Əmək qabiliyyətinin itirilməsinə görə müavinətin təyin edilməsi

posted in: Müavinət, Xəbər | 0
birbank biznes

Müavinətin təyin edilməsi

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsi ilə müəyyən edilmiş sosial sığorta hadisəsindən biridir. Sosial sığorta hadisəsi zamanı müavinətlərin təyin edilməsi və verilməsi “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin VII bölməsi əsasında tənzimlənir.

Müavinət işçinin əmək kitabçasının olduğu iş yeri üzrə təyin edilir. Təyinat:

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi ezamiyyət zamanı, məzuniyyət dövründə və sair bu kimi hallarda, müəssisənin olduğu yerdən kənarda baş verdikdə də iş yeri üzrə təyin olunur.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin təyin olunması üçün:

  • əmək qabiliyyətini müvəqqəti itirmiş işçi, xəstəlik müddəti başa çatdıqdan sonra, işə çıxdığı gün əmək qabiliyyətini itirmək vərəqələrini (xəstəlik vərəqələrini) müdiriyyətə təqdim edir.
  • müdiriyyət xəstəlik vərəqəsində uyğun qeydləri aparır və onu müavinəti təyin edən komissiyaya təhvil verir.

Öz-özünü sığortaedən fiziki şəxslərə müavinət yuxarıda qeyd edilən Əsasnaməyə uyğun olaraq, Dövlət Sosial Müdafiə Fondunun qurumları tərəfindən təyin olunur.

Müavinət yalnız xəstəlik vərəqələrinə əsasən verilir, digər sənədlərə əsasən müavinət verilə bilməz.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin təyin edilməsi

Müdiriyyətin müavinətin təyin edilməsi üzrə komissiyası:

  • xəstəlik vərəqələrinin qanunvericiliyə uyğunluğunu yoxlayır;
  • işçinin müavinət almaq hüququnu Əsasnamə əsasında araşdırır;
  • ödənilməli günlərin sayını (müavinət dövrünü) müəyyən edir;
  • sığortaolunanın qazancından müavinətin təyin edilməsini protokola yazır.

Xəstəlik vərəqəsi komissiyanın sədri yaxud komissiyanın səlahiyyətli üzvü tərəfindən imzalanır.

Zədə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin təyinatından tamamilə yaxud qismən imtina olunması hallarının müzakirəsində müavinət üçün müraciət edən şəxs iştirak etməlidir.

Sığortaolunanın müavinət almaq hüququ olmadıqda komissiya rədd etmək qərarı çıxarır və bu barədə səbəb göstərilməklə xəstəlik vərəqəsində qeydlər aparılır.

Müavinət təyin edilməsi uyğun sayıldıqda xəstəlik vərəqləri müavinət təyin edilməsi protokolunda imza olunmaqla müəssisənin mühasibatlığına təhvil verilir.

Müavinət təyin edildikdən sonra, müdiriyyətin müavinət təyin edən komissiyası və ya komissiyanın səlahiyyətli üzvü, müavinətin hesablanması və ödənilməsi üçün xəstəlik vərəqələri müəssisənin mühasibatlığına təqdim olunur. Xəstəlik vərəqələri, o cümlədən ödənişə aid edilməyən xəstəlik vərəqələri müavinət təyin edilməsi protokolunda imza olunmaqla verilir.

Mühasibatlıqda müavinətin hesablanması

Müəssisənin mühasibatlığında təqdim edilmiş protokol əsasında işçinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti müəyyən edilir.

  1. Müddətin ilk 14 təqvim günü üçün müavinət hesablanır və sığortaedənin vəsaiti hesabına ödənilir.
  2. Əgər müddət 14 təqvim günündən çoxdursa, müavinət sığorta edənin müraciəti əsasında Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət sosial sığorta haqqı hesabına ödənilir.

İstehsalat qəzası və peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara (İZ aktına əsasən sığortaedən təqsirli hesab edildiyi halda) müavinətin əmək qabiliyyətinin müvəqqəti itirildiyi bütün dövr üçün hesablanmış məbləği sığortaedənin vəsaiti hesabına ödənilir.

Pul sənədləri ilə birgə müavinətin təyin edilməsi və verilməsi ilə bağlı aşağıdakı sənədlər müəssisənin mühasibatlığında saxlanılır:

  • ödənilmiş və ödənişə aid edilməyən xəstəlik vərəqələri;
  • arayış və aktlar;
  • yollayışların geri qayıtma talonları və s.

Xəstəlik vərəqələri bütün başqa pul məxaric sənədlərindən ayrı saxlanılır.

Sığorta haqqı hesabına müavinətin ödənilməsi üçün sığortaedən Dövlət Sosial Müdafiə Fondunun müvafiq qurumlarına Əsasnamə ilə müəyyən edilmiş qaydada müraciət etməlidir.

Tibb müəssisələrinə, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə verilən vergi güzəştləri

Print Friendly, PDF & Email