Əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydası

posted in: Xəbər | 0
birbank biznes

Əmək müqaviləsi

“Muhasibat.az”-ın səhifələrində kadr uçotu haqqında çoxsaylı məqalələr tapmaq olar. Əmək müqaviləsi burada hərtərəfli şərh edilib. Bu məqalədə Əmək Məcəlləsinə uyğun əmək müqaviləsinin, o cümlədən kollektiv əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydaları ilə tanış olacağıq.

Əmək müqaviləsi işci və işəgötürən arasında əmək münasibətlərini rəsmiləşdirən sənəddir. Müqavilənin bağlanması iki mühüm mərhələdən keçir:

  • müqavilənin məzmununu təşkil edən şərtlər barədə tərəflərin razılığı;
  • əldə olunan razılığın qanuna uyğun şəkildə rəsmiləşdirilməsi.

Əmək müqaviləsinin bağlanması, tələb olunan sənədlər

Müqavilə bağlanan zaman yeni işə başlayan işçi aşağıdakı sənədləri təqdim etməlidir:

  • şəxsiyyət vəsiqəsi;
  • əmək kitabçası;

Məcburi köçkün və ya qaçqınlar, yeni işə başlayan işçilər, əcnəbilər, vətəndaşlığı olmayanlar əmək kitabçası olmadan da müqavilə bağlaya bilərlər. İlk dəfə isə başlayanlar 5 gündən artıq işlədikdə onlar üçün əmək kitabçası açılır.

  • Təhsil haqqında sənədlər

İşçinin peşə hazırlığı və təhsilinin olması zəruri olan hallarda tələb edilir.

  • Sağlamlıq haqqında tibbi arayış

İşçinin sağlamlığına təsir edən iş yerlərində, həmçinin yeyinti sənayesi, ictimai iaşə, səhiyyə və bu kimi digər yerlərdə müqavilə bağlanarkən tələb olunur. Həmin iş yerlərinin siyahısı AR Nazirlər Kabinetinin uyğun qərarı ilə təsdiq edilib.

İşçi qeyd edilən bu sənədləri təqdim etdikdən və daxili əmək qaydaları ilə tanış olduqdan sonra əmək müqaviləsinin bağlanma mərhələsi başlayır. Müqavilə yazılı şəkildə 2 nüsxədən az olmayaraq bağlanır, imzalanaraq bir nüsxə işçiyə, digəri işəgötürənə verilir. Müqavilə imzalandığı gündən qüvvəyə minir. Əgər işçi işəgötürən tərəfindən müqaviləsiz işə qəbul olunmuşsa, müqavilə onun işdə olduğu gündən bağlanmış sayılır, ən gec 3 gün ərzində sənəd kadr uçotu məqsədləri üçün hazırlanmalıdır.

Əmək müqaviləsində yaş həddi

Əmək müqaviləsini bağlayarkən yaşa diqqət etmək lazımdır.

Əgər şəxs 15 yaşına çatmayıbsa əmək müqaviləsi bağlana bilməz. 15-18 yaş arası yazılı razılığı lazımdır.

Onu vurğulayaq ki, işçi 15-18 yaş aralığındadırsa, valideynlərdən birinin, yaxud qəyyumlardan birinin yazılı razılığı bəs edir.

Bundan əlavə, müqaviləni bağlamaq üçün işəgötürənin tam fəaliyyət qabiliyyəti olmalıdır. Əks təqdirdə sənəd tərtib oluna bilməz. İstisna halları çıxmaq şərti ilə, 18 yaşına çatmamış şəxs tam fəaliyyət qabiliyyətli şəxs sayılmır (istisna Mülki Məcəllə 28-ci maddə).

Kollektiv əmək müqaviləsi

Müəssisədə kadr uçotu təşkil edilərkən, bilmək lazımdır ki, işçilərlə kollektiv əmək müqaviləsi də bağlana bilər. Belə ki, əmək müqaviləsi AR ƏM-nin 54-cü maddəsində nəzərdə tutulan əmək şəraitinin şərtləri, işçinin əmək funksiyası və öhdəlikləri qeyd olunmaqla fərdi və ya kollektiv qaydada bağlana bilər. Kollektiv əmək müqaviləsi iki, ya da 2-dən artıq işçi qrupunun bağladığı müqavilə formasıdır. İşçilərin iş şəraiti, əmək qabiliyyəti, o cümlədən bunun kimi xüsusiyyətləri nəzərə almaqla eyni işlərin görülməsində, xidmətlərin göstərilməsində kollektiv müqavilənin bağlanması daha məqsədəuyğundur. Bu kimi işlərə bəzi nümunələr göstərək:

  • təmir-tikinti;
  • əkin-biçin;
  • yükləmə-boşaltma;
  • heyvandarlıq işləri;
  • məişət;
  • ticarət və s.

Kollektiv əmək müqaviləsi bağlanarkən işçi qrupunun bütün üzvləri yazılı formada razılığını bildirməlidir. Briqada, kollektiv, yaxud işçi qrupu aralarından 1 nəfəri nümayəndə olaraq müvəkkil təyin edir. İşəgötürən müqaviləyə sadiq qalaraq qarşı tərəfin üzvləri qarşısında təyin olunan öhdəliklərinə əməl etməlidir. Qeyd edilən öhdəliklər Əmək Məcəlləsi, eləcə də bağlanmış müqavilə vasitəsilə müəyyənləşdirilir. Müqavilənin xitamı da eyni dərəcədə Məcəllədə qeyd edilən əsaslarla, qaydaya uyğun həyata keçirilir.

Əmək müqaviləsinin etibarsız hesab edilməsi

Əmək Məcəlləsi 43-cü maddədə müqaviləyə daxil ediləcək məlumatların, şərtlərin siyahısı verilib. Əgər göstərilən şərtlərdən ən azı 1-i qeyd edilməyibsə, müqavilə tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə bilər. Yenidən tərtib etməyə görə tələb də qoyula bilər. Ancaq yeni daxil edilmiş şərtin olmasına baxmayaraq ilk bağlandığı, yazılı formada tərtib edildiyi gündən etibarlı sayılır.

Əmək müqaviləsinə edilən dəyişikliklər

Əmək müqaviləsi, o cümlədən kollektiv əmək müqaviləsi bağlanandan sonra, ona hansısa səbəbdən yenidən dəyişiklik etmək mümkündür. Belə olan halda tərəflərin razılığı tələb olunur. Məcəllənin 46-cı maddəsinin 5-ci bəndinə əsasən dəyişikliklər həcmcə az olsa müqaviləyə daxil edilir, həcmcə çox olduqda isə  əlavə etmək mümkün olmadığı  üçün sənəd yenidən tərtib olunmalıdır. Həmin dəyişikliklər kadr uçotu mütəxəssisləri tərəfindən ayrıca olaraq tərtib edilib, müvafiq qaydada təsdiqlənməlidir.


Print Friendly, PDF & Email