Ezamiyyələr
Bəzi hallarda işçi işin tələbinə uyğun olaraq müəssisə rəhbəri tərəfindən ezamiyyətə göndərilməli olur. Ezamiyyət zamanı işçinin iş yeri və əməkhaqqısı saxlanılır, habelə ezamiyyə xərcləri norması nəzərə alınmaqla ona hər təqvim günü üçün ezamiyyə xərci ödənilir. Gündəlik ezamiyyə xərcləri işçinin daimi yaşayış yerindən kənarda yaşaması ilə bağlı əlavə xərcləridir. Xərc normaları AR-nin Nazirlər Kabinetinin müvafiq qərarına uyğun tənzimlənir.
Respublika daxili ezamiyyə xərclərinin bir günlük norması aşağıdakı kimi müəyyən edilib:
- Bakı şəhərində 90,0 manat;
- Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat;
- respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat.
Xarici ezamiyyə xərclərinin normaları AR NK-nın yuxarıda qeyd edilən qərarına 1 saylı əlavə əsasında müəyyən olunur.
Xarici ölkələrə ezamiyyə xərci
Xarici ölkəyə ezamiyyə müddəti yolda olma müddəti nəzərə alınmamaq şərtilə 40 gündən artıq olmamalıdır. İşçi müxtəlif səbəblərdən xarici ölkələrə ezamiyyətə göndərilə bilər:
- konfranslar, danışıqların aparılması;
- məhkəmələr, beynəlxalq qurumlarda iştirak;
- xarici tərəfdaşlarla müqavilənin rəsmiləşdirilməsi və s.
Ezamiyyə xərcinin 1 günlük normasının 40 faizini gündəlik yemək xərci təşkil edir. Ezam olunmuş işçinin ezamiyyə xərcləri qanuna uyğun şəkildə lazımi valyutaya çevrilərək ödənilir. Ezamiyyətdən qayıtdıqda isə ölkədən gedib-qayıtma barədə təsdiqedici qeydlər pasportda əks edilmiş formada müəssisəyə təqdim edilməlidir. Əgər işçinin ezamiyyətdə olma müddəti istirahət, yaxud qeyri-iş günlərinə düşərsə, bu zaman ona əlavə istirahət günü və ya əməkhaqqı verilməlidir.
AR diplomatik nümayəndəliklərinə ezam olunmuş şəxslərə yaşayış yeri ilə təmin olunana qədər həmin ölkə üçün müəyyən edilmiş ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizi həcmində mehmanxana xərci nəzərdə tutulub.
Bəzən ezamiyyə ilə əlaqədar bütün xərcləri dəvət edən tərəf öz üzərinə götürmüş olur. Bu halda işçiyə ezamiyyə xərci ödənilmir.
Rəhbər işçilərin ezamiyyə xərci normasına əlavələr
Rəhbər işçilərə xarici ezamiyyə zamanı bir günlük ezamiyyə xərcləri normasına müəyyən əlavələr nəzərdə tutulub. Həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası AR NK-nın “Ezamiyyə xərclərinin normaları haqqında” qərarının 2 saylı əlavəsi ilə müəyyən olunur və aşağıdakı kimidir:
Sıra №-si |
Rəhbər işçinin vəzifəsi |
Əlavə (faizlə) |
1 | 2 | 3 |
1. | Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrləri[13] | 100 |
2. | Azərbaycan Respublikası Baş nazirinin müavinləri, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi sədrinin müavinləri; Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparat rəhbərləri; , Azərbaycan Respublikası Hesablama Palatasının, Məhkəmə-Hüquq Şurasının, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası Audiovizual Şurasının sədrləri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman), Azərbaycan Respublikasının Baş prokuroru, Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin sədrləri, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının və Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanların rəhbərləri, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinin müavinləri, Azərbaycan Respublikası Hesablama Palatasının auditorları, Bakı Şəhər İcra Hakimiyyəti başçısı[14] | 50 |
3. | Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri; Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin sədr müavinləri, Məhkəmə-Hüquq Şurasının üzvləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanların rəhbərlərinin müavinləri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədr müavini, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentləri, Azərbaycan Respublikası Baş prokurorunun müavinləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında olan icra hakimiyyəti orqanlarının rəhbərləri və müavinləri, Azərbaycan Respublikasının yüksək səviyyəli nümayəndə heyətlərinin xarici ölkələrə rəsmi səfərləri ilə bağlı protokol tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar ezam olunan şəxslər[15] | 30 |
Xarici ezamiyyə zamanı nümayəndəlik xərcləri
Yuxarıda qeyd edilən 2 saylı əlavədə verilmiş cədvəlin ilk iki sətrində qeyd olunan rəhbər şəxslərə ezamiyyə müddətində bir günlük normanın 10 faizi məbləğində hər gün üçün nümayəndəlik xərcləri nəzərdə tutulub. Bundan başqa həmin şəxslərə, səfir vəzifəsi olanlara, həmçinin hökumətlərarası komissiyalara daxil olan şəxslərin aşağıdakı nəqliyyat xərclərindən biri ödənilir:
- təyyarə üçün “biznes klass”;
- dəmiryol qatarları üçün “biznes klass”;
- yaxud da “2 yerli kupeli yumşaq vaqon” tariflərinə uyğun.
Digər hallarda isə nəqliyyat xərcləri təyyarə üçün “ekonom klass”, dəmiryol qatarları üçün “4 yerli kupeli vaqon” tarifləri ilə verilməlidir.
Ezamiyyə xərcləri normasına digər əlavələr
Beynəlxalq tədbirlərdə iştirak etmə məqsədilə xarici ölkələrə ezamiyyətə göndərilən AR nümayəndə heyətinin rəhbərləri qarşı tərəfin qaydalarına uyğun mehmanxanada yerləşdirilə bilərlər. Əgər bu zaman faktiki mehmanxana xərclərinin 1 günlük məbləği ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizindən çox olarsa, həmin fərq ezamiyyə xərclərinə əlavə xərc kimi ödənilməlidir. Lakin nəzərə almaq lazımdır ki, bu qayda ilə həmin nümayəndə heyətinin digər üzvlərinin ezamiyyə xərcləri müvafiq ölkələr üzrə müəyyən edilmiş ezamiyyə xərclərinin 1 günlük normasından 1,5 dəfədən çox olmamaldır.
Nəzərə almaq lazımdır ki:
- Rəhbər işçilər, onlar üçün müəyyən edilmiş ezamiyyə xərcləri normasına bu əlavələrin yalnız birindən istifadə edə bilərlər.
- Xarici ölkələrə ezamiyyət zamanı işçilərə norma daxilində verilən ezamiyyət xərcləri müəssisənin gəlirdən çıxılan xərclərinə aid edilir. Faktiki ezamiyyə xərclərinin normadan artıq olan hissəsi isə gəlirdən çıxılmır.