Gəlir anlayışı və onun növləri

posted in: Vergi | 0
birbank biznes

Gəlir vergisi nədir?

Gəlir vergisi istənilən ölkənin vergi sisteminin əsas tərkib hissəsidir. Vergitutmanın inkişafının ilk mərhələsindən tətbiq edilən fiziki şəxslərin gelir vergisi cəmiyyətdə gəlirlərin yenidən bölünməsinə birbaşa təsir edir. Onun hesablanması və tutulması prosesini tam başa düşməyimiz, “Gəlir vergisi nədir?” sualının cavabı verginin obyektini təşkil edən “gəlir” anlayışının düzgün izahı ilə bağlıdır.

Müxtəlif nəzəriyyələrdə gəlir anlayışı

Fiziki şəxslərin gəlir vergisi. Mənbə nəzəriyyəsi, xalis artım nəzəriyyəsi, gəlirin təsnifatı

İqtisad elmində bu anlayışa iqtisadi kateqoriya kimi müxtəlif cəhətlərdən yanaşılır, məsələn, ümumi, xalis, vergiyə cəlb edilən gəlir anlayışı fərqləndirilir. Lakin bu anlayışlar vergi obyekti kimi onun vergi hüququ baxımından müəyyən edilməsinə kifayət deyil, odur ki, gəlir vergisini də tam şərh edə bilməz. Bir anlayış kimi o, həm də maliyyə xarakterlidir, odur ki, maliyyə prizmasından ona yanaşma önəmlidir.

Vergi münasibətlərini  inkişaf prosesində müxtəlif nəzəriyyələr formalaşıb. Gəlin gəlir anlayışına aşağıdakı iki müxtəlif nəzəriyyənin şərhində diqqət edək:

  • mənbə nəzəriyyəsi;
  • xalis artım nəzəriyyəsi.

Bu nəzəriyyələrdə gəlir anlayışı, onun şərhi bizə “Gəlir vergisi nədir?” sualına cavab verməyə kömək edə bilər.

Məlum mənbələrdən əldə edilən davamlı gəlirlər

Mənbə nəzəriyyəsinin əsasını məlum mənbələrdən əldə edilən davamlı gəlirlər yanaşması təşkil edir.

Bu nəzəriyyə vergitutma baxımından gəlir məlum bir mənbədən davamlı şəkildə təmin edilən, ya da təmin edilməsi mümkün olan dəyər kimi xarakterizə edilir. Nəzəriyyəyə əsasən hər hansı gəlirin vergiyə cəlb olunması üçün onun iqtisadi baxımdan gəlir anlayışına daxil olması kifayət deyildir: onun məlum mənbədən, davamlı şəkildə əldə edilməsi lazımdır. Məsələn, daşınar yaxud daşınmaz əmlak sahibinə davamlı fayda gətirən mənbədir. Hər hansı bir peşə yaxud kommersiya obyektinin sahibi onlardan davamlı qazanc əldə edə bilir.

Lakin, lotereya, vərəsəlik, habelə digər yollarla əldə edilən qazanc davamlı deyillər və nəzəriyyəyə görə onlara gelir vergisi tətbiq edilə bilməz. Beləliklə, ödəmə qabiliyyəti o zaman yaranmış hesab edilir ki, gəlirlərdə mütəmadilik olsun.

Əgər “Gəlir vergisi nədir?” sualının cavabını məlum mənbələrdən əldə edilən davamlı gəlirlər nəzəriyyəsinə əsaslanıb vermək istəsək, deyə bilərik ki,  gəlir vergisi yalnız mütəmadi əldə edilən gəlirlərə tətbiq edilən vergi növüdür.   

Orta əsrlərdə Azərbaycanda əhalidən alınan vergilər, Xərac, cizyə, xüms, uşr, zəkat

Xalis artım nəzəriyyəsi

Bu nəzəriyyəyə əsasən əldə edilən qazancın hüquqi baxımdan gəlir hesab edilməsi üçün onun yalnız məlum mənbədən davamlı, sistemli şəkildə əldə edilməsi əsas deyildir. Başqa sözlə, həmin nəzəriyyəyə görə məlum dövrdə ödəmə qabiliyyətində hansı mənbədən olursa olsun meydana çıxan artım, tədqiq etdiyimiz gəlir anlayışına daxildir. Yəni  sərvətdə özünü göstərən hər hansı bir xalis artıma gəlir vergisi tətbiq edilə bilər.

Nəzəriyyəyə görə artım ilin sonunda, həmin ilin əvvəlinə  mövcud olmuş aktivlərdəki dəyər artımıdır. Burada “gəlir” anlayışına mənbə nəzəriyyəsində göstərilən  məlum mənbələrdən əldə edilən davamlı daxilolmalarla yanaşı bütün digər qazanclar da aid edilir, məsələn, konyunkturanın dəyişməsi nəticəsində qiymətli kağızlarda, daş-qaşda meydana gələn dəyər artımı və s.

Mənbə nəzəriyyəsinin əhatə dairəsi məhduddur, nəzəriyyə ədalət prinsipinin tələblərinə cavab vermir. Xalis artım adlanan ikinci nəzəriyyəni isə real həyatda tətbiq etmək çox çətindir. Məhz bu səbəbdən də qanunvericilikdə vergiyə cəlb edilən gəlir anlayışının böyük dəqiqliklə müəyyən edilməsi üsulundan geniş istifadə edilir. Məhz bununla əlaqədar vergi qanunvericiliyində gəlir anlayışına (yəni vergitutma obyektinə) hansı gəlirlərin hansı şərtlər altında daxil edildiyi, uyğun olaraq gəlir vergisinin tətbiq mexanizmi bütün təfərrüatı ilə açıqlanır.

Beləliklə biz, fərqli nəzəriyyələr baxımından gəlir anlayışını, “Gəlir vergisi nədir?” sualını şərh etməyə çalışdıq. İndi isə gəlirin növlərinə baxaq.

Gəlirin növləri

Vergi hüququnda gəlir növlərə görə qruplaşdırılır. İqtisadi və hüquqi ədəbiyyatda gəlirlər gəlir vergisinin obyekti kimi aşağıdakı kateqoriyalara bölünür:

  1. sahibkarlıqdan;
  2. əmək fəaliyyətindən;
  3. sərvətlərdən;
  4. digər.

Belə qruplaşma səmərəli, təsirli vergi siyasətinin əsasıdır. Lakin, bizi praktik fəaliyyətimizdə elmi yanaşmalar, hüquqi qiymətləndirmələrdən daha çox Vergi  Məcəlləsinin gelir vergisi ilə bağlı müddəaları maraqlandırır. Məcəllənin 13.2.12-ci maddəsinə əsaslanıb “Gəlir vergisi nədir?” sualının cavabı kimi deyə bilərik ki,  vergitutmada gəlir anlayışı satış əməliyyatlarının məcmu dəyərini, həmçinin satışdankənar daxilolmaları əhatə edir, gəlir vergisi isə onların hər ikisinə tətbiq edilir.

Satış əməliyyatlarının məcmu dəyəri yaxud satışdan gəlirlər dedikdə işin, xidmətin, yaxud malın təqdim edilməsiylə bağlı qazanclar nəzərdə tutulur. Satışdankənar daxilolmalar bilavasitə satış fəaliyyəti ilə bağlı olmur. Onlar dəymiş zərərin ödənilməsi, məzənnə fərqi, divident və s. formasında gəlirlər ola bilər.

Tarixən gəlir vergisinin subyekti kimi fiziki şəxslər çıxış edib.

Təsnifata təsir edən digər amillər

Gəlir anlayışının şərhi, “gəlir vergisi nədir, hansı gəlirlərə tətbiq edilir?” sualına cavab vermək üçün  onun əldə edilmə zamanının düzgün təsbit edilməsi də önəmlidir.

Qanunvericiliyə görə rezident şəxsin istənilən ölkədən əldə etdiyi gəliri vergi tutulması üçün əsasdır. Şərt deyil ki, yalnız ölkəmizdə qazanmış olsun.

Nümunə: Ukrayna Respublikasının vətəndaşı təqvim ili ərzində Azərbaycan Respublikasında 220 gün qalmış və sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Onun həm Azərbaycan Respublikasından, həm də Ukraynadan əldə etdiyi gəlirlər vergitutma üçün gəliri hesab edilir.  

Qeyri-rezident şəxs üçün isə xüsusi ifadə  – Azərbaycan mənbəyi- mövcuddur.  (VM, maddə 13.2.16). Qeyri-rezident şəxs mənbəyi Azərbaycan hesab edilməyən gəlirlərinə görə vergi ödəməyə məcbur edilə bilməz.

Fiziki şəxslərin gəlir mənbəyi Azərbaycan Respublikası Vergi Məcəlləsində 97-ci maddədə aşağıdakı formada təsnif edilib:

Vergi Məcəlləsinin 97-ci maddəsində gəlirin muzdlu işlə əlaqədar əldə edilən gəlir və muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir kimi növləri var

Əsas vəsaitin yenidən qiymətləndirilməsi zamanı yaranan artım digər gəlirlərə aid deyil.  Eləcə də vergidən azad edilən gəlirlər vergitutma üçün maraqlı deyil və onlara gəlir vergisi tətbiq edilmir.

Beləliklə, biz bu məqalədə gəlir anlayışı, gəlirin təsnifatı haqqında məlumat verdik, “Gəlir vergisi nədir?” sualına cavab verməyə çalışdıq. Əgər siz vergilər, onların hesablanması, vergi və mühasibat uçotu ilə bağlı problemləinizi həll etmək istəsəniz, buraya keçid edib, müvafiq xidməti seçməklə müraciət edə bilərsiniz.


Print Friendly, PDF & Email