Fiziki şəxsin fəaliyyət qabiliyyəti

posted in: Xəbər | 0

Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Bu o deməkdir ki, şəxsin fəaliyyət qabiliyyəti onun öz hərəkətləri ilə hüquq və vəzifələr daşımağını ifadə edir.

Şəxsin fəaliyyət qabiliyyəti şəxsin sağlamlıq vəziyyəti və yaşı kimi amillər nəzərə alınmaqla müəyyən edilir. Belə ki, şəxsin:

  • 7 yaşınadək fəaliyyət qabiliyyəti yoxdur.
  • 7-18 yaşınadək məhdud
  • 18 yaşından sonra tam fəaliyyət qabiliyyəti yaranır.
  • 16 yaşı tamam olmuş şəxs əmək müqaviləsi üzrə işləyirsə, sahibkarlıq fəaliyyəti ilə məşğul olarsa (valideynlərin razılığı ilə) tam fəaliyyət qabiliyyətli sayıla bilər.
  • 18 yaşına çatmamış fiziki şəxs istisna hallarda nikaha girdiyi vaxtdan tam həcmdə fəaliyyət qabiliyyəti əldə edir. Nikah etibarsız sayıldıqda bu qabiliyyət itir.
  • Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan sayılır və onların üzərində qəyyumluq təyin edilir.

Fəaliyyət qabiliyyətinə müvafiq olaraq əqdlərin bağlanması ilə bağlı da bir sıra tələblər mövcuddur:

  • 14 yaşı tamam olmamış şəxsin əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Şəxs özü bağladığı əqd isə sonradan həmin şəxslər tərəfindən bəyənildikdə etibarlıdır.
  • 7 yaşından 14 yaşınadək olan şəxslər xırda məişət əqdləri, əvəzsiz olaraq fayda götürməyə yönəldilmiş əqdlər, qanuni nümayəndənin müəyyən məqsəd üçün və ya sərbəst istifadə üçün verdiyi vəsait barəsində sərəncam nəzərdə tutan əqdləri bağlaya bilər.
  • Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxsin adından əqdləri qəyyum bağlayır.
  • 14 yaşından 18 yaşınadək olan şəxslər müstəqil surətdə öz qazancı, təqaüdü və digər gəlirləri barəsində sərəncam verilməsi üzrə, o cümlədən xırda məişət əqdlərini bağlaya, elm, ədəbiyyat və ya incəsənət əsərinin, ixtiranın və ya qanunla qorunan digər əqli fəaliyyət nəticəsinin müəllifi hüquqlarını həyata keçirə bilər.
  • 16 yaşı tamam olmuş şəxslərin kooperativ üzvü olmaq ixtiyarı vardır.

Fiziki şəxsin fəaliyyət qabiliyyətindən tamamilə və ya qismən imtina etməsi və hüquq qabiliyyətinin və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına yönəldilmiş digər əqdlər əhəmiyyətsizdir.

Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıla bilər. Belə şəxsin üzərində himayəçilik təyin edilir. Onun xırda məişət əqdləri bağlamaq ixtiyarı vardır. Fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına səbəb olan əsaslar aradan qalxdıqda məhkəmə onun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasını ləğv edir.


Fiziki və hüquqi şəxslərin mülki hüquq qabiliyyəti


Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *