Dünyanın ən böyük kreditor-borclu ölkələri açıqlandı

posted in: Xəbər | 0
birbank biznes

kreditor-borclu ölkələrDünya Bankının iqtisadçıları, Uilyam və Meri Kollecindəki AidData tədqiqat layihəsi, Harvard universiteti və Almaniyanın Kil şəhərindəki dünya iqtisadiyyatı institutunun araşdırmasının nəticələrinə görə, son onillikdə Çin ABŞ-ı ötərək, inkişaf etməkdə olan ölkələrin ən böyük kreditoruna çevrilib.

2000-2021-ci illər ərzində ÇXR ciddi borc problemləri ilə üzləşən 22 ölkəyə təxminən 240 milyard dollar təcili yardım istiqamətləndirib. Söhbət Argentina, Pakistan və Nigeriyadan gedir. Borc çətinliyi olan dövlətləri xilas etmək üçün kredit mənbəyi olaraq Pekin Mərkəzi bankının böyük ehtiyatlarından –  bunlar 3,3 trilyon dollar qiymətləndirilir – istifadə edir.

Kreditlərin əksəriyyəti Çin Xalq bankının (ÇXB) svop-sazişləri vasitəsilə verilib – faktiki olaraq bunlar mərkəzi banklar arasında yuanla aşağı faiz dərəcəsi olan kreditlərdir.  Pekin bir neçə il ərzində ehtiyacı olan ölkələrə Beynəlxalq valyuta fondundan (BVF) daha böyük həcmdə maliyyə yardımı göndərib. Analitiklər bu cür sazişlərin bağlanmasının məqsədinin Çin valyutasının beynəlxalq ticarətdə istifadəsini stimullaşdırmaq olduğunu iddia edirlər.

Çin Mərkəzi Bankının hazırki siyasəti Dünya bankının keçmiş baş iqtisadçısı Karmen Reynhart tərəfindən tənqid edilib. Ekspert borclu ölkələrin xilasını ciddi böhran və bu ölkələr üçün uzunmüddətli borc çətinliklərinin başlanğıcı kimi qiymətləndirir. Bundan əlavə, onun fikrincə, ÇXR borcların artması səbəbindən daha ciddi maliyyə problemləri ilə üzləşən yoxsul ölkələrin problemlərini həll etməyə çalışmır.

Reynhartın bu fikri ilə Amerika rəsmiləri də razılaşırlar. Çinin inkişaf etməkdə olan ölkələri borc tələsinə saldığını və indi həmin ölkələrin BVF-dən kömək istədiklərini vurğulayıblar.

Bir il əvvəl Dünya bankı məlumat vermişdi ki, Çin hakimiyyətinin son onilliklərdə həyata keçirdiyi inkişaf etməkdə olan ölkələrə kütləvi kreditləşdirmə siyasəti bir çox hökumətlərin borclar üzrə ödənişləri dayandırmasına səbəb olub. 2008-ci ildən bəri gizli defoltlar nəzərə alındıqda, Çin 71 kredit restrukturizasiyası ilə üzləşib, yəni, əslində borcların ödənilməməsi ilə qarşılaşıb. Afrika ölkələri, eləcə də Kuba, İraq, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Tacikistan, Venesuela borcları ödəməyən ölkələr sırasındadır.


Print Friendly, PDF & Email