Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilməsi dövrü

posted in: Müavinət, Xəbər | 0

Sosial müavinətlər

Sosial sığorta iqtisadi fəal vətəndaşların konstitusiya hüququnun “Sosial sığorta haqqında” AR Qanununda nəzərdə tutulan hallarda həyata keçirilməsini təmin etməyə yönəlmiş sosial müdafiə sistemidir. Bu sistem aşağıdakı hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin qarşısının alınmasını və ya əlavə xərclərinin ödənilməsini təmin edir:

  • pensiya yaşına çatdıqda;
  • xəstəlik səbəbindən əmək qabiliyyətinin itirilməsi zamanı;
  • tam və ya qismən əlillik dövründə;
  • ailə başçısını itirildikdə;
  • uşaq anadan olduqda, habelə ona qulluq üçün məzuniyyət vaxtı;
  • dəfn üçün və sair.

Sosial sığorta vasitəsi ilə dövlət öz sosial siyasətini həyata keçirir. Sosial sığorta paketinə daxil olan ən geniş yayılmış müavinət növü tibb müəssisəsi tərəfindən verilmiş xəstəlik vərəqəsi (əmək qabiliyyətini itirmək vərəqəsi) əsasında verilən əmək qabiliyyətinin müvəqqəti itirilməsi müavinətidir. Sosial müavinətlərin növləri haqqında ətraflı məlumatı bu səhifədə tapmaq olar.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilməsi dövrü

Fiziki şəxsin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ aşağıdakı şərtlər daxilində yaranır:

  • işçinin 6 aydan az olmayan sosial sığorta stajı olmalıdır;
  • sığorta hadisəsi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verməlidir.

Müavinət veriləcək dövr əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək olan dövr sayılır. Əgər tibbi sosial ekspert komissiyası (TSEK) işçiyə əlillik müəyyən edərsə, əlilliyin müəyyən edildiyi tarix dövrün sonu hesab olunur. Nəzərə almaq lazımdır ki, bu müddət bir ildən çox olmamalıdır (AR ƏM, 74-cü maddə).

Əgər işçi işdən çıxarılmasının düzgünlüyünün mübahisələndirildiyi dövrdə əmək qabiliyyətini müvəqqəti itirərsə, müavinət işçi işə bərpa olunduqda, müəssisənin vəsaiti hesabına verilir.

Növbəti məzuniyyət (əsas yaxud əlavə) vaxtı xəstəlik və ya zədə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət dövrü müəyyən olunarkən, xəstəlik vərəqəsi əsasında işçinin əmək qabiliyyətini itirdiyi iş günləri nəzərə alınır.

Aşağıdakı dövrlər üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir:

  • əməkhaqqı saxlanılmadan məzuniyyət zamanı;
  • uşağa qulluq etməkdən ötrü məzuniyyət müddətində.

Əgər işçinin əmək qabiliyyətini itirməsi bu məzuniyyətlərdən sonra da davam edərsə, müavinət  dövrü, ümumi qayda üzrə onun işə başlamalı olduğu gündən başlayaraq hesablanır. Hamiləlik və doğum zamanı da işçi əmək qabiliyyətini müvəqqəti itirir, amma bu hal “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”-nin 3-cü fəslində də ayrıca sosial sığorta hadisəsi kimi baxılır. Uyğun səhifəmizdən hamiləliyə və doğuma görə müavinət haqqında ətraflı oxuya bilərsiniz.

İşləyən əlillərə müavinətin verilməsi dövrü

Müharibə ilə bağlı əlilliyi olan şəxslər istisna olmaqla, işləyən əlliyi olan şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aşağıdakı dövrlər üçün təyin edilir.

a) istehsalat qəzası, peşə xəstəliyi səbəbindən əmək qabiliyyəti müvəqqəti itirildikdə:

  • xəstə sağalanadək, yaxud;
  • əlilliyi yenidən müəyyən edilənədək.

b) digər hallarda, ardıcıl yaxud təkrar xəstələnmə zamanı əmək qabiliyyəti müvəqqəti itirildikdə:

  • təqvim ilində altı aydan çox olmamaqla.

Vərəm xəstəliyi olan əlilliyi olan şəxslər istisna olmaqla, işləyən əlilliyi olan şəxslər vərəm xəstəliyi ilə əlaqədar əmək qabiliyyətini müvəqqəti itirdikdə müavinət aşağıdakı dövr üçün verilir:

  • xəstə sağalanadək, yaxud;
  • vərəm xəstəliyi ilə bağlı əlilliyi yenidən müəyyən edilənədək.

Sonuncu halda müddət 12 aydan artıq olmamalıdır.

Digər hallarda müavinətin verilmə dövrü

Aşağıdakı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsi baş verərsə, müavinətin dövrü həmin hallar bitdikdən sonra işçinin işə başlamalı olduğu gündən hesablanır:

  • müvəqqəti olaraq işin dayandırıldığı müddətdə;
  • hərbi toplanışlar zamanı;
  • təhsil müəssisələrində istehsalatdan ayrılmamaqla təhsillə əlaqədar verilən əlavə məzuniyyətlərdə.

Əgər işçi əmək qabiliyyətini qanunvericiliyə uyğun əməkhaqqı dayandırılmaqla işdən kənarlaşdırıldığı dövrdə müvəqqəti itirmişsə və bu işə başlamağa icazə verildikdən sonra da davam edərsə müavinət dövrü onun işə başlamalı olduğu gündən müəyyən edilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin mənbəyi

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aşağıdakı mənbələrdən ödənilir:

  • ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına;
  • qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi:

  • fasiləsiz, ardıcıl davam edərsə ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
  • fasilələrlə davam edərsə ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi işçinin işdən çıxarılmasının düzgünlüyünün mübahisələndirildiyi dövrə düşərsə, müavinət müəssisənin vəsaiti hesabına, işçi işə bərpa olunduqda verilir.

İşçi xəstəlik vərəqəsini itirərsə müavinət dövrü dublikata (sənədin surəti çıxarılmış ikinci nüsxəsi) əsasən müəyyən edilə bilər.

Xeyriyyə fondlarına ianənin vergiyə cəlb olunan mənfəətdən azaldılması qaydası

Print Friendly, PDF & Email