Ezamiyyə əmri və onun tərtibi qaydaları

posted in: Xəbər | 0
birbank biznes

Ümumi qaydalar

İşəgötürənlər xidməti tapşırığın icrası məqsədilə vaxtaşırı əmək müqaviləsi ilə işləyən işçiləri daimi iş yerindən digər yerə ezamiyyətə göndərirlər. Səfərin məqsədi müxtəlif ola bilər, məsələn:

  • tərəfdaşlarla danışıqlar;
  • yeni filialın açılışı;
  • kadr uçotunun auditi və sair.

Məqsədindən asılı olmayaraq, ilk növbədə, bütün lazımi sənədlər hazırlanır. İstər dövlət qurumu olsun, istərsə də kommersiya firması, fərq etməz, ən mühüm sənəd işçinin ezamiyyətə göndərilməsi haqqında əmrdir. Əmrin vacibliyi AR Maliyyə Nazirliyinin “İşçilərin Ezamiyyə Qaydaları”nın I hissəsinin 2 maddəsi ilə təsbit olunub. 

Ezamiyyə əmrində aşağıdakı məlumatlar qeyd olunmalıdır:

  • ad, soyad;
  • işçinin vəzifəsi;
  • ezamiyyənin təyinatı;
  • işçinin ezam olunduğu yer;
  • ezamiyyə günlərinin sayı və s.

Ezamiyyə xərclərini həm işçini ezamiyyəyə göndərən müəssisə, həm də dəvət edən tərəf ödəyə bilər. Ezamiyyəni maliyyələşdirən tərəf haqqında məlumatlar əmrdə öz əksini tapmalıdır.

Ezamiyyə əmri verilməzdən əvvəl hansı işçinin ezamiyyətə göndərilməsi müəyyən olunur. Əksər hallarda işəgötürənin rəsmi tapşırığı yerinə yetirmək üçün istənilən işçini seçmək hüququ var, lakin bəzi işçilər istisna təşkil edir. Bu barədə ezamiyyənin verilmə qaydalarında məlumat əldə etmək olar.

Ezamiyyənin məqsədi konkret və işçinin vəzifələrinə uyğun olmalıdır. İşəgötürənin yazılı əmri olduqda ezamiyyə xərcləri iqtisadi cəhətdən əsaslandırılmış hesab olunur. Əmr verilmədən ezamiyyəyə göndərilmə qanuna ziddir və buna görə işəgötürən məsuliyyət daşıyır. Bu halda aşağıdakı problemlərlə qarşılaşmaq mümkündür:

  • işçi ezamiyyətə getsə belə onlara avans verilməyəcək yaxud da gələcəkdə ezamiyyə xərclərini təsdiq edə bilməyəcək;
  • işçiyə avans verilərək xərclər kompensasiya edilsə də gələcəkdə onlar mühasibatlıq tərəfindən silinə bilinməyəcək;
  • əgər mühasib tərəfindən həmin xərclər heç bir əsas olmadan silinmiş olarsa, vergi yoxlamaları zamanı o bunun üçün məsuliyyət daşımalı olacaq.

Ezamiyyə əmri necə tərtib olunur?

Ezamiyyə əmri üçün qanunvericilikdə müəyyən edilmiş standart forma yoxdur. Tərtib edilmə formasını müəssisə özü sərbəst müəyyən edir. Əmrin forması daxili normativ sənədlə, məsələn, ezamiyyələr haqqında əsasnamə ilə təsdiq edilməlidir. Sənəddə işçinin tam adı, vəzifəsi qeyd edilir. Ezamiyyənin müddəti təqvim günləri ilə müəyyən olunur. Məsələn, işçi aprelin 10-u saat 22.45-də yola düşür və aprelin 14-də saat 00.15-də geri qayıdır. Onun ezamiyyət müddəti 5 təqvim günü olacaqdır.

İşçi həmin əmrlə tanış olmalı və imzası ilə bunu təsdiq etməlidir.  Ezamiyyət əmri daxili sənəddir, ona görə də möhür vurulması tələb olunmur.

Sahibkar olmayan təşkilatın rəhbərinin də ezam olunması işçilər üçün müəyyən olunan ümumi qaydalar çərçivəsində həyata keçirilir. Onun ezamiyyət xərclərinin əsaslandırılması üçün əmr tərtib edilməlidir. Bu zaman direktor həm ezam olunmuş şəxs, həm də işəgötürənin nümayəndəsi kimi çıxış edir.

Filial və ayrı-ayrı bölmələrin rəhbərlərinin ezamiyyələri bir qayda olaraq şirkətin baş ofisində verilir. Bu halda əmr baş direktor tərəfindən imzalanır.

İşçinin ezam edilməsi zamanı müxtəlif hallarla rast gəlmək olar, məsələn:

  • ezamiyyə xərcinin göndərən müəssisə tərəfindən ödənilməsi;
  • ezamiyyə xərcinin dəvət edən müəssisə tərəfindən ödənilməsi;
  • rəhbər işçinin ezamiyyəyə göndərilməsi;
  • xarici ölkəyə ezamiyyə;
  • bir neçə işçinin ezamiyyətə göndərilməsi.

Bu halların hər biri üçün tərəfimizdən hazırlanmış ezamiyyə əmri nümunələrinə buradan baxmaq olar. Həmin səhifədən nümunəvi ezamiyyə əmri formasını da yükləmək mümkündür.

Ezamiyyə üzrə digər sənədlər

Ezamiyyə əmri rəsmiləşdikdən sonra işçiyə kadrlar şöbəsi və ya mühasibatlıq tərəfindən ezamiyyə vəsiqəsi verilir.

Respublika daxili ezamiyyətlərdə işçinin ezam olunduğu yerə gəlməsi və geri qayıtması, həmçinin,  ezamiyyət yerində olduğu faktiki müddət barədə məlumatlar ezamiyyət vəsiqəsinə yazılmalı, zəruri hallarda isə möhür vurulmalıdır. Əgər işçi fərqli məntəqələrə ezamiyyətə göndərilərsə, bu zaman hər bir məntəqə üzrə gəlib-getmə  günləri barədə qeydlərin  ayrı-ayrılıqda aparılması tələb olunur.

Respublikadan kənar ezamiyyələrdə isə verilmiş əmrlə yanaşı ölkədən giriş-çıxış haqqında pasportda (yaxud pasportu əvəz edən sənəd) səlahiyyətli orqanların apardığı qeydlər əsas götürülür. Əgər həmin sənədlərdə hər hansı qeydlər aparılmazsa, onda işçiyə ezamiyyə vəsiqəsinin ingilis dilində tərtib edilmiş variantda verilməsi təmin edilməlidir.

Ezamiyyəyə göndərilən işçiyə pul avansı verilir. Ezamiyyətdən geri döndükdən sonra işçi xərclənən vəsaitin məbləği barədə avans hesabatını hazırlayaraq 3 gün müddətində təqdim etməlidir.

Təşkilatlarda ezamiyyətə göndərilən işçilərin qeydiyyatının aparıldığı ezamiyyət kitabı tərtib edilməlidir.

Ezamiyyə vəsiqəsi və əmri bir nüsxədə hazırlanır və onun saxlanma müddəti 5 ildir.


İdeyaları texnoloji həllərə çeviririk - Genity

Print Friendly, PDF & Email