Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması” təsdiq edildi

posted in: Xəbər | 1
birbank biznes

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 619
Bakı şəhəri, 29 dekabr 2017-ci il
“Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və
hesabatın forması”nın təsdiq edilməsi haqqında

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin ikinci abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri          Artur Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 29 dekabr
tarixli 619 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

Fərdi məşğulluq proqramının yerinə yetirilməsi
Qaydası və hesabatın formasi
1. Ümumi müddəalar

1.1. Bu Qayda və hesabatın forması “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 17.8-ci maddəsinə əsasən
hazırlanmışdır və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin (bundan sonra – Xidmət) yerli orqanları tərəfindən işsizlərə fərdi məşğulluq proqramının yerinə yetirilməsi qaydasını, həmçinin fərdi məşğulluq proqramının icrasına dair hesabatlılıq formasını müəyyən edir.
1.2. Fərdi məşğulluq proqramı – işsizin işə düzəlməkdə və əmək bazarına qaytarılmasında kömək məqsədi ilə hazırlanan və aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü və icra müddətini müəyyən edən sənəddir.
1.3. Fərdi məşğulluq proqramının icrası barədə hesabat – işsizin fərdi məşğulluq proqramında nəzərdə tutulmuş aktiv məşğulluq tədbirlərində iştirakını müəyyənləşdirən hesabatdır.
1.4. Bu Qaydada istifadə olunan digər anlayışlar “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

2. Fərdi məşğulluq proqramının alınması üçün
müraciət edilməsi

2.1. İşsiz kimi qeydiyyata alınmış şəxsə onun əmək bazarına yenidən qaytarılması və işə düzəldilməsində kömək göstərilməsi məqsədi ilə Xidmət tərəfindən Fərdi məşğulluq proqramı tərtib olunur.
2.2. İşsiz kimi qeydiyyata alınmış şəxs qeydiyyata alındıqdan sonra 5 (beş) iş günü müddətində yaşayış yeri (şəxsiyyətini təsdiq edən sənədə əsasən) üzrə Xidmətin yerli orqanlarına gələrək və ya onlayn rejimdə məsləhət xidmətindən keçərək, fərdi məşğulluq proqramını əldə etməlidir.
2.3. Məsləhət xidməti fərdi məşğulluq proqramının hazırlanması məqsədi ilə işsizin iş axtarışı və işlə təmin edilməsi imkanlarının müəyyən olunması üçün aparılır.
2.4. Məsləhət xidməti zamanı aşağıdakılar müəyyən olunur:
2.4.1. təklif oluna biləcək münasib iş üzrə tələblər;

2.4.2. ixtisası üzrə işləmək tələbinin mütləq olub-olmaması;
2.4.3. ixtisasın artırılması və ya təkmilləşdirilməsinin zəruriliyi;
2.4.4. peşə üzrə təcrübəsinin müddəti;
2.4.5. məşğulluq növünün seçimində maraqları;
2.4.6. sağlamlıq və ailə vəziyyətinə görə iş yeri üçün tələb olunan xüsusi halın mövcudluğu;
2.4.7. iş yerinin yaşayış yerindən hansı məsafədə olması ilə bağlı tələbin mövcudluğu;
2.4.8. əməkhaqqı məbləği üzrə tələb;
2.4.9. əmək şəraiti və iş rejimi ilə bağlı hər hansı bir xüsusi tələbin mövcudluğu;
2.4.10. sərbəst surətdə iş axtarışı imkanlarının hansı səviyyədə olması;
2.4.11. sərbəst surətdə şəxsi məlumat vərəqəsini hazırlama imkanları;
2.4.12. sərbəst surətdə şəxsi məlumat vərəqəsini potensial iş yerinə təqdim etmək imkanları;
2.4.13. şəxsi məlumat vərəqəsi təqdim olunacaq iş yerində müsahibə mərhələsi barədə məlumatlılığı.
2.5. Xidmətin yerli orqanları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş İnformasiya
Sistemi”nin (bundan sonra – MİS) “Məşğulluq Alt Sistemi”nə (bundan sonra – MAS) daxil olaraq tələb olunan məlumatları və məsləhət xidmətinin nəticələrini, iş tapmaq üçün zəruri aktiv məşğulluq tədbirlərinin mümkünlüyünü, həmçinin əmək bazarının cari vəziyyətini nəzərə alaraq qiymətləndirmələr aparır və şəxsə məlumat vərəqəsinin hazırlanması, seçilən iş yerinə onun təqdim edilməsi, iş yerində müsahibə mərhələsi, aktiv məşğulluq tədbirləri barədə məlumatlar verir və fərdi məşğulluq proqramını tərtib edərək gücləndirilmiş elektron imza ilə təsdiq edir (1 nömrəli əlavə).
2.6. Fərdi məşğulluq proqramı işsizin elektron şəxsi kabinetində əks olunur, işsiz onu gücləndirilmiş elektron imzası ilə təsdiq edir, əgər işsizin gücləndirilmiş elektron imzası yoxdursa, fərdi məşğulluq proqramı Xidmətin yerli orqanları tərəfindən çap olunur, işsiz tərəfindən imzalanır və skan olunmuş surəti sistemə daxil edilir.

3. Fərdi məşğulluq proqramının yerinə yetirilməsi qaydası

3.1.İşsiz fərdi məşğulluq proqramını elektron qaydada və ya kağız üzərində əldə etdikdən sonra Xidmətin yerli orqanı ilə birlikdə onun yerinə yetirilməsinə başlayır.
3.2. Fərdi məşğulluq proqramında müəyyən edilmiş aktiv məşğulluq tədbirləri işsiz tərəfindən proqramda müəyyən edilmiş müddətdə və ardıcıllıqla icra edilir.

3.3. İşsiz fərdi məşğulluq proqramının icrasının ilk 5 (beş) iş günündə onun icrasının dayandırılmasına və proqramın dəyişdirilməsinə səbəb ola biləcək halları aşkarladıqda, MAS-a bu barədə məlumat göndərərək Xidmətin yerli orqanında bu halları müzakirə edir və səbəblər əsaslı hesab edildiyi təqdirdə, ona yeni fərdi məşğulluq proqramı tərtib olunur. Bu halda yeni tərtib olunmuş fərdi məşğulluq proqramının icrası yeni tarixdən nəzərə alınır.

4. Fərdi məşğulluq proqramının yerinə yetirilməsi barədə
hesabatın təqdim edilməsi

4.1. Fərdi məşğulluq proqramının icrası barədə hesabat MAS tərəfindən hər ay üçün formalaşdırılır (2 nömrəli əlavə). İşsiz şəxsi elektron kabinetinə daxil olaraq sistemdə hesabatı həmin ayın sonuncu iş günü bitənədək elektron qaydada təsdiqləyərək təqdim edir. Hesabatın son təsdiq edilmə günü istirahət günü (bayram günü, iş günü olmayan digər günlər) ilə üst-üstə düşərsə, hesabat sonrakı iş günündə təsdiq edilə bilər.
4.2. İşsiz MAS tərəfindən formalaşdırılmış aylıq hesabatda düzgün olmayan və ziddiyyətli məlumatlar aşkar etdikdə, o, hesabatı təsdiq etməkdən imtina edir və ona əsas olan səbəbləri qeyd edir. Bu halda Xidmətin yerli orqanı 5 (beş) iş günü müddətində işsiz şəxsi Xidmətin yerli orqanına dəvət edərək, onunla qeyd olunan səbəbləri araşdırır və müvafiq tədbirlər görür.
4.3. Fərdi məşğulluq proqramının icrası barədə hesabat işsiz tərəfindən təsdiq edildikdən sonra sığorta ödənişinin verilib verilməməsi, işsiz kimi qeydiyyatının saxlanılıb-saxlanılmaması barədə Xidmətin yerli orqanı tərəfindən qərar verilir.

5. Fərdi məşğulluq proqramının yerinə yetirilməsi
qaydasının icrasına nəzarət

5.1. Fərdi məşğulluq proqramının yerinə yetirilməsinin icrasına nəzarət Xidmət tərəfindən həyata keçirilir.
5.2. Fərdi məşğulluq proqramının yerinə yetirilməsi ilə bağlı məsələlərdə Xidmətin işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyun olaraq inzibati qaydada və ya məhkəmə qaydasında şikayət edilə bilər.

Faylı yükləyin: Fərdi məşğulluq proqramı / Fərdi məşğulluq proqramının icrasına dair hesabat

Mənbə: www.cabmin.gov.az

Print Friendly, PDF & Email

  1. Elsen
    |

    Işsizem hal-hazirda islemirem