Müəssisələrin və fərdi sahibkarların əmlak vergisinin hesablanması

posted in: Xəbər | 0
birbank biznes

Vergitutma bazasının müəyyən edilməsi

Müəssisə və fərdi sahibkarların əmlak vergisi üzrə vergi bazasının müəyyən edilməsi Vergi Məcəlləsinin 202-ci maddəsi ilə tənzimlənir. Məcəllə hesablama prosesində onlar arasında fərq qoymur, odur ki biz, bu məqalədə  biz müəssisə anlayışından istifadə edəcəyik, amma bu zaman həm də fərdi sahibkarlar nəzərdə tutulacaq.

Vergi bazası vergitutma obyekti kimi tanınan əmlakın orta illik dəyəri kimi müəyyən edilir.

Sözügedən vergi müəssisələr, fərdi sahibkarlar üçün nisbətən asan hesablanır. Burada əmsallara vurulma yoxdur, əsas vəsaitlərin orta illik qalıq dəyərini bilmək kifayətdir. Onun hesablanma qaydası haqqında az sonra danışacağıq. Hələlik qeyd edək ki, müəssisələr əsas vəsaitlərinə görə müəyyən edilmiş vergini ödəmək məqsədi ilə:

  • vergidən azad edilən aktivləri müəyyən etməli;
  • azad edilmədən sonra qalan əsas vəsaitlər üçün onların orta dəyərini (illik) tapmalıdırlar.

Xatırladaq ki, amortizasiya hesablaması zamanı ilin sonuna, təmir xərclərinin uçotu zamanı isə ilin əvvəlinə olan dəyərdən istifadə edilir.

Orta illik dəyər necə müəyyən edilir?

Əmlak vergisi məqsədləri ilə orta illik qalıq dəyərinin tapılması üçün müəssisənin əmlak vergisi ödəyicisi olmasının aşağıdakı hallarına baxmaq lazımdır:

  1. əvvəlki ildən ödəyici olduqda;
  2. hesabat ilində ödəyici olduqda;
  3. hesabat ilində ödəyici olmaqdan çıxdıqda.

Bəs vəsaitlərin qalıq dəyəri nədir? Əmlakın ilkin qiyməti ilə hesablanmış köhnəlmə məbləği arasındakı fərqi belə adlandırmaq qəbul edilib. O, hesabat tarixində aktivin real qiyməti haqqında məlumat verir.

Bu göstərici təkcə vergitutma bazasının müəyyən edilməsi məqsədi ilə hesablanmır, eyni zamanda, əsas vəsaitlərin köhnəlmə dərəcəsini xarakterizə etdiyi üçün, idarəetmə qərarlarının qəbulunda da istifadə edilir. Onu analiz etməklə təşkilatın rəhbərliyi obyektin istismarını davam etdirmək, təmir etmək, dəyişdirmək və ya təkmilləşdirmək barədə qərar qəbul edir.

Mühasibat uçotunda düzgün təhlil mühüm rol oynayır. Bəzən təcrübəsiz mühasiblər çox vaxt bazar və qalıq qiymətləri qarışdırmaqla səhvlərə yol verirlər. Nəticədə yanlış nəticə əldə edilir.


Vergi uçotunu autsorsinqə etibar edin


Əmlak vergisinin hesablanması

Müəssisə əvvəlki ildən əmlak vergisi ödəyirsə orta illik dəyərin tapılması sadə riyazi hesablamaya əsaslanır, yəni, bu, elə ədədi ortanın hesablanmasıdır. Bu zaman aşağıdakı düsturdan istifadə etmək olar:

Nümunə 1:  “ABC” müəssisəsinin  əsas vəsaitlərinin vergiyə cəlb edilən qalıq dəyəri 2020-ci ilin yanvar ayının 1-nə 44000 manat, dekabr ayının 31-nə 29000 manat olub.

Orta illik qalıq dəyəri (44000 + 29000) : 2 = 36500, vergi məbləği : 36500 × 1% = 365 manatdır.

Şirkətiniz hesabat ilində yaradılıbsa (yaxud əmlak vergisi ödəyicisi olubsa), onun əmlakının ilin əvvəlinə qalıq dəyəri olmayıb. Bu zaman əmlak əldə edilərkən yaranmış dəyərlə onun ilin sonuna dəyərini toplamalısınız. Lakin alınmış cəmi 2-yə deyil 24-ə bölməli, aktivi əldə etdiyiniz aydan ilin sonunadək olan ayların sayına  vurmalısınız.

Nümunə 2: “A” MMC 21.05.2020-ci il tarixində yaradılıb. Həmin tarixə əsas vəsaitlərin vergiyə cəlb edilməli olan qalıq dəyəri 25000, 31.12.2020-ci ilə 22000 manat olub. Müəssisənin əmlakının vergitutma məqsədləri üçün orta illik qalıq dəyəri ((25000 + 22000) : 24) × 7 = 13708.33, vergi isə 13708.33 × 1% = 137.08 manat olacaq.

Əksinə olsaydı, yəni ilin əvvəlində əmlak vergisinin ödəyicisi olub, il ərzində  ləğv edilsəydiniz,  yenə eyni qayda ilə toplayıb 24-ə bölməli, lakin alınmış ədədi ilin əvvəlindən ləğv tarixi ayına qədər olan ayların sayına vurmalısınız.

Nümunə 3: “A” MMC 05.09.2020-ci ildə ləğv olunub. Bu tarixə vergiyə cəlb edilməli olan vəsaitlərinin qalıq dəyəri 35000 manat, 01.01.2020-ci il tarixinə 42000 manatdır. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri ((42000 + 35000) : 24) × 8 = 25666.67, vergi 25666.67 × 1% = 256.67 manat olacaqdır.

Müəssisələrin əsas vəsaitlərinin orta illik dəyərini hesablayan zaman hər hansı vəsaitlər istisna edilmir. Yəni Məcəllənin 13.2.17-ci maddəsinə uyğun gələn bütün aktivlərin dəyəri toplanaraq qeyd etdiyimiz üç qaydadan biriylə orta illlik qalıq dəyəri tapılır. Lakin fərdi sahibkarlar belə vəsaitlərinin siyahısından binaları çıxmalıdırlar. Çünki fiziki şəxsə məxsus binalar bir qayda olaraq bələdiyyə tərəfindən yuxarıdakı bölmələrdə qeyd etdiyimiz formada vergiyə cəlb edilir.

Sözügedən dəyəri tapdıqdan sonra sizə qalan sadəcə həmin məbləği vergi dərəcəsinə, yəni 1 %-ə vurmaqdır.


Mühasibat uçotunu buludda aparın


Təbiiki, daha əvvəldə qeyd etdiyimiz kimi, əgər əsas vəsaitlər arasında bazar qiymətindən artıq dəyərə sığortalanmışlar vardırsa, onlar ayrıca nəzərə alınmalı, bazar qiymətindən vergi hesablanmalıdır.


Print Friendly, PDF & Email