Gəlir vergisi güzəştləri vergi ödəyicilərinə müxtəlif formada tətbiq edilə bilər, məsələn, azaldılmış dərəcələr, vergi tətilləri, azadolmalar və sair. Fiziki şəxslərin gəlirlərindən azadolmalar və güzəştlərin tam siyahısı ilə Vergi Məcəlləsinin 102-ci maddəsində tanış ola bilərsiniz. Biz burada daha çox rast gəlinən azadolmalara toxunacağıq.
- Aldığınız pensiya, dövlət tərəfindən sizə verilmiş təqaüd vergidən azad edilib. Habelə iş yerinin ixtisarı zamanı, iş yerinin bağlanması ilə bağlı verilmiş təzminat məbləğindən vergi tutulmur.
Nümunə 1: İşçi 2020-ci ilin may ayının 5-dən 10-dək xəstəlik səbəbindən işə gəlməmiş, mayın 20-dən isə dekretə çıxmışdır. Hər iki dövr üçün xəstəlik vərəqəsi təqdim edib. İşçinin may ayı üçün vergiyə cəlb olunan gəliri may ayındakı iş günlərinə müvafiq hesablanan əməkhaqqı məbləği ilə xəstəliyinə görə aldığı məbləğin cəmindən ibarət olacaqdır. Hamiləliklə əlaqədar may ayı üçün ödənilən müavinət işçinin vergiyə cəlb edilən gəlirinə daxil edilmir.
- Boşanmaya görə alınan alimentdən vergi tutulmur.
Nümunə 2: Dövlət müəssisəsində çalışan vətəndaş Əsgərova Elnarə işlədiyi müəssisədən aylıq maaş olaraq 800 manat əməkhaqqı almış, eyni zamanda həmin ay əvvəlki həyat yoldaşından 180 AZN aliment əldə etmişdir. Aylıq vergi tutulan gəlir müəyyən edilərkən aliment gəlirindən vergi tutulmamalıdır.
- Muzdlu işlə bağlı əsas iş yerində aylıq gəlirinizin 200 AZN hissəsi vergi hesablanan zaman çıxılacaqdır. Bu o hala aiddir ki, gəlir məbləği 2500 manatı aşmış olmasın.
Nümunə 3: Dövlət müəssisəsində çalışan Əhmədov Mais 500 manat əməkhaqqı alır. Bu zaman vergi hesablanması üçün onun gəliri 200 manat azaldılacaq, yəni gəlir vergisi 300 manat (500-200) üçün hesablanacaq.
- Daşınar maddi əmlakın satışı üçün vergi ödənmir. Bu, sahibkarlıq fəaliyyəti çərçivəsində təqdim edilən mallara aid deyildir. Eyni zamanda qızıl, gümüş, almaz, habelə bu qəbil qiymətli daşların yaxud onlardan hazırlanmış qiymətlilərin satışı istisnadır, yəni onların, həmçinin incəsənət nümunələrinin, əntiq əşyaların satışı da azadolmaya daxil edilmir.
Nümunə 3: Fiziki şəxs özünə məxsus və sahibkarlıq fəaliyyətində istifadə etmədiyi nəqliyyat vasitəsini notarial qaydada digər vətəndaşa satır. Nəqliyyat vasitəsinin satışından əldə edilən gəlir tamamilə vergidən azad edilərək notarius tərəfindən ödəmə mənbəyində heç bir vergi tutulmayacaqdır.
-
Sığorta hadisəsi zamanı aldığınız sığorta ödəmələri azadolmaya daxildir.
Nümunə 4: Fiziki şəxs özünə məxsus “Mersedes” markalı avtomobil ilə avtoqəza keçirir. Dəymiş zərərə görə 5000 manat sığorta ödənişi alır. Qəzaya qədər isə ümumi məbləği 1750 AZN olan mütəmadi sığorta ödənişləri etmişdi. Əldə edilmiş gəlir bütöv şəkildə vergidən azaddır.
- Fiziki şəxslərin istehsal etdiyi kənd təsərrüfatı məhsulları gəlir vergisindən azaddır.
Nümunə 5: Fiziki şəxs həyət quşlarının bəslənməsi və yetişdirilməsi ilə məşğuldur. Böyüdülmüş quşları malların alış aktı qəbul etməklə mağazalara satır. Kənd təsərrüfatı məhsulu olduğu üçün ondan ödəmə mənbəyində vergi tutulmur.
Növbəti il fiziki şəxs vergi uçotuna duraraq daha təşkilatlanmış formada sahibkarlıq fəaliyyəti ilə məşğul olur, ferma qurur. Quşların bəslənməsindən, diri şəkildə satışından əldə etdiyi gəlir yenə gəlir vergisindən azad ediləcəkdir.
İstər beynəlxalq, istər ölkə daxili müsabiqələrdə pul şəklində olmayan mükafatlar vergiyə cəlb olunmur. Yarışlarda, müsabiqələrdə əldə edimiş pul şəklində mükafatlara güzəşt aşağıdakı kimi tətbiq edilir:
- ölkə daxilində əldə edilmiş məbləğin 200 manatı;
- beynəlxalq yarışlarda əldə edilmiş məbləğin 4000 manatı.
- Fiziki şəxslərin istehsal etdiyi kənd təsərrüfatı məhsulları gəlir vergisindən azaddır.
Nümunə 6: Vətəndaş respublika müsabiqəsində qalib gələrək 1200 AZN pul mükafatı almışdır. Alınmış mükafata görə fiziki şəxsin vergiyə cəlb olunan gəliri 1000 (1200 – 200) AZN təşkil edəcəkdir.
- Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirinin və xərcinin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi;
Nümunə 7: Fərdi sahibkar Namiq qanunvericiliyin qoyduğu formada uçotunu aparır. Həm gəlirləri, həm xərcləri tam səliqəli formadadır. Satış dövriyyəsi 200 min manatı aşmır, işçi sayı da ortalama 5-6 nəfər arası dəyişir. Mikro sahibkarlıq subyekti sayıldığı üçün gəlir vergisinin hesabatını təqdim edərkən hesabat dövründə qazandığı 12000 AZN gəlirin yalnız 3000 manatından vergi hesablayacaqdır.
İşçinin ölümü ilə əlaqədər onun vərəsələrinə verilən təminatlar üzrə gəlir vergisinə edilən azadolma və güzəştlərlə buradan tanış ola bilərsiniz.