlumatlarının qorunma hüququna malikdir.
- İşçi digər işçilərlə eyni rəftar etməli, onların qanuni hüquqlarına hörmətlə yanaşmalı, mənafelərini pozacaq hər hansı bir hərəkətə yol verməməlidir.
- Işçi ƏM-nin 288-ci maddəsində qeyd olunanlarla bağlı hüquqlarının pozulduğunu aşkar etdikdə, məhkəməyə, yaxud Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana hüquqlarının müdafiəsi üçün müraciət edə bilər. Fərdi əmək mübahisələrində tərəflər bir-birlərinin hüquqlarına hörmət etməli, məhkəmə qərarlarını, qanunvericilikdə nəzərdə tutulan qaydaları yerinə yetirməlidirlər. Bu zaman tərəflərdən biri işəgötürən, digər tərəf isə işçi, ya da onun müvəkkil etdiyi şəxs hesab olunur.
- ƏM-nin, eləcə də bütövlükdə qanunvericiliyin tələbləri düzgün şəkildə yerinə yetirilməlidir. AR ƏM-nin 311-ci maddəsində də qeyd edildiyi kimi, işçi, yaxud işəgötürən olaraq, müqavilə üzrə razılaşdırılmış öhdəliklər, Məcəllə, qanunvericiliyə daxil olan tələblərin pozulması ilə biri digərinin mənafelərinə, eləcə də hüquqlarına ziyan vuranda intizam məsuliyyətinə cəlb olunur. 186-cı maddədə intizam məsuliyyəti, onun növləri barədə ətraflı məlumat verilib. Bunlar aşağıdakılardır:
- töhmət;
- şiddətli töhmət;
- əmək haqqının 25 faizindən çox olmayan məbləğdə cərimə;
- ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə müqavilənin ləğvi.
İşçilərin vəzifələri müəssisədə qəbul edilmiş yerli aktlarla da əlavə edilə bilər, lakin onlar qanuna zidd olmamalıdır, işçilərin vəziyyətini pisləşdirməməlidir.