Əmək qabiliyyətinin müvəqqəti itirilməsi
İşçinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı müavinət almaq hüququ var. Müavinətin verilməsi qaydaları AR NK-nın təsdiq etdiyi “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” ilə tənzimlənir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması xəstəlik vərəqəsi əsasında, müdiriyyətin müavinət təyin edən komissiyasının qərarına uyğun olaraq verilir.
Müavinət aşağıdakı dövr üçün verilir:
- əmək qabiliyyətinin itirilməsinin birinci günündən başlamaqla sağalanadək;
- qanunvericiliyə uyğun qaydada əlilik təyin edilənədək.
Bu zaman müddətin yuxarı həddi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə uyğun olaraq bir ildən çox olmayaraq müəyyən olunur. Müavinətin məbləği işçinin sosial sığorta stajından asılı olaraq dəyişə bilər (bax: “Əmək qabiliyyətinin müvəqqəti itirilməsi”).
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması zamanı nəzərə almaq lazımdır ki:
- bu zaman işçinin iş yeri, vəzifəsi saxlanılır;
- ilk 14 gün üçün işəgötürənin vəsaiti hesabına ödənir;
- qalan günlər üçün ödəniş DSMF-nin vəsaiti hesabına həyata keçirilir.
Nümunə 1: İşçi 01.09.2022- 30.09.2022 tarixində əmək qabiliyyətini itirmişdir. Bu halda ayın 1-dən 14-ə qədərki müddətin müavinəti işəgötürən tərəfindən ödəniləcək. Ayın 15-dən 30-na qədər müddət üçün müavinətin ödənilməsi isə DSMF tərəfindən həyata keçəcəkdir. |
14 yaşından yuxarı xəstələnmiş ailə üzvlərinə qulluq zamanı müavinət 7 təqvim günündən artıq olmayan müddət üçün verilir. Müstəsna hallarda müavinətin müddəti 10 təqvim gününədək uzadıla bilər.
Qanunvericilikdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilmədiyi hallar da vardır (bax: “Əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı sığortaolunana müavinətin verilməmısi halları”)
Müavinətin hesablanması qaydası
- Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması yalnız xəstəlik vərəqəsi əsasında aparılır.
- Hesablama zamanı nəzərə almaq lazımdır ki, müavinəti yalnız ən azı 6 ay sosial sığorta stajı olan şəxslər ala bilər.
- Müavinətin aylıq maksimal həddi əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz.
- Əmək qabiliyyətini müvəqqəti itirilməsinə görə müavinət işçinin xəstə olduğu və ya xəstə ailə üzvünə qulluq etdiyi hallarda hesablanır.
- Müavinət işçinin məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancından hesablanır.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması alqoritmi
- Sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləği hesablanır (bunu “Gəlir” adlandıraq);
- Həm dövr üçün (son 12 ay üçün) iş günlərinin sayı tapılır (bunu da “İş günləri” adlandıraq);
- Bir iş gününə düşən orta gündəlik qazanc (“Gündəlik qazanc”) “Gəlir” və “İş günləri”nin nisbətinə bərabərdir, yaxud Gündəlik qazanc = Gəlir / İş günləri ;
- Orta gündəlik qazanc və işçinin sosial sığorta staja görə faiz (“Staj faizi”) nəzərə alınmaqla gündəlik müavinətin məbləği hesablanır (“Gündəlik müavinət”), yaxud Gündəlik müavinət= Gündəlik qazanc * Staj faizi;
- “Gündəlik müavinət” yuxarıda qeyd edilən Əsasnamənin 3 bəndinin 4 abzası ilə müəyyən edilən aylıq maksimum həddin müavinət hesablanan aydakı iş sayına bölünməklə tapılan məbləğdən çox olmamalıdır;
- Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ümumi məbləği (“Müavinət”) xəstəlik vərəqəsinə əsasən buraxılmış iş günlərinin (“Müavinət dövründə iş günləri”) sayı ilə gündəlik müavinətin hasili kimi hesablanır, yaxud Müavinət= Gündəlik müavinət* Müavinət dövründə iş günləri
Yuxarıda qeyd edilənləri düsturla belə ifadə edə bilərik:
Müavinət = Gəlir / İş günləri * Staj faizi * Müavinət dövründə iş günləri
Əmək qabiliyyətini müvəqqəti itirilməsinə görə müavinətin hesablanması zamanı məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlər qazanca aid edilmir.
İşçinin qazancının müəyyən edilməsi ilə bağlı digər nüanslar
İşçiyə əməkhaqqı əvəzinə mal (iş yaxud xidmət) verildikdə, onların dəyəri qazanc kimi nəzərə alındığı tarixdə:
- bazar qiymətləri ifadə olunan dəyərə, yaxud;
- dövlət tərəfindən tənzimlənən qiymətlərlə ifadə olunan dəyərə bərabər götürülür.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında iki aylıq vəzifə maaşı və ya ikiqat tarif dərəcəsi (vaxtamuzd əməkhaqqı alanlar üçün vaxtamuzd, işəmuzd əməkhaqqı alanlar üçün isə işəmuzd əməkhaqqı) məbləğindən artıq olmamaq şərtilə, faktiki qazanc nəzərə alınır. Bu qaydada hesablanmış müavinətin aylıq məbləği iki aylıq vəzifə maaşı və ya ikiqat tarif dərəcəsi məbləğindən artıq ola bilməz. Bu tələblər aşağıdakı hallara tətbiq edilmir:
- bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi;
- hamiləliyə və doğuşa görə məzuniyyətlər.
Vəzifə maaşı və ya tarif dərəcəsi almayan işçilərə bu Əsasnamədə nəzərdə tutulan hallarda müavinətin hesablanması üçün əməkhaqqı Dövlət Statistika Komitəsinin məlumatı üzrə müvafiq peşə və ixtisasa malik işçinin əməkhaqqına uyğun olaraq müəyyən edilir.
İş günlərinin sayına təsir edən amillər
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması prosesində istifadə olunan orta gündəlik qazancın müəyyən edilməsi zamanı iş günlərinin sayından aşağıdakı dövrə düşən iş günləri çıxılır:
- əmək qabiliyyətini müvəqqəti itirildiyi dövr;
- hamiləliyə və doğuma görə verilən məzuniyyət dövrü;
- uşaq 3 yaşına çatanadək ona qulluq edilməsinə görə verilən məzuniyyət dövrü.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması nümunələri
Nümunə 1: “Merkur” MMC- də 15 illik iş stajı, 600 manat əməkhaqqı olan işçi xəstəlik vərəqəsi əsasında 14.11.2021-ci il tarixdən 19.11.2-21-ci il tarixədək əmək qabiliyyətini itirib: son 12 aylıq əməkhaqqı – 7200 manat (600*12); son 12 ayın iş günləri – 243 gün; müavinət müddətindəki iş günləri 5 gün; staj və kateqoriya üzrə faiz 100 %; Müavinət = (7200 / 243) x 5 x 100 %= 148.15 manat. |
Beləliklə, işçiyə işəgötürən tərəfindən ödəniləcək müavinət məbləği 148.15 manat olacaqdır.
Bu zaman belə sual yaranır ki, işçi 12 aydan az işləyibsə, müavinət hesablanması necə olacaq? İşçi 12 aydan az müddətlə işləyibsə, bu zaman faktiki işlədiyi aylarda qazandığı qazanca görə hesablama aparılır.
Nümunə 2: “Merkur” MMC-də xəzənidar vəzifəsi üzrə 5 yanvar 2022-ci ildən işə 600 manat əməkhaqqı alır. Sosial sığorta stajı 8 ildir. Həmin işçi 1 noyabr 2022-ci il tarixdən 10 noyabr 2022-ci il tarixinə qədər əmək qabiliyyətini müvəqqəti itirmişdir. Müavinət = ( 600 x 10 ) / 241 x 6 gün x 80 % = 119.47 manat. |
Əmək qabiliyyətini müvəqqəti itirilməsinə görə müavinətdən yalnız aşağıdakılar tutula bilər:
- aliment;
- ailə başçısının şikəst olması, yaxud səhhətinin başqa cür korlanmasına görə ödəmələr;
- ailə başçısının ölümünə səbəb olan zərərin ödəniş məbləği.
Tutulmalar məhkəmənin uyğun qərarı əsasında aparılır.