Əsas vəsaitlərin təmiri

posted in: Xəbər | 0

Təmir nədir?

Əsas vəsaitlər əldə etmiş hər bir müəssisə, nə zamansa onların təmirə ehtiyacının olacağı faktını qəbul etməlidir. Təmir məsrəfləri nə qədər əlavə vəsait itkisi olsa da, yüksək keyfiyyətli iş üçün vacibdir.

Əsas vəsaitlərin təmiri aşkar edilmiş nasazlıqları ehtiyat hissələri və ya avadanlıq vahidləri ilə dəyişdirilməsi yolu ilə müəssisənin əsas vəsaitlərini bərpa etməyə və işlək vəziyyətdə saxlamağa yönəlmiş prosesdir.

Tikili və avadanlıqların təmiri planı müəssisənin aktivlərinin vəziyyətini müəyyən etmək üçün keçirilən tədbirlər zamanı hazırlanır və aşağıdakı əməliyyatları əhatə edə bilər:

  • problemin aşkarlanması;
  • problemlərin diaqnozu və ya aşınma dərəcəsinin müəyyən edilməsi;
  • nasazlıqların aradan qaldırılması;
  • təmir olunan obyektin sonrakı istismarına nəzarət.

Yadda saxlamaq lazımdır ki, əsas vəsaitin təmiri:

  • onun texniki-iqtisadi göstəricilərini yaxşılaşdırmır;
  • onu yeni funksional imkanlarla təmin etmir.

Tikili və avadanlıqların təmiri onların ilkin texniki vəziyyətə qaytarılması prosesidir. Məhz bu, təmiri modernləşdirmə və yenidənqurmadan əsaslı şəkildə fərqləndirir.

Beləliklə, əsas vəsaitlərin təmiri obyektin özünün və ya onun ayrı-ayrı hissələrinin istismar qabiliyyətini və istismar müddətini bərpa etməyə yönəlmiş texnoloji əməliyyatlar kompleksidir.

Təmirin növləri

İşin xarakterinə görə əsas vəsaitlərin təmirinin aşağıdakı növləri var:

  • planlaşdırılmış profilaktiki təmir;
  • qəza səbəbindən təmir.

İşin və təmir məsrəflərini həcminə görə təmir:

  • əsaslı;
  • cari kimi təsnif oluna bilər.

Tikili və avadanlıqların cari təmiri onların vaxtından əvvəl köhnəlməsinin qarşısının alınmasına, o cümlədən xırda sınıq və nasazlıqların aradan qaldırılmasına yönəlmiş, vaxtında, sistemli şəkildə həyata keçirilən işlərdir. Cari təmir əsaslı təmirlər arası müddətin uzadılması, əsas vəsaitin işlək vəziyyətinin qorunub saxlanması məqsədini daşıyır.

Əsaslı təmir aktivlərin onların texniki-iqtisadi xassələrinin texniki sənədlərdə qeyd olunan göstəricilərlə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına yönəlmiş, vaxtaşırı həyata keçirilən tədbirlər məcmusudur. Əsaslı təmirin cari təmirdən fərqli xüsusiyyəti məqsəddir. Bizim halda, bu, aşınmanın qarşısını almaq və kiçik zərərin aradan qaldırılması deyil, aktivin və onun resurslarının əhəmiyyətli dərəcədə bərpasıdır.

Əsas vəsaitlərin təmiri prosesi

Tikili və avadanlıqların təmiri (həm cari, həm də əsaslı):

  • təşkilatın özü tərəfindən (təsərrüfat üsulu), yaxud;
  • digər ixtisaslaşmış müəssisə tərəfindən (podrat üsulu) həyata keçirilə bilər.

Podrat üsulu ilə təmir həyata keçirildikdə kənar təşkilatlarla əlaqə qurulur, onlarla müqavilə bağlanır. Müqavilədə bunlar qeyd olunur:

  • göstəriləcək xidmətlər;
  • xidmət haqqı;
  • xidmətlərin təhvil verilməsi;
  • digər önəmli məqamlar.

Məsrəflərin uçotu podratçı təşkilatın mühasibatlığında aparılır. Təmirin sonunda çəkilmiş məsrəflər xidmət haqqından ayrıca, yaxud onun tərkibinə daxil edilərək sifarişçi təşkilata bildirilir.

Tikililərin təmir işləri zamanı tikinti işlərini həyata keçirən podratçı təşkilat tərtib edilmiş smeta əsasında işləri yerinə yetirməyə çalışır. Hər dəfə işlərin müəyyən hissəsi həyata keçiriləndə sifarişçi müəssisəyə görülmüş işlər, göstərilmiş xidmətlərlə bağlı forma verilir. Adətən təmir xidmətlərinin dəyəri görülmüş işlərin həcminə uyğun formada həyata keçirilir.

Bəzi müəssisələrdə təmir-tikinti qrupu, ayrıca sex yaradılır. Bu halda təmir işləri daha ucuz başa gəlir. İşlər müəssisənin özü tərəfindən icra edildikdə, çəkilmiş bütün məsrəflər müəssisənin mühasibatlığında uçota alınır.

Təşkilatlar iri həcmdə təmir işlərini gerçəkləşdirə bilmək üçün təmir fondları yaratmalı olurlar.

Tikili və avadanlıqların təmirinin uçotu

Əsas vəsaitlərin təmirinin uçotu aşağıdakı ilkin sənədlər əsasında aparılır:

  • görülmüş işlər üzrə hesabatlar;
  • material qiymətlərinin xərcləri;
  • təmirdən qabaq tərtib edilmiş qüsur aktları;
  • təhvil-təslim aktları.

Əsaslı təmir məsrəfləri hesabat ili ərzində 1 dəfədən artıq olmayaraq keçirilir. Əsaslı təmir məsrəfləri kapitallaşdırılmış məsrəflər hesab edilərək əsas vəsaitin dəyərinin artırılmasına yönəldilir.

Əsas vəsaitlər üzrə kapitallaşdırılmış məsrəflərin beynəlxalq mühasibat uçotu standartlarına uyğun tərtib edilmiş Hesablar Planının  113 saylı “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması” hesabı üzrə uçotu eyni adlı məqalədə şərh olunub.

Cari təmir məsrəflərinin il ərzində keçirilməsinə say limiti müəyyən edilməyib. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi belə təmir avadanlıqların işlək vəziyyətini qorumaq üçündür, bu məqsədlə zərurət yaranarsa il ərzində dəfələrlə həyata keçirilə bilər. Onu da qeyd edək ki, avadanlıqların rənglənməsi də cari təmir məsrəflərinə aid edilir.

Əmək resursları və müəssisə personalı. Əmək prosesi | I hissə

Print Friendly, PDF & Email