Gəlir vergisi üzrə kameral vergi məktubları barədə tövsiyələr

posted in: Vergi | 0

Gəlir vergisi üzrə kameral vergi yoxlaması

Məlumdur ki, fiziki şəxslərin gəlir vergisinin hesablanması, həmin gəlirlərin əldə edilmə mənbəyinə görə fərqli vergi dərəcəsi tətbiq edilməklə aparılır. Fiziki şəxsin gəlirləri aşağıdakı mənbələrdən formalaşır:

  • muzdlu işdən;
  • sahibkarlıq fəaliyyətindən;
  • muzdlu işə aid olmayan qeyri-sahibkarlıq fəaliyyətindən.

Vergi ödəyiciləri yaxud vergi agentləri gəlirlər üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada vergi bəyannaməsi təqdim edir. Vergi bəyannaməsinin düzgün tərtib edilməməsi  bir sıra problemlər yarada bilər. Təqdim edilmiş hesabatlara vergi nəzarəti məqsədləri üçün gəlir vergisi üzrə kameral vergi yoxlaması tətbiq edilir.

Muzdlu işlə bağlı fiziki şəxsin gəlir vergisi bəyannaməsi vergi agenti-işəgötürən tərəfindən “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)” formasında təqdim edilir. Bəyannamə onlayn formada hazırlanır və təqdim edilir, problem və uyğunsuzluqların əksəriyyəti bəyannamənin tərtib edilməsi prosesində aradan qaldırılır. Bu bəyannamənin hazırlanması haqqında “Accounting.Az” MMC-nin mütəxəssislərinin hazırladığı videodan tanış ola bilərsiniz.

Qeyri-sahibkarlıq fəaliyyətindən gəlir vergisi ödəyən şəxslər üzrə hesablanan və ödənilən gəlir vergiləri əsasən aşağıdakı vergi bəyannamələri vasitəsi ilə bəyan edilir:

Biznes hesabi
  • “Xüsusi notariusun gəlir vergisi bəyannaməsi”;
  • “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”;
  • “Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi”.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər əsas hissədən və 3 saylı əlavədən ibarət “Gəlir vergisi bəyannaməsi”ni təqdim edir. Vergi hesabatları formalarını buradan yükləmək olar.

Təqdim edilmiş bəyannamə məlumatları gəlir vergisi üzrə kameral vergi yoxlaması zamanı təhlil edilir.

Kameral yoxlamasının aparılma qaydası

Kameral vergi yoxlamasının aparılması qaydası Azərbaycan Vergi Məcəlləsinin 37-ci maddəsi ilə tənzimlənir. Gəlir vergisi bəyannaməsi təqdim edən vergi ödəyiciləri aşağıdakıları nəzərə almalıdır:

  • Gəlir vergisi üzrə kameral vergi yoxlaması vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında həyata keçirilir (AR VM, maddə 37.1).
  • Kameral vergi yoxlaması vergi orqanı rəhbərinin xüsusi qərarı olmadan və vergi ödəyicisini xəbərdar etmədən aparılır.
  • Gəlir vergisi üzrə kameral yoxlamanın aparılma müddəti bəyannamənin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi gündən 60 iş günü müəyyən edilib. Ödəmə mənbəyində tutulan gəlirlər üzrə, habelə xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisnadır, onlar üçün müddət 30 iş günüdür (AR VM, maddə 37.2). Bu müddət bitdikdən sonra kameral yoxlama həyata keçirilə bilməz.
  • Vergi orqanı kameral vergi yoxlaması zamanı mövcud məlumatlarda, vergi hesabatlarında uyğunsuzluq aşkar etdikdə kameral məktub göndərərək vergi ödəyicisindən əlavə sənəd, məlumat, izahat yaxud dəqiqləşdirilmiş vergi bəyannaməsi tələb edə bilər.
  • Kameral vergi məktubu 5 iş günü ərzində tərtib edilərək göndərilir və dəqiqləşdirilmiş hesabatın 10 iş günü ərzində təqdim edilməsi zəruriliyi həmin uyğunsuzluq məktubunda qeyd edilir (AR, VM  37.2-1).

Əgər gəlir vergisi üzrə kameral vergi yoxlaması zamanı vergi ödəyicisi yoxlanılan dövr üçün dəqiqləşdirilmiş vergi bəyannaməsini təqdim edərsə, kameral yoxlama müddəti onun təqdim edildiyi gündən yenidən başlayır.

Gəlir vergisi üzrə kameral yoxlamada diqqət edilən məqamlar

Əksər vergi ödəyiciləri üçün gəlir vergisi üzrə kameral vergi yoxlaması zamanı vergi orqanının diqqət edəcəyi məqamlara aşağıdakılar nümunə göstərilə bilər:

  1. Vergi azadolmaları və güzəştləri varsa (gəlir vergisi bəyannaməsinə 3 saylı əlavə) güzəştlərin tətbiqi hüququnu təsdiq edən izahat və sənədlərin surətlərini təqdim etməyə hazır olmalısınız;
  2. Təqdim edilmiş bəyannamə məlumatlarının gəlirdən çıxılan vergi və ödəmələr üzrə (bəyannaməni 1237 sətri) digər vergi bəyannamələrinin məlumatları ilə üzləşdirilməsi;
  3. Xərclərin tərkibinin düzgünlüyünün elektron qaimə-faktura və yük gömrük bəyannamələri ilə araşdırılması;
  4. Ümidsiz borclar üzrə silinmələr üzrə (sətir 1229) təsdiq edici sənədlərin təqdim edilməsi;
  5. Gəlir vergisi bəyannaməsində əməkhaqqı və ona bərabər tutulan ödəmələr üzrə məlumatın ( sətr 1226.1) vahid vergi bəyannaməsinin məlumatları ilə düzgünlüyü;
  6. Əvvəlki dövrlərdə təqdim edilmiş vergi hesabatları (bəyannamə, cari vergi arayışları) ilə yoxlanılan vergi bəyannamə göstəricilərinin müqayisəsi;
  7. Xərclərin artım tempinin gəlirlərinin artım tempini, həmçinin material xərclərinin artımın malların təqdim edilməsindən qazanılan gəlirləri üstələməsi və mal və material xərclərinin ümumi xərclərdə xüsusi çəkisinin 90 %-dən yuxarı olması halları;
  8. Fəaliyyətin ardıcıl 3 ildə zərərlə yekunlaşması, yaxud həmin müddətdə gəlirlə başa çatmasına baxmayaraq rentabellik səviyyəsinin hər il azalmasının araşdırılması.

Gəlir vergisi üzrə kameral yoxlaması zamanı vergi orqanı tərəfindən diqqət edilən məqamların siyahısını uzatmaq olar, bu tam siyahı deyil. Risk meyarları üzrə AVİS vasitəsi ilə AVİS-dən kənar aparılan yoxlamaların ətraflı şərhi ilə buradan tanış olmaq mümkündür.

Kameral yoxlama üzrə izahat məktubu

Gəlir vergisi üzrə kameral vergi yoxlaması prosesində aşkar edilən uyğunsuzluqlar barədə vergi orqanı kameral məktub (“Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub”) hazırlayır və vergi ödəyicisinə göndərir.

Aşkar edilmiş uyğunsuzluqlar barədə vergi ödəyicisi vergi orqanının tələblərinə uyğun izahat məktubu yaxud dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edir. Kameral məktuba cavab üçün tərtib edilən izahatlara daxil edilmiş məlumatları təsdiq etmək üçün əlavə olaraq ilkin uçot sənədləri, habelə hər hansı digər sənədlər təqdim edilə bilər.

Gəlir və mənfəət vergisi arasında olan ümumi cəhətləri nəzərə alaraq kameral məktuba cavablar üzrə tövsiyələr haqqında bu məqaləni oxumağı məsləhət görürük. Eyni zamanda zərərlə gəlir vergisi bəyannaməsinin təqdim edilməsi hallarına vergi müfəttişlərinin daha çox diqqət etdiyini nəzərə alıb zərərə görə kameral məktuba cavab hazırlanması üçün tövsiyələri və nümunəni diqqətinizə çatdırırıq.

Zərərlər üzrə kameral məktuba izahat

Gəlir vergisi üzrə kameral vergi yoxlaması zamanı zərərlər üzrə vergi orqanına izahat məktubunun məqsədi onu əsaslandırmaq və baş vermə səbəblərini izah etməkdir. Müvafiq olaraq kameral məktuba cavab izahatında bunlar nəzərə alınmalıdır:

  1. Rəqəmlərlə bəyannamədə əks olunan zərərin necə formalaşmasını izah edin, yəni gəlir və xərclərin hər tərəfli izahını təqdim edin;
  2. Fəaliyyətin zərərlə nəticələnmə səbəbini izah edin. Təbii ki, hər vergi ödəyicisinin öz səbəbləri var, məsələn:
  • böhran, bazar və iqtisadiyyatda qeyri-sabit şərait və sair bu kimi səbəblərdən istehsalın (satışın) azalması;
  • alıcı tələbatının azalması səbəbindən məhsul və malların qiymətlərində məcburi endirimlər;
  • valyuta məzənnələrində olan dəyişikliklərin təsiri altında xərclərin artması;
  • təmir, avadanlıqların alınması, investisiyalar kimi iri həcmli xərclər.

Gəlir vergisi üzrə kameral vergi yoxlaması zamanı tələb olunan izahlarda göstərilən bütün səbəbləri vergi və mühasibat registrlərindən çıxarışlar yaxud digər sənədlərlə təsdiqləmək lazımdır. Bu, vergi orqanı işçilərinin əlavə suallarının qarşısını alacaq.

Zərərin izahı üçün xüsusi bir forma yoxdur, kameral məktuba cavab izahatı ixtiyari formada tərtib edilə bilər. Aşağıdakı nümunə zərərə görə vergiyə izahat məktubuna nümunə ola bilər:

Sahibkar fiziki şəxs

Xxxxxxxxxx Yyyyyyyyyyyy Zzzzzzzzz

VÖEN: xyzxyzxyzz

N saylı Ərazi Vergilər İdarəsi

xx may 20xx

İZAHAT MƏKTUBU

………….. saylı …….. tarixli kameral uğunsuzluq məktubuna cavab olaraq aşağıdakıları bildirirəm:

1. Əsas sahibkarlıq fəaliyyəti ………………..

2. ………… dövr üçün ………….. fəaliyyət növündən (zərərli fəaliyyət növünü göstərin) gəlirlər … manat olub.

o cümlədən, satış gəlirləri … manat.

Xərclər – …. manat,

cümlədən,

birbaşa xərclər – ….., dolayı xərclər – ….. , qeyri-əməliyyat xərcləri — … manat.

(Mövcud durum üçün xərcləri əhəmiyyətli saydığınız daha fərqli, daha ətraflı açılışını vermək olar. Ümumiyyətlə, vəziyyəti nə qədər ətraflı və təfərrüatlı təqdim etsəniz, bir o qədər yaxşıdır.)

Hesabat dövrünün sonunda zərər … manat təşkil etmişdir. Onun yaranma səbəbləri bunlardır:

a)…………….

b)…………….

c)…………….

İzahata əlavə edilir:

1)……………………….

2) ………………………

3)……………………….

Sahibkar fiziki şəxs: _______________________

Əlaqə üçün şəxs: Mühasib ____________________Əlaqə telefonu: ___________. 

Gəlir vergisi üzrə kameral vergi yoxlamasının sona çatdırılması üçün zəruri olan izahat məktubunun hazırlanmasında bu nümunədən istifadə edə, yaxud onu özünüz hazırlaya bilərsiniz. Əsas odur ki, kameral məktuba cavab anlaşılan və qanunvericiliyə əsaslanmış olsun.

122 saylı “İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri” hesabı – müxabirləşmə nümunələri